Makronun yeni müsibəti - radikal müxalif partiyadan olan baş nazirlə işləməli olacaq...
Elşən Həsənov: “Belə olacağı təqdirdə dövləti müxalifətlə birgə idarə etmək asan olmayacaq”
İlkin məlumatlara görə, Fransada parlament seçkilərinin birinci turunda liderlik edən sağçı Milli Birlik Partiyasının lideri Cordan Bardella Nazirlər Kabinetinə rəhbərlik etmək niyyətini təsdiqləyib və iyulun 7-də seçkilərin ikinci turunda partiyasını dəstəkləməyə çağırıb.
Fransada parlament seçkilərinin birinci turundan sonra Emmanuel Makron bütün qüvvələri ifrat sağçıların qarşısının alınmasına səfərbər etmək və ya öz hərəkatından qalanı xilas etməyə çalışmaq kimi son dərəcə ağrılı seçim qarşısında qalıb.
Bir sözlə, bazar günü keçirilən parlament seçkilərinin birinci turu Fransanın 46 yaşlı lideri üçün ağır oldu.
Radikal partiyanın rəhbəri baş nazir olarsa, bu, Makron üçün nə vəd edir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Makron iyun ayında Avropa Parlamentinə keçirilən seçkilərdə ultrasağçıların qarşısında uğradığı fəlakətli məğlubiyyətdən sonra növbədənkənar seçkiləri məhz Fransanın ifrata sürüklənməsi prosesini dayandırmaq məqsədilə çağırıb. Lakin o, tamamilə əks nəticə əldə etdi.
Səsvermənin birinci turundan sonra Marin Le Penin “Milli birlik” partiyası liderlik edir. Əgər iyulun 7-nə planlaşdırılan ikinci turda “Milli birlik” parlament çoxluğunu qazansa, o zaman ölkəni Avropa İttifaqına parçalamaq, miqrasiyaya qarşı müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə ad çıxarmış siyasətçilər idarə edəcək.
Bundan əvvəl Makron bəyan edib ki, seçkilərin nəticəsindən asılı olmayaraq, prezident vəzifəsindən istefa vermək niyyətində deyil və 2027-ci ildə səlahiyyət müddəti başa çatana qədər vəzifəsində qalacaq. Belə olacağı təqdirdə dövləti müxalifətlə birgə idarə etmək asan olmayacaq.
Makronun hakimiyyətə gəlişindən sonra Fransanın xarici siyasəti özünün uğursuz dövrünü yaşayır. Ona görə də fransızlar Makronu cəzalandırdı. Ölkə istisadiyyatı çöküb. Müstəmləkə altında saxladığı ərazilərdə müstəqillik uğrunda mübarizələr başlayıb. Bu səbəbdən müxalifət onun üzərində parlaq qələbə çalmağı bacardı”.
Məhəmmədəli QƏRİBLİ