"Azparkinq" "ilk 15 dəqiqə pulsuzdur" deyir, ancaq sürücülərdən 20 qəpik tutulur...(?)
Fərid Həşimov: “Parkinqlə bağlı vətəndaşlara güzəşt olmalıdır”
“Azparkinq”də giriş-çıxışda göndərilən hər SMS-ə görə artıq 0.10 AZN ödəniş çıxılması ilə bağlı iddialar yayılıb. Bu barədə sosial şəbəkələrdə vətəndaşlar qeyd ediblər. Onların sözlərinə görə, 24 iyundan etibarən sözügedən SMS-lər pullu olub. Qeyd edilir ki, əvvəllər parkinqin ilk 15 dəqiqəsi tamamilə ödənişsiz idi, mesaj göndərildiyi halda belə həmin müddətdə heç bir pul çıxılmırdı: "Amma bu dəyişiklikdən sonra SMS bildirişi göndərildiyi an vətəndaşın kontur hesabından 10 qəpik silinir. Eyni proses çıxışda da aparılır və parkinqdən 15 dəqiqədən az belə istifadə edənlər ümumilikdə 0.20 AZN ödəniş etməlidirlər. 15 dəqiqəni keçdiyi halda avtomobillə parkinqə giriş və çıxış üçün göndərilən SMS-ə görə çıxılan pul isə ümumi parkinq pulunun üstünə gəlir".
“Parklanma ilə bağlı göndərilən SMS-ə görə vətəndaşdan pul çıxılması düzgün deyil”
Mövzu ilə bağlı fikir bildirən nəqliyyat eksperti Fərid Həşimov baki-xeber.com-a açıqlamasında bildirdi ki, SMS-lərin pullu olması mobil operatorlar tərəfindən tətbiq olunan komissiya haqqıdır. Parklanmaya görə komissiya haqqı tutulmur: “Bununla bağlı son günlər narazılıqlar artıb. Parklanma ilə bağlı göndərilən SMS-ə görə vətəndaşdan pul çıxılması düzgün deyil. Qeyd edim ki, burda AYNA-nın heç bir günahı yoxdur, bu, mobil operatorlar tərəfindən edilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, parklanma ilə bağlı narazılıqlar artır: “Bu məsələ elə şəkildə həll olunmalıdır ki, insanlar narazı qalmasın. Parkinqlə bağlı vətəndaşlara güzəşt olmalıdır. Əvvəllər ilk 15 dəqiqə pulsuz idi, yaxşı olar ki, güzəşt azı 30 dəqiqə olsun. Nəzərə almaq lazımdır ki, maşını saxlayandan hansısa bir yerə gedib-qayıtmaq heç 15 dəqiqə etmir. Azərbaycanda da beynəlxalq praktikaya uyğun olaraq məhz bu cür güzəştlər tətbiq olunsun. Bu güzəştlər, xüsusən də mütəmadi eyni parkinq ərazisindən istifadə edən vətəndaşlarımız üçün nəzərdə tutula bilər”.
Günel CƏLİLOVA