Müəllimlərin sertifikasiyası, direktorların və müəllimlərin işə qəbulu Dövlət Agentliyinə tapşırıldı...
Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyasını Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Bu barədə açıqlama verən agentliyin direktoru Eşqi Bağırov bildirib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi müvafiq sahələrdə Elm və Təhsil Nazirliyinin əsas icra strukturu kimi fəaliyyət göstərəcək:
“Nazirliyin bir sıra icra funksiyaları əks-mərkəzləşdirmə prinsipinə uyğun olaraq, bəlli qaydada, agentliyə ötürüləcək. Məsələn, məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələri, uşaq gənclər inkişaf mərkəzləri, internat tipli müəssisələrin əlaqələndirilməsi, idarə olunması və təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarəti agentlik olaraq biz həyata keçirəcəyik. Vətəndaş müraciətlərinin araşdırılması və baxılması da agentliyin işidir. Həmçinin uşaqların və şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə dövlət nəzarəti bizim vəzifəmizdir. Bağça və ümumtəhsil məktəblərinə inzibati və pedaqoji heyətin – direktorların və müəllimlərin qəbulu və yerdəyişməsi, o cümlədən müəllimlərin sertifikasiyası da bundan sonra agentliyin fəaliyyət dairəsinə daxildir”.
ZÜMRÜD