Oğuzda şəlaləyə baxmağı da pullu etdilər...
Oğuz rayonundakı Xalxal şəlaləsinə baxmaq, şəlalənin yaxınlığında şəkil çəkdirmək istəyən turistlərdən ödəniş tələb olunur. Rayonun Xalxal kəndində olan şəlaləyə yaxınlaşmaq üçün olan körpüdən keçmək ödənişlidir.
Şəlaləyə yaxınlaşmaq və şəkil çəkdirmək üçün adambaşına 1 manat ödəniş tələb olunur. Ancaq qanunla şəlalə, göl, ümumiyyətlə bu tip məkanlara giriş pulsuz olmalıdır.
Elxan Əliyev: “Xalxaldakı istirahət mərkəzi özəlləşdirilibsə, orada müvafiq ödənişlərin tələbi mümkün ola bilər”
Sosial sahə üzrə ekspert Elxan Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Xalxaldakı istirahət mərkəzi özəlləşdirilibsə, orada müvafiq ödənişlərin tələbi mümkün ola bilər: "Lakin ərazidə özəlləşdirmə yoxdursa, hansısa bələdiyyəyə və nazirliyə məxsusdursa, bu zaman xidmətin pullu olması düzgün hal deyil. Hər bir halda ödənişin tələbi və ya girişin qadağan edilməsi yolverilməzdir. Şəlaləyə baxmaq üçün vəsaitin tələbi düzgün deyil. Ərazi özəl mülkiyyətdir və sahibkar müəyyən şərait yaradıbsa, xidmət haqqı olaraq öz gəlirini götürə bilər. Ümumiyyətlə, son illər bu kimi hallar tez-tez yaşanır. İstənilən bölgədə şəlaləyə, çaya və ya hansısa mənzərəli yerə baxmaq, şəkil çəkdirmək üçün ödəniş tələb edilir. Bu, turizmin inkişafı baxımından düzgün deyil. Yerli və ya xarici turist bu mənzərəni görüb bir daha həmin yerə getməyəcək. Özəlləşdirilsə belə, sahibkar qazanc əldə etmək istəyirsə həmin yerdə xudmani və ya ərazidən asılı olaraq iaşə obyekti aça bilər. Beləliklə, şəlaləyə baxan turist həmin məkanda əyləşib sahibkara qazanc verə bilər. Ancaq şəlaləyə baxmaq üçün vətəndaşdan ödəniş tələb etmək etik baxımdan düzgün deyil”.
Oğuz RİH: “Həmin ərazi icarəyə verilib və sahibkar orada kommersiya fəaliyyəti ilə məşğuldur”
Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən “Bakı-Xəbər”ə bildirildi ki, həmin ərazi icarəyə verilib və sahibkar orada kommersiya fəaliyyəti ilə məşğuldur:"Bizim o məsələlərə hər hansı bir müdaxiləmiz ola bilməz".
Günel CƏLİLOVA