Ölkəmizdə elektron siqaretlərlə bağlı dövlət standartı qəbul edildi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 941:2023 “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartını qəbul edib.
Dövlət Xidmətinin məlumatında deyilir ki, dövlət standartı elektron siqaret məhsullarına, onlarda istifadə edilən maddələrə və komponentlərə şamil edilir və bir sıra təhlükəsizlik və keyfiyyət tələblərini özündə əks etdirir. Belə ki, standart elektron siqaretlər üçün mayeyə, elektron siqaret cihazlarına, elektron siqaret məhsullarında istifadə edilən batareyalara, xammala, qablaşdırmaya olan tələbləri müəyyənləşdirir. Sənəddə həmçinin elektron siqaret məhsullarının tərkibində olmamalı olan maddələrin siyahısı da yer alıb.
Standartı “Toxum və əkin materialları, tütün və tütün məmulatları, qeyri-ənənəvi yem bitkilərinin qida məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTANDhttps://baki-xeber.com/TK 27) təqdim edib, o, hazırlanarkən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə rəsmi qaydada razılaşdırılıb.
Məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və yaxud əvəzsiz verilməsi, həmçinin onu 18 yaşa çatmamış şəxslərin istifadə etməsi qadağandır.
Mətləb