"Regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir" - Zakir Həsənov
Keçirdiyimiz görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir.
Trend xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 27-də Bakıda Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdən sonra keçirilən mətbaut konfransında deyib.
O bildirib ki, regiondan kənar ölkələrin bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdləri qəbuledilməzdir.
“Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsi regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də, beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdiddir.
Regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbuledilməz olduğunu söylədik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşü keçirilib. Görüşdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlər müzakirə edilib.