Kreml Bakının Fransaya qarşı siyasətini tam bəyəndi - Səbəblər var...
Ceyhun Məmmədov: “Fransa məhz Ermənistan vasitəsilə bölgəmizi münaqişə zonasına çevirməyə çalışır”
“Fransanın və digər Qərb vasitəçilərinin Cənubi Qafqazı geosiyasi qarşıdurma zonasına çevirmək cəhdləri haqlı olaraq regionda, xüsusən də Azərbaycan tərəfdə mənfi reaksiya doğurur”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Azərbaycan prezidenti İlham Əliyevin bir müddət əvvəl Fransanı Ermənistanı Cənubi Qafqazda yeni müharibəyə sövq etməkdə ittiham etməsi ilə bağlı deyib.
“Fransanın Azərbaycan tərəfindən bu cür sərt şəkildə qiymətləndirilməsi bizi heç də təəccübləndirmir”, - deyə diplomat qeyd edib, "Hesab edirəm ki, Bakı və bir sıra digər ölkələr Parisin işğalından yetərincə yorulublar. Biz dəfələrlə demişik və təsdiq etmişik ki, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədləri tamam başqadır”.
Görünən odur ki, Rusiya Azərbaycanın Fransaya qarşı apardığı siyasəti dəstəkləyir.
“Əfsuslar olsun ki, ABŞ-la Almaniya da bölgədə pozuculuqla məşğuldur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Ceyhun Məmmədov hesab edir ki, Fransa başda olmaqla, Qərb bu gün regionda təxribatla məşğul olur: “Bununla Cənubi Qafqazı konflikt zonasına çevirmək istəyirlər. Fransa hər vasitə ilə çalışır ki, regionda əlavə gərginlik yaransın və Azərbaycanın başı bu təxribatlardan ayılmasın. Bu gün Cənubi Qafqazda əslində qarşıdurma Qərblə Rusiya arasında gedir. İllərlə forpost statusunda çıxış edən Ermənistan əvvəl Rusiyanın maşası idisə, indi də Fransaya satılıb. Fransa məhz Ermənistan vasitəsilə bölgəmizi münaqişə zonasına çevirməyə çalışır. Fransa ilə yanaşı, əfsuslar olsun ki, ABŞ-la Almaniya da bölgədə pozuculuqla məşğuldular. Xüsusən də Fransanın davamlı olaraq Ermənistana dəstək verməsi bunu bir daha sübut edir. Yəni bu pozuculuq siyasəti sistemli şəkildə həyata keçirilir. Əslində bu, bölgəmizə yaxşı heç nə vəd etmir. Həmçinin Azərbaycanın müstəqil siyasət həyata keçirməsi Fransanı narahat edir. Məqsəd odur ki, Azərbaycan bölgədə Rusiyaya qarşı cəbhə açsın. Nə etsələr də Azərbaycan buna getməyəcək. Azərbaycan balanslaşdırılmış bir siyasət həyata keçirir. Ona görə də, Fransa başda olmaqla, bu siyasi oyunlara son qoyulmalıdır. Eyni zamanda, Ermənistan da regionda pozuculuq fəaliyyətinə son qoymalıdır. Əgər Qərb, Ermənistan düşünürsə ki, bu cür addımlarla regionda Azərbaycanın yaratdığı reallığı dəyişə bilərlər, yanılırlar. Onlar heç vaxt bunu edə bilməyəcəklər. Azərbaycan sona qədər öz məqsədinə çatmaq üçün bütün mümkün addımları atacaq. O baxımdan hesab edirəm ki, Fransanın həyata keçirdiyi təxribatlar heç bir nəticə verməyəcək. Fransa elə bilirdi ki, Ermənistanı silahlandırdıqdan sonra Azərbaycan geri çəkiləcək. Ancaq heç vaxt bu mümkün olmayacaq. Çünki həm Ermənistanın potensialı Azərbaycanla müqayisəolunmaz dərəcədə aşağıdır, həm də Türkiyə kimi güclü strateji müttəfiqimiz var”.
Vidadi ORDAHALLI