Şərqdə və Avropada Azərbaycanın siyasətini asanlaşdıran tək amil…
Elşən Mustafayev: “Milli maraqlara söykənən siyasətimiz Azərbaycanın dünyada dostlarının da sayını artırıb”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik: “Bu yerləşmə bizi narahat etmir”.
Dövlət başçısı fikrini belə əsaslandırıb: “Çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın – Avropa və İslam sivilizasiyalarının dəyərlərini böyük dərəcədə qəbul edib”.
Azərbaycan xarici siyasətinin bu prinsipi nə kimi sabit uğur perspektivləri vəd edir?
Siyasi şərhçi Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın geosiyasi mövqeyi həm Qərb, həm də Şərqlə əlaqələr üçün əlverişli şərait yaradır: “Azərbaycan artıq nəinki regional, həm də beynəlxalq siyasi oyunçulardan biridir. Belə olan halda, sözsüz ki, bütün dövlətlər rəsmi Bakı ilə əlaqələrə xüsusi önəm verməyə çalışırlar. Əgər Qərb ölkələri ilə tərəfdaşlığımız daha çox neft-qaz ixracı üzərində qurulubsa, Şərq dünyası ilə Bakı arasında həm də dil, din, mentalilet yaxınlığı var. Mərkəzi Asiyada yerləşən Özbəkistan, Qazaxıstan, Qırğızıstan həm də Türk Dövlətləri Təşkilatına daxildir. Bu məqam əlaqələrimizin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursu, bütün istiqamətlərdə olduğu kimi, Qərb və Şərqlə münasibətlərimizdə də özünü göstərir. Bu, təkcə iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahəsinə deyil, həm də təhlükəsizlik və siyasi dialoqun inkişafına aiddir.
Azərbaycan Qərblə Şərq arasında balanslaşdırılmış xarici siyasət yeridən nadir dövlətlərdəndir.
Beləliklə, Azərbaycan Qərb və Şərq dövlətləri arasında balanslı siyasət yeritməklə öz xarici siyasət kursunda əməkdaşlığın, dostluğun və tolerantlığın əsas prinsiplər olduğunu nümayiş etdirir. Bunun nəticəsində Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır.
Bütövlükdə milli maraqlara söykənən siyasətimiz Azərbaycanın dünyada dostlarının da sayını artırıb. Bu siyasət sayəsində Azərbaycan heç bir siyasi avantüralara qoşulmur, milli maraqlara zidd olan proseslərdə iştirak etmir. Bu isə Azərbaycana olan rəğbəti artırır. Bu gün Azərbaycan sözün həqiqi mənasında təkcə regionun lideri deyil, eyni zamanda, dünyada beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verən ölkə imicinə malikdir”.
Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında deyib ki, balanslaşdırılmış siyasət ifadəsinin özü bir çox hallarda tam reallığı əks etdirmir. Yəni biz müxtəlif güc mərkəzləri arasında manevr etmək, balans saxlamağa məcbur deyilik. Bizim üçün hər şeydən öncə milli maraqlar, milli mənafe, xalqımızın istək və arzularıdır.
Bu da nəticə etibarı ilə Azərbaycanı daha da gücləndirir. Bu konteksdə ölkə başçısı, məhz milli maraqlardan çıxış edərək, Azərbaycanın həm ikitərəfli, həm üçtərəfli, həm də çoxtərəfli münasibətlər formatının formalaşdığına diqqət ayırır.
Məhəmmədəli QƏRİBLİ