USAİD-in, NED-in, AYREKS-in Azərbaycana bir faydası dəyirmi?..
Elşad Həsənov: “Reallıqda bu təşkilatlar Azərbaycanda elə bir iş görmədilər”
Məlum olduğu kimi, Azərbaycan 1991-ci ildə müstəqilllik əldə etdikdən sonra Qərbə bağlı bir sıra təsisatlar, fondlar ölkəmizdə fəaliyyət göstərməyə başlayıb. Müxtəlif siyasi dairələrə yaxın olan bu təsisatlar öz fəaliyyətlərini həmin dairələrin siyasi maraqlarına uyğun olaraq qurublar.
Əsasən insan haqlarının qorunması adı altında fəaliyyət göstərən bu təşkilatlar bir sıra hallarda xaricdən gələn sifarişləri həyata keçiriblər.
Zamanla həmin təsisatların bir qismi fəaliyyətini dayandıraraq ölkəni tərk edib. Görəndə ki, cəmiyyətdən dəstək ala bilmirlər, dayaqları zəifdir, bu zaman qanundan kənar vasitələrə əl atırlar. Bütövlükdə, USAİD, NED, AYREKS, Naumann Fondu kimi Qərb institutlarının Azərbaycandakı fəaliyyəti indiyə qədər faydalı, dövlətçilik və ictimai əhəmiyyətli nəticələr veribmi?
“Qərb bu təşkilatları yaradaraq onlar vasitəsilə özlərinin strateji hədəflərinə çatmaq üçün işlər aparır”
Sözügedən məsələyə aydınlıq gətirən siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bunu istisna etdi: “Bəli, Qərbin ölkəmizdə, ümumiyyətlə Cənubi Qafqazda və digər ölkələrdə bu kimi təşkilatları var. Qərb bu təşkilatları yaradaraq onlar vasitəsilə özlərinin strateji hədəflərinə çatmaq üçün işlər aparır. ABŞ USAİD, NED, AYREKS kimi təsisatlardan öz maraqları üçün istifadə edir. Təsadüfi deyil ki, 2022-2023-cü illərdə ABŞ bu təsisatlara 424 milyon dollar vəsait ayırıb. Həmin vəsait vətəndaş cəmiyyəti təsisatları ilə ABŞ-ın tərəfdaşlığını inkişaf etdirməsi yönündə yeni mexanizmlərin yaradılmasına xərclənir. Araşdırmaçı jurnalistlər, vətəndaş cəmiyyəti fəalları adı altında ayrı-ayrı dövlətlərə qarşı korrupsiya ittihamları irəli sürülür. Eyni zamanda, cəmiyyətlə hakimiyyət arasında müxtəlif ixtilaflar yaradılır. Bunların başında da USAİD rəhbəri Samanta Pauer dayanır. O, dəfələrlə Ermənistandan və digər ölkələrdən Azərbaycana yönəlik hədəyanlarla çıxış edir. Onun məqsədi Azərbaycanda sülh və sabitliyin, demokratiyanın inkişafı deyil, ölkədə vəziyyəti gərginləşdirmək olub. Bunların demokratiyaya heç bir dəxli yoxdur. Bunlar xüsusi qaranlıq fəaliyyətlərlə məşğul olurlar. Məsələn, Milli Demokratiya İnstitutu (NED) yarandığı gündən ABŞ-da Demokratlar Partiyasına yaxın bir təsisatdır. Əksər Demokratlar Partiyasından gələn təlimatları həyata keçirir. Bunlar müxtəlif QHT-ləri öz maraqlarını həyata keçirmək üçün maliyələşdirirlər. AYREKS beynəlxalq qeyri-kommersiya təşkilatı olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, müstəqil medianın gücləndirilməsi və plüralist vətəndaş cəmiyyətinin inkişafı məqsədi ilə liderlik, innovativ layihələr həyata keçirir. Almaniyanın Naumann Fondu 19 il Azərbaycanda fəaliyyət göstərib. Bunların fəaliyyəti guya demokratiyanın liberal dəyərləri və siyasətin inkişafına həsr olunub. Ancaq reallıqda bu təşkilatlar Azərbaycanda elə bir iş görmədilər. Bizim ərazilərimiz 30 il işğal altında qaldı, məcburi köçkünlər olmazın iztirablar çəkdilər. Bir dəfə olsun bu təşkilatlar məcburi köçkünlərin pozulan hüquqlarını gündəmə gətirmədilər. Qarabağı öz xoşu ilə tərk edən ermənilər üçün özünü yırtan bu təşkilatların demokratiyadan danışmağa haqqı yoxdur. Qərb heç vaxt pulu bu təşkilatlara havayı vermir. Onların konkret hədəfləri var. Məqsədləri Qərbin dəyərlərini başqa ölkələrə sıramaq, orada bəlli maraqları təmin etməkdir. Elə bunun nəticəsidir ki, bir sıra ölkələrdə sosial fəsadlar yaranır”.
Vidadi ORDAHALLI