Azərbaycanda bu sektorda ilk özəl bizneslər qurulacaq...
Xalid Kərimli: “Məişət tullantılarının daşınması qiymətində tənzimlənməyə ehtiyac var idi”
Azərbaycanda bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin qiyməti tənzimlənib. Bu barədə Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında qərar verilib. Belə ki, tullantıların daşınması əhali üzrə 1 nəfərin aylıq xərci cəmi 70 qəpik olacaq.
Qeyd edək ki, bu sahədə tariflər sonuncu dəfə 13 il əvvəl - Tarif Şurasının 24.11.2011-ci il tarixli qərarı ilə müəyyən olunmuşdu. Bu 13 il ərzində ölkədə tullantıların yığılması, daşınması üçün nəqliyyat vasitələri yenilənib, şəhər və qəsəbələrdə tullantıların saxlanılması və çeşidlənməsi üçün konteynerlər yerləşdirilib. Bu illər ərzində məişət tullantılarının yığılması ilə bağlı qiymət aşağı olduğu üçün özəl sektor bu sahəyə elə maraq göstərmirdi.
“Qiymət dəyişikliyi özəl sektorun bu sahəyə cəlb olunmasına səbəb olacaq”
Məişət tullantılarının daşınması ilə bağlı qiymət dəyişikliyi nəticəsində özəl sektorun bu sahəyə maraq göstərəcəyinin əhəmiyyəti haqqında danışan iqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bunları dedi: “Məişət tullantılarının daşınması qiymətində tənzimlənməyə ehtiyac var idi. 13 il ərzində həm əhalinin gəliri dəyişib, həm də zibil daşıyan nəqliyyat vasitələrinin xərci artıb. Həmin avtomobillərin xərci ildən-ilə artıb, işçilərin əmək haqqı və digər xidmətlərin də qiyməti 13 il öncə ilə eyni deyil. Qərarın özündə bildirilir ki, qiymət həddindən artıq ucuz olanda özəl sektor bu sahədə iştirak etmək istəmir, işdə qalır dövlətin boynunda. Özəl sektor gəlirini düşündüyü üçün belə bir sahəyə maraq göstərmir. Onu da nəzərə almaq lazımdır ki, hər bir yükün öz dəyəri var. Vətəndaş nəzərə almalıdır ki, tullanan məişət və ya bərk tullantıların daşınma xərci var. Bu işin rentabelli olmasına ehtiyac var”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu sahədə özəl sektorun iştirakı üçün əlverişli şərait yaradılmalıdır: “Zənnimcə, qiymət dəyişikliyi özəl sektorun bu sahəyə cəlb olunmasına səbəb olacaq”.
Günel CƏLİLOVA