Mətbuat Şurasında türkiyəli media təmsilçiləri ilə görüş keçirilib - FOTO
Mətbuat Şurasında Anadolu Qəzetçilər Federasiyasının ölkəmizdə səfərdə olan təmsilçiləri – Ömər Aydoğanla, Cennet Yuzər Cankılıcla, Yüksel Baysalla və Necati Kartalla görüş keçirilib.
MŞ sədri Rəşad Məcid qonaqları salamlayaraq Azərbaycanın və Türkiyənin media qurumları arasındakı əlaqələrin intensivliyindən məmnunluğunu bildirib. O, deyib ki, hazırkı yüksək səviyyəli təmaslar hər iki ölkənin müştərək dostluq və qardaşlıq platformasındakı təmsilçiliyinin ruhuna adekvatdır.
Şuranın İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin, Bayraqdar Media-nın baş redaktoru Azər Həsrətin, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgərin, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərlinin, qurumun Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızının qatıldığı görüş qarşılıqlı fikir mübadilələri şəraitində keçib.
Bildirilib ki, Azərbaycan və Türkiyə arasında media əlaqələrinin daha da güclənməsi günün aktual tələbidir. Görüşdə bu amilin əsaslandırılması baxımından fikir və təkliflər səsləndirilib, eyni zamanda, MŞ ilə Anadolu Qəzetçilər Federasiyasının mümkün birgə fəaliyyət istiqamətlərinə nəzər salınıb.