Şuşanın bəzi kəndləri Xocalıya verilir, Füzuli, Cəbrayıl və Laçının bu kəndləri ləğv edilir...
Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan bir sıra kəndlər Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək.
Bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində qeyd olunub.
Belə ki, Şuşanın Malıbəyli kənd inzibati dairəsi tərkibindəki Malıbəyli kəndinin, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndlərinin Xocalı ərazisinə daxil edilməsi nəzərdə tutulub.
Bundan başqa, Füzuli, Cəbrayıl və Laçının bir sıra kəndləri ləğv edilir. Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndlərinin, Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sancalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndinin və Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhknəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonunun inzibati ərazisinə veriləcək.
ZÜMRÜD