Belə diaspor rəhbərləri Azərbaycanı biabır edən övladlar böyüdür...
Samir Adıgözəlli: “Yaxşı adam olmaq ayrı məsələdir, yaxşı diaspor sədri olmaq isə başqa bir məsələ”
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb. Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, gənclər dostlarının toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan "Odlar Yurdu"nda yoxlamalara başlayıb.
"Yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov bir gün əvvəl dostlarından birinin toyunu qeyd edib. Restoran qarşısında Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayanıb, 10 nəfər gənc çölə çıxaraq avtomat və tapançalarla havaya atəş açmağa başlayıb. Atəş səsləri yerli sakinləri qorxudub. Nəticədə Əhmədov və onun 9 dostu saxlanılıb, polis əməkdaşına tabe olmama maddəsi ilə protokollar tərtib edilib, iş materialları məhkəməyə verilib", - deyə "Shot" yazıb.
Diaspor sədrinin oğlu tərəfindən belə bir addımın atılması bir sıra sualların yaranmasına səbəb olub. Azərbaycanı təmsil edən diaspor sədrinin ailə üzvünün belə bir hərəkət etməsi onu deməyə əsas verir ki, azərbaycançılıq məfkurəsi yüksək səviyyədə deyil. Diaspor rəhbərinin oğlunun avtomatla atəş açması bütün Azərbaycan haqqında fikir formalaşdırır.
“Bu cür xoşagəlməz hadisələrin yaranmasına səbəb bəzi ərazilərdə təmsil olunan diaspor rəhbərlərinin təsadüfi şəxs olması ilə bağlıdır”
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu cür hallar dəfələrlə yaşanıb: “Azərbaycan diaspor rəhbərlərinin övladları, ailə üzvləri tərəfindən yaşadıqları ölkədə müxtəlif növ xuliqanlıq, avtomat silahdan atəş açmaq və digər buna bənzər hadisələr qeydə alınıb. Bu cür xoşagəlməz hadisələrin yaranmasına səbəb bəzi ərazilərdə təmsil olunan diaspor rəhbərlərinin təsadüfi şəxs olması ilə bağlıdır. İllərdir biz deyirik ki, diaspor, lobbiçilik fəaliyyəti ilə sistemli şəkildə məşğul olmaq lazımdır. Onlar öz hərəkəti, davranışı ilə azərbaycanlı olduqlarını unutmamalıdır. Diaspor sədrləri bütün davranışlarında azərbaycançılığı nümayiş etdirməlidir.
Ola bilər ki, İlham Əhmədov yaxşı, xeyirxah şəxsdir. Ancaq yaxşı, xeyirxah insan olmaqla yanaşı, diaspor təşkilatının sədri öz kimliyini, milliyyətini, hansı ölkənin təmsilçisi olduğunu unutmamalıdır. Bu şəxs ilk növbədə öz oğlunu nümunəvi yetişdirməli idi. Yaxşı adam olmaq ayrı məsələdir, yaxşı diaspor sədri olmaq isə başqa bir məsələ. Rusiya kimi yerdə bu cür problemlər yetərincədir”.
Günel CƏLİLOVA