Delimitasiya ilə bağlı görüş Qazaxla sərhəddə keçiriləcək
Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında görüş noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək.
“Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə komissiya çərçivəsində görüş noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədinin Qazax və Karvansara (İcevan) hissəsində keçiriləcək”, - deyə Ermənistan baş nazirinin ofisindən “İnterfaks”a bildirilib.
Xatırladaq ki, noyabrın 21-də Ermənistanın Xarici İşlər Nazirliyindən Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatına cavab olaraq bildirib ki, İrəvan Bakı ilə danışıqlarda iştirak etməyə hazırdır.
Bəyanatda qeyd olunub ki, Ermənistan tərəfi Azərbaycanla münasibətlərin normallaşması, həmçinin, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün səylər göstərməkdə siyasi iradəsini təsdiqləyir.
Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu açıqlayıb.
TAHİR