İran hər an İsraili vura bilər - ABŞ ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi...
Qəzzada hərbi əməliyyat keçirən İsrail ordusu ötən bazar ertəsi Suriyada bölgəni xaosa sürükləyən hücum həyata keçirib. İranın Dəməşqdəki konsulluğuna hücumda 2-si general olmaqla, ümumilikdə 7 İran əsgəri öldürülüb.
İsrailin hücumundan sonra İran qısas alacağını bəyan edib Britaniyanın "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ regionda yüksək hazırlıq vəziyyətindədir və İranın hücum ehtimalına hazırlaşır.
ABŞ-ın NBC News telekanalı isə iki ABŞ rəsmisinə istinadən Vaşinqton administrasiyasının İranın cavab olaraq İsrail daxilindəki hədəfləri vuracağından narahat olduğunu bildirib. Rəsmilər bildiriblər ki, İsrail daxilində hücumun mülki şəxslərdən çox hərbi və ya kəşfiyyat hədəflərinə yönələcəyi gözlənilir. Rəsmilər həmçinin Vaşinqton administrasiyasının İranın mümkün cavab tədbirinə reaksiyasını qiymətləndirməyə başladığını bildirib və ABŞ ordusunun hazırda regionda yüksək döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayıb.
ABŞ-ın CNN İnternational telekanalı da ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən xəbər verib ki, İran İsrailin hücumuna cavab olaraq bölgədəki İsrail və ya ABŞ bazalarını hədəf alacaq "əhəmiyyətli" hücuma fəal şəkildə hazırlaşır.
Tahir TAĞIYEV