İsrail kəşfiyyatının HƏMAS liderlərinə qarşı sui-qəsd planı ortaya çıxdı - Türkiyə də hədəfdədir...
İsrail-HƏMAS münaqişəsi həftələrdir davam edir. HƏMAS-ı məhv etmədən müharibənin bitməyəcəyini bildirən İsrail prezidenti Netanyahunun son göstərişində Türkiyədəki Həmas liderlərinin öldürüləcəyi iddia edilib.
İsrailin daxili kəşfiyyat xidmətinin rəhbəri Ronan Bar isə, İsrail dövlət televiziyası Kann-da "Qətər və Türkiyədə HƏMAS-ın yüksək səviyyəli rəsmilərinə sui-qəsd edəcəyik" deyərək iddiaları təsdiqləyib.
Amerikanın “Wall Street Journal” qəzeti də sui-qəsd əmrinin birbaşa Netanyahu tərəfindən verildiyini iddia edib. O, İsrailin Fələstin hüdudlarından kənarda HƏMAS liderlərini bir-bir tapıb öldürmək üçün plan hazırladığını yazıb.
Qəzetin iddiasına görə, İsrail administrasiyası oktyabrın 7-də baş verən basqından sonra sui-qəsd planları hazırlayır. Mossad, Netanyahunun əmri ilə Livan, Türkiyə və Qətərdəki HƏMAS liderlərini hədəf almağa hazırlaşır.
Noyabrın 22-də çıxış edən Netanyahu, "Mossad-a HƏMAS liderləri harada olurlarsa olsunlar, onlara qarşı tədbir görməyi əmr etdim" demişdi. Həmin iclasda müdafiə naziri Yoav Gallant HƏMAS liderlərini “ölü adamlarla” müqayisə edib.
Digər tərəfdən, sui-qəsd planına qarşı çıxan Mossad-ın keçmiş rəhbəri Efraim Halevi, HƏMAS liderlərinin öldürülməsinin təhlükəni aradan qaldırmayacağını, əksinə, qisas hissi ilə təşkilata sədaqəti artıra biləcəyini bildirib.
"Wall Street Journal"ın məlumatına görə, İsrail İkinci Dünya Müharibəsindən bəri bütün dünyada 2700 sui-qəsd əməliyyatı həyata keçirib.
TAHİR