Dünya Bankı Orta Dəhlizin böyük gələcəyinə şübhə toxumları səpir...
Firdovsi Şahbazov: “Orta Dəhliz üzərindən daşımalar artıqca, onun dünya iqtisadiyyatında rolu yüksələcək”
Dünya Bankı “Orta Ticarət və Nəqliyyat Dəhlizi: 2030-cu ilədək daşımaların həcmini üç dəfə artırmaq və müddətini yarıbayarı azaltmaq üçün gərəkli siyasət və sərmayələr” adlı hesabatını dərc edib. Hesabatda bir sıra məsələlərə toxunulub.
O cümlədən, hesabatda Orta Dəhliz layihəsinin inkişafına dair gələcək addımlardan söz açılır. Dünya Bankı Orta Dəhlizlə bağlı araşdırmasında bu nəticəyə gəlib ki, 2030-cu ilədək Orta Dəhlizlə daşınacaq yük həcmi üç dəfə artsa da, bura, əsasən, regional dəhliz olaraq qalacaq və qitələrarası ticarətin çox kiçik bir hissəsi bu yolun payına düşəcək. Yəni layihənin regional dəhliz olmaqdan daha yüksək səviyyəyə qalxması gözlənilmir.
Nəzərə alsaq ki, Azərbaycan tərəfi Orta Dəhlizin inkişafı ilə bağlı sistemli işlər görür, bura sərmayələr yatırır, o zaman Dünya Bankının Orta Dəhlizin regional dəhlizdən o tərəfə keçə bilməyəcəyi proqnozunun əsası varmı?
“Nəticədə dəhliz yalnız regional müstəvidə əhəmiyyətə malik olmayacaq...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazov hesab edir ki, Orta Dəhlizi ancaq regional əhəmiyyətli bir layihə kimi dəyərləndirmək doğru proqnoz deyil: “Əvvəla, indiki geosiyasi gərginliklər fonunda Avrasiya məkanından keçən bir sıra nəqliyyat marşrutları üçün ciddi problemlər yaranıb. Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarında təhlükəli vəziyyət ciddi narahatlıq doğurub. Buna görə də beynəlxalq Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas marşrutlarının kəsişmə qovşaqlarında yerləşən Azərbaycanın logistika baxımından önəmi daha da artıb. Azərbaycan üzərindən keçən Orta Dəhlizə (Xəzər dənizi və Azərbaycandan keçən Şərq-Qərb nəqliyyat yolu) maraq güclənib. Bu marşrutun səmərəliliyinin daha da artırılması isə qarşıya mühüm vəzifə kimi qoyulub. Bunun üçün də, nəinki Azərbaycan, Qazaxıstan və Gürcüstan da müvafiq tədbirlər görür. Dəhlizin funksionallığının genişləndirilməsi istiqamətində birgə məsləhətləşmələr aparılır. Dəhlizin keçdiyi ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq var. Bunun vahid formada koordinasiyası mexanizminin yaradılması üzərində işlənilir. Bunun bariz nümunəsi Orta Dəhlizdə konteyner daşımaları üçün rəqəmsal platformalar yaradılmasıdır. Rəqəmsal platformalar sayəsində prosedurlar əhəmiyyətli dərəcədə sadələşəcək ki, nəticədə daşımalarda yubanmalar olmayacaq. Bu da son nəticədə daha çox ölkənin Orta Dəhlizdən istifadə etməsinə gətirib çıxaracaq. Husilərin Qırmızı dənizdə yaratdığı təhdidlər səbəbindən ən azı 3000-ə yaxın gəmi Afrikanın cənub ucunda Ümid burnu vasitəsilə daha uzun marşrut üzrə yönləndirilib. Bu da Asiya ilə Avropa arasında səyahət müddətini təxminən 10 gün uzadır ki, nəticədə daşıma və sığorta xərcləri də artır. Yəmənin bombalanması, Qəzzada baş verənlər və digər problemlərlə əlaqədar Suveyş kanalının əvvəlki vəziyyətə qayıdacağı güman olunmur. O üzdən, Orta Dəhliz üzərindən daşımalar artıqca, onun dünya iqtisadiyyatında rolu yüksələcək. Nəticədə Orta Dəhliz yalnız regional müstəvidə əhəmiyyətə malik olmayacaq”.
Vidadi ORDAHALLI