Sahibkarların 70 faizi Bakıda cəmləşib - region iqtisadiyyatları hara gedir...
Vüqar Bayramov: “Ölkədə əsas inkişaf etmiş sahə enerji sahəsidir ki, o da Bakı və Abşeron yarmadasında yerləşir”
Bu ilin ilk rübünün yekununda Azərbaycanda 782 iri sahibkarlıq subyekti mövcud olub. İri sahibkarlıq subyektlərinin 78,8%-i və ya 616-sı Bakı şəhərinin payına düşüb.
Məlumat üçün bildirək ki, ölkədə mövcud olan orta sahibkarlıq subyektlərinin 65,8%-i və ya 2 min 363-ü, kiçik sahibkarlıq subyektlərinin 69,8%-i və ya 6 min 782-si, mikro sahibkarlıq subyektlərinin isə 68,3%-i və ya 115 min 842-si paytaxt Bakıda qeydiyyata alınıb. Ancaq sahibkalıq subyektlərindən fərqli olaraq, fərdi sahibkarların daha az hissəsi – 26,6%-i və ya 356 min 500-ü Bakının payına düşüb.
Burada qəribə olan məqam odur ki, ərazilərimiz 4 ilə yaxındır işğaldan azad edilsə də, böyük bərpa-quruculuq işləri həyata keçirilsə də, yenə də sahibkarlıq subyektlərinin bütün növlərinin çoxu Bakıda cəmləşib. Bu sahədə nisbət dəyişmir. Niyə?
“Gözlənilir ki, həyata keçirilən layihələr, görülən işlər mərhələli şəkildə öz bəhrəsini verəcək və fərq azalacaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramov bunu bir sıra amillərlə əlaqələndirdi: “Bütövlükdə biznesin, sahibkarlıq subyektlərinin Bakıda cəmləşməsinin bir neçə səbəbləri var. Əvvəla, Bakı paytaxtdır. Paytaxt olduğuna görə biznesin daha çox Bakıda cəmləşməsi müşahidə olunur. Digər tərəfdən isə, Azərbaycanda əsas inkişaf etmiş sahə enerji sahəsidir. O da Bakı və Abşeron yarmadasında yerləşir. Söhbət neft və qaz hasilatının yerləşdiyi ərazilərdən gedir. Bütün bunlar nəticə etibarı ilə ümumi iqtisadi göstəricilərdə Bakının payının yüksək olmasına gətirib çıxarıb. Başqa bir vacib məqamlardan biri, sözsüz, paytaxtla regionlar arasındakı fərqin azaldılması ilə bağlı işlərin sürətləndirilməsidir. Bu da mərhələli və zaman alan bir prosesdir. Təbii, məqsəd də ondan ibarətdir ki, növbəti dövrlərdə paytaxtla bölgələr arasındakı iqtisadi fərq minimuma ensin. Görünən odur ki, bu istiqamətdə işlər gedir. Gözlənilir ki, həyata keçirilən layihələr, görülən işlər mərhələli şəkildə öz bəhrəsini verəcək və fərq azalacaq. Ancaq bütün hallarda regionların ümumi biznesdə, eləcə də mikro sahibkarların sayında və bütövlükdə sahibkarlıq portfelində sayının artması mərhələli şəkildə həyata keçiriləcək bir prosesdir. Hesab edirəm ki, bu yöndə səyləri daha da artırmaq lazımdır”.
Vidadi ORDAHALLI