Ermənistan mina xəritələrinin məsuliyyətini qondarma "Arsax məmurlarının" üstünə atır...
Mətin Məmmədli: “Ermənistan hökumətinin qeyru-dəqiq çıxan xəritələrə görə məsuliyyətdən qaçmaq cəhdi qəbul edilə bilməz”
Bildiyimiz kimi, bu günlərdə Ermənistan tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib.
“Kəlbəcər rayonunun Murov dağ silsiləsi ətrafındakı minalanmış əraziləri əhatə edən məlumatlar əvvəlki kimi qeyri-dəqiq, etibarsız və natamamdır”.
Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, Ermənistan tərəfi növbəti dəfə Azərbaycana qeyri-dəqiq mina sahələrinin qeydlərini təqdim edib.
Ermənistan XİN-dən mətbuata bildirib ki, etibarsız, qeyri-dəqiq, natamam xəritələr Qarabağdan olan, yəni "Arsax Respublikasının" "məmurlarından" alınmış informasiyalar əsasında tərtib olunub. Ermənistan dövləti, hökuməti tərəfindən keçmiş “Arsax məmurlarından alınmış informasiyalar” fikrinin ortaya atılması Azərbaycan ərazisində minaların basdırılmasında Ermənistanın məsuliyyətinin ört-basdır edilməsi cəhdidir. Deyirlər ki, biz etməmişik, bunu məhv edilmiş qondarma "Arsax”ın qondarma "məmurları” ediblər, məlumatları onlardan almışıq. Ermənistan həm minaların basdırılmasına görə məsuliyyəti öz üzərindən keçmiş "Arsax məmurlarının" üstünə atır, həm də xəritələr qeyri-dəqiq olacağı təqdirdə yenə də məsuliyyəti "Aarsaxçıların" üstünə qoyurlar. Ermənistanın minalara görə məsuliyyəti öz çiynindən atmağı həm də çox incə hiyləgərlikdir... Görünən odur ki, Ermənistan yenə də məsuliyyəti öz üzərindən atmağa cəhd edir.
“Məsuliyyəti vaxtilə mövcud olmuş o cinayətkar, qondarma “qurumun”, “rejimin” “məmurlarının” üzərinə atmaq, təbii ki...”
Məsələyə şərh verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, bugünə qədər Ermənistan Azərbaycana bir neçə dəfə mina xəritələri təqdim edib. “Azərbaycan rəsmi qurumlarının verdiyi məlumata görə, bundan əvvəl verilən xəritələrin cəmi 25 faizi, yəni 4-də 1-i dəqiq çıxıb. Sonuncu təqdim olunan mina xəritələri də növbəti dəfə qeyri-dəqiq çıxıb. Görünən odur ki, Ermənistan humanitar məsələdə də qeyri-səmimidir. Bu qeyri-səmimi mövqe bütövlükdə Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinə də mənfi təsir göstərir. Yəni mina xəritələrindən də vacib olan məsələlərdə Ermənistan qeyri-konstruktiv mövqe nümayiş etdirir. Eyni zamanda humanitar, qeyri-siyasi məsələlərdə də, qeyd etdiyim kimi, doğru-düzgün davranmır, qeyri-səmimi davranır. Ermənistan hökumətinin qeyru-dəqiq çıxan xəritələrə görə məsuliyyətdən qaçmaq cəhdi qəbul edilə bilməz. Azərbaycan ərazisində basdırılmış xeyli sayda minalara görə bütün məsuliyyəti Ermənistan dövləti daşıyır. Yəni vaxtilə Azərbaycan torpaqları məhz Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib, bölgədə qondarma, cinayətkar bir “rejim”, “qurum” formalaşdırılıb. Belə bir qurumu müstəqil tərəf kimi təqdim etmək ki, guya baş verənləri bu “qurum” edib, hətta minaları da onlar basdırıb, məsuliyyəti vaxtilə mövcud olmuş o cinayətkar, qondarma “qurumun”, “rejimin” “məmurlarının” üzərinə atmaq, təbii ki, Azərbaycan tərəfindən qəbul edilə bilməz. Yəni bunun bütün məsuliyyətini Ermənistan daşıyır”-deyə M.Məmmədli bildirdi.
M.Məmmədlinin sözlərinə görə, vaxtilə etmiş olduğu və beynəlxalq hüququn normalarına zidd olan bu cinayətkar fəaliyyəti aradan qaldırmaqda da, görünən odur ki, Ermənistan hökuməti Azərbaycanla əməkdaşlıq etməkdən yayınır. O qeyd etdi ki, 30 il ərzində Azərbaycan torpaqları işğalda saxlanılıb, işğal müddətində Azərbaycan ərazilərində görünməmiş vəhşiliklər törədilib, Azərbaycan xalqının maddi və mənəvi sərvətləri dağıdılıb, talan edilib, tarixi abidələri, mədəni irsi məhv edilib, yüzminlərlə insan evindən, yurdundan didərgin salınıb, bölgə bütövlükdə etnik təmizləməyə məruz qalıb, bütün bunlara əlavə olaraq da torpaqlarımıza bu gün də ağır vəsadlarını, faciələrini gördüyümüz minalar basdırılıb. “İkinci Qarabağ müharibəsindən sonra, səhv etmirəmsə, 345-ə yaxın insan mina qurbanına çevrilib. Mina terrorunun məsuliyyətini ilk növbədə Ermənistan daşıyır. Ermənistanın da belə bir mövqe nümayiş etdirməsi, yəni qeyri-dəqiq xəritələr təqdim etdiyinə görə məsuliyyətdən qaçması və sair bütövlükdə Ermənistanla davam edən sülh prosesinə, eyni zamanda iki dövlət arasında etimad quruculuğuna, təəssüf ki, mənfi təsir göstərir”-deyə M.Məmmədli əlavə etdi.
İradə SARIYEVA