Polisimizin 106 yaşı oldu - Çətin əməyinizin dəyəri ölçüyə gəlməz...
Əziz həmvətənlər!
2 iyulda Azərbaycan Polisinin peşə bayramı qeyd olunur.
Sabitlik olan yerdə uğur və inkişaf olur - deyirlər.
2024-cü ilin noyabr ayının ilk dekadasında Bakının Olimpiya stadionunda ev sahibliyi edəcəyi COP29 rezonans doğuracaq dünya əhəmiyyətli bir tədbirdir.
80 mindən çox əcnəbi qonağın bu tədbirdə iştirak etməsi, ilk öncə ölkədəki davamlı sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasının əyani sübutudur.
Sabitlik olmasaydı Qərb və Avropa, daha çox ABŞ bu beynəlxalq tədbirin Bakıda keçirilməsinə əsla razılıq verilməzdi. Burada Azərbaycan polisinin narahat gecələrinin ölçüyə gəlməz payı və danılmaz rolu var!
Milyonlarla vətəndaşların təhlükəsizliyinin təmini, insan hüquq və azadlıqlarının qorunması Daxili İşlər Orqanları əməkdaşlarının səyi nəticəsində baş verir.
Bu mənada, əziz həmvətənlər!
2 iyul 2024-cü ildə Azərbaycan polisinin 106 yaşı tamam olur.
Təqvimin bu xoş günü - polislərin peşə bayramı münasibətilə hər kəsi təbrik edir, özünəxas xidmət sahiblərinə çətin bir missiyanın əzm və fədakarlıqla yerinə yetirməsində uğurlar diləyir, müqəddəs fəaliyyətlərindən məmnunluğumuzu ifadə edirik.
Cinayətkarlıqla mübarizə hər bir polis əməkdaşının özünə və etibar edilən vəzifə funksiyalarına inamın, xalqımızın əsrlər boyu sadiq qaldığı milli-mənəvi dəyərlərin cani-dildən qorunmasının bariz təzahürüdür.
Əziz polislər!
Tanrı müqəddəs xidmətinizi Öz nuru ilə aydınlığa qərq etsin, çətinliklər və təhlükələr sizlərdən uzaq olsun!
Həyatınız uğurlu, rifahınız yüksək olsun!
Ümumi rahatlığa və əmin-amanlığa, davamlı sabitliyə qarşı ola biləcək maneələrə qarşı həmişə olduğu kimi barışmaz və sərt olun, günün qəhrəmanına çevrilin! Zatən Siz Qəhrəmansınız! Əlamətdar və bayram, habelə istirahət günlərində öz rahatlığını xalqın əmniyyətinə yalnız qəhrəmanlar qurban verə bilər!
Məvacibiniz digər hüquq-mühafizə orqanları əməkdaşlarının məvacibindən iki dəfə, seçdiyiniz millət vəkillərinin əmək haqqından üç dəfə az olsa da, səbr edin. Haqq nazilər, amma üzülməz.
Müvəffəqiyyətə doğru uzanan mürəkkəb fəaliyyətinizə Allahın əzəmət və qüdrətini təcəlla edən Günəş şəfəq saçsın, göydəki ulduzlar çiyninizdə daşıdığınız zərli paqonları bəzəsin.
Cəmiyyətin təhlükəsizliyini təmin edən çətin əməyinizin dəyəri ölçüyə gəlməz. Sizi də, bayram gecələrində süfrə ətrafında gözləyənlər, sevənlər var .
Ailənizə layiqli həyat səviyyəsi, rifah halının yaxşılaşmasını arzulayırıq.
Yüksək xidmətinizə görə hər birinizə dərin və kübar təşəkkürlər ərməğan edirik!
Tanrı sadə sayılmayan xidmətinizdə hər birinizə uğurlar bəxş etsin, əməyinizi dərəcəyə çatdırsın! Qoy, Sizi sevsinlər, əzizləsinlər!
Xalqımızın təhlükəsiz keçən hər günü məsuliyyət hissinizdən asılıdır!
Sizinlə qürur duyuruq!
"Polisə dəstək" İctimai Birliyinin kollektivi adından,
Şəmsəddin Əliyev