2030-cu ilədək ənənəvi enerji sektorunda 40 faizə qədər iş yeri itiriləcək - "Boston Consulting Group" açıqladı
2030-cu ilədək ənənəvi enerji sektoru iş yerlərinin 30-40 faizini itirəcək. Trend xəbər verir ki, bu barədə "Boston Consulting Group"un idarəedici direktoru və tərəfdaşı, insanlar və təşkilat təcrübəsi üzrə lideri Matteo Radiçe 29-cu Bakı Enerji Forumu çərçivəsində "Uğurlu enerji keçidində insan kapitalının rolu" panel müzakirəsində deyib.
"2030-cu ilə qədər dünyada ənənəvi enerji mühüm dəyişikliklərə məruz qalacaq ki, bu da sahədə iş yerlərinin 30-40 faiz ixtisarına səbəb olacaq. "Yaşıl" enerjiyə keçid şəraitində müəyyən peşələrə tələbat necə dəyişəcək? Həmin dövr ərzində bərpa olunan enerji sektorunda təqribən eyni sayda - 25-30 faiz iş yeri açılacaq.
Bu, bütün bu sahələrə təsir göstərən irimiqyaslı transformasiyadır. Bu məlumatları konkret rəqəmlərə çevirsək, 2030-cu ilə qədər 7 milyon iş yerinin boş qalacağını görə bilərik. Bu rəqəm bütöv bir ölkənin və ya meqapolisin əhalisinin sayına bərabərdir", - o deyib.