Ermənilər lavaşı, paxlavanı da mənimsədilər - fakta baxın...
Mehman Hüseynov: “Erməninin özünün mətbəxi olmayıb, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil iqlimdir”
Zəngin Azərbaycan mətbəxi əsrlərdir öz unikallığı ilə diqqəti cəlb edir. Tarixdən məlumdur ki, milli mətbəximizin çeşidli yeməklərini, şirniyyatlarını dadan səyyahlar, tacirlər sonradan bu barədə yazıblar.
Qeyd edək ki Azərbaycan mətbəxi dünyanın qədim, zəngin və dadlı mətbəxlərindən biridir və milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Kulinariya tarixini araşdıranlar qeyd edir ki, Azərbaycan milli mətbəxi mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.
Spesifik mətbəx mədəniyyəti ilə seçilən Azərbaycan xalqı elə xörək növləri, şirniyyat çeşidləri yaradıb ki, dünyada onların oxşarı yoxdur. Azərbaycan mətbəxinin ənənəvi yeməkləri, şirniyyatları bu gün ölkəmizə gələn turistlərin, iş adamlarının, diplomatların hədsiz dərəcədə xoşuna gəlir. Bu gün müxtəlif tədbirlər çərçivəsində ölkəmizdə və ölkəmizdən kənarda milli mətbəximizin tanıtımı, təbliği həyata keçirilməkdədir. Bu fakt olsa da, bədnam qonşularımız olan ermənilər uzun illərdir mili mətbəximizin bir sıra xörək və şirniyyat növlərini öz adlarına çıxmaqda davam edirlər. Onlar nəinki tədbirlər çərçivəsində, hətta dünyanın müxtəlif ölkələrinin televiziyalarında gedən kulinariya proqramlarında Azərbaycan mətbəxinə xas xörək və şirniyyatları öz adları ilə təqdim etməkdən çəkinmirlər. Hətta beynəlxalq kulinariya festivallarına da ermənilər bizim xörəklərimizlə çıxırlar.
Bu günlərdə Vyetnamda yerləşən restoranlardan birində menyuda sıralanan Azərbaycan və Türkiyə yeməkləri ermənilərə aid edilib. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb. Görüntülərdə kabab, lavaş, paxlava və digər təamların adları qarşısında "armenian" yazılıb.
“Onlar yüz də “dolma, plov, paxlava, piti bizim yeməkdir, lavaşı biz icad etmişik” - deyə iddia etsinlər, bunun əsası yoxdur”
Mövzu ilə bağlı fikir bildirən kulinar Mehman Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ermənilər hər zaman oğru olub, başqasının malına göz dikib: “Onlar bizim torpağımıza göz dikdilər, lazımi cavablarını da aldılar. Həyasız millət tək torpağımıza deyil, mədəniyyətimizə, musiqimizə və mətbəximizə də göz dikir. Onlar yüz də “dolma, plov, paxlava, piti bizim yeməkdir, lavaşı biz icad etmişik” - deyə iddia etsinlər. Bunun əsası yoxdur. Gün gələcək, onlardan soruşacaqlar ki, siz Azərbaycan ərazilərinə dünən köçürülmüsünüz, belə zəngin mətbəxiniz necə ola bilər ki? Sən köklü bir xalqın qoltuğuna sığınmısan, sonra da deyirsən onun mədəniyyəti də, mətbəxi də, torpaqları da mənimdir. Erməninin özünün mətbəxi olmayıb. Ümumiyyətlə, mətbəxin yaradılmasına və inkişafına təsir göstərən ən mühüm amil iqlimdir. Azərbaycan Respublikasının ərazisindən doqquz iqlim zonası keçir ki, bu da, öz növbəsində, bu regionun flora və faunasının növ müxtəlifliyini və zənginliyini şərtləndirir. Bütün heyvanların və bitkilərin yaşayışı və inkişafı üçün əlverişli şərait yaradır. Bunlar isə zəngin mətbəx yaradılması üçün əsas baza sayılır. Zəngin mətbəx yaradılması üçün vəhşi heyvanlardan, quşlardan, balıqlardan və bitkilərdən istifadə ilə yanaşı, cəmiyyətin sonrakı inkişaf dövrlərində kənd təsərrüfatı məhsullarının istehsalı da tələb olunur. Bunun üçün əhali yüksək əkinçilik və heyvandarlıq mədəniyyətinə malik olmalıdır. Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin, tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, Heydər Əliyev Fondu, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor qurumları müxtəlif tədbirlər, bayramlar çərçivəsində milli mətbəximizi dünya xalqlarına təqdim etməklə, erməni yalanını ifşa edir.
Günel CƏLİLOVA