Bakıda TÜRKPA Şurasının 13-cü iclası keçirildi
İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclası keçirilib. TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş iclası açaraq Türk əməkdaşlıq qurumları arasında xüsusi yerə malik olan TÜRKPA-nın gündən-günə böyüməkdə və inkişaf etməkdə olduğunu deyib.
Sonra Numan Kurtulmuş TÜRKPA-da sədrliyi Milli Məclisin sədri Sahibə Qafarovaya təhvil verib. O, qarşıdakı dövrdə təşkilata sədrlik edəcək Azərbaycan tərəfinə uğurlar arzulayıb.
TÜRKPA-nın fəaliyyətdə olan sədrliyini qürur hissi ilə təhvil aldığını deyən Sahibə Qafarova Milli Məclisin qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsinə səy göstərəcəyini bildirib.
Vurğulanıb ki, Azərbaycan TÜRKPA-nın ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə verdiyi töhfələri yüksək qiymətləndirir. Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil etdiyini deyən Milli Məclisin sədri həm Şura iclasının, həm də plenar iclasın gündəliyinin kifayət qədər zəngin olduğunu diqqətə çatdırıb.
Parlamentin sədri Vətən müharibəsində 30 illik işğalın başa çatdığını və Azərbaycanın ərazi bütövlüyünü, ötən ilin sentyabrında isə suverenliyini bərpa etdiyini xatırladıb.
İclasda bir sıra təşkilati məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
ZÜMRÜD