33 illik separatizmdən sonra Qarabağda ilk halal Prezident seçkisi keçirildi...
1988-ci ildə keçmiş Dağlıq Qarabağ ərazisində separatizm dalğası başlanandan sonra 1990-cı ildə qondarma, süni, Azərbaycan xalqının mənafelərinə düşmən mövqedən "seçki" keçirilmişdi. Ona görə də onu dırnaq arasında seçki kimi təqdim etdim.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“1989-cu ilin 1 dekabrında keçmiş "DQMV"-nın Ermənistan SSR-lə birləşdirilməsi barədə qərar veriləndən sonra 90-cı ildə Ermənistanın Ali Sovetinə seçkilər keçirildi və keçmiş "DQMV" ərazisində bir neçə seçki dairəsi yaradılaraq Ermənistan Ali Sovetinə "bic və haram deputatlar" seçildi. O zamandan düz 33 il bu torpaqlar, el dilində desək, halal seçki görmədi və suveren Azərbaycanın haqqı olan legitim seçkilərə "erməni kiri" bulaşdırıldı. Dünyada heç kimin tanımadığı qodarma deputatlar, saxta prezidentlər "seçildi", Parisdən vurub Vaşinqtondan çıxdılar, kirlənməmiş "ocaq başı" qoymadılar, nəhayətində Azərbaycan xalqına, Azərbaycan Prezidentinə, Azərbaycan Ordusuna biabırçılıqla məğlub oldular...
Dünya nə qədər dəyişə bilərmiş?!.. 33 il fasilədən sonra keçmiş "DQMV" ərazisi ilk dəfə suveren Azərbaycan qanunvericiliyi çərçivəsində halal seçki gördü. 33 il ərzində bu torpaqların üzərində ermənilər saxta Ermənistan və "Arsax" deyilən qondarma qurumun deputatlarını, oyuncaq prezidentlərini seçdilər. Gülməli "seçki-seçki oyunu" oynadılar. 33 ildən uzağa gedə bilmədilər. Çünki onların bu işi "ömrü 40 gündən uzun olmayan məşhur sənətin ömrü" kimi oldu...
33 ildən sonra bu gün ilk dəfə Qarabağ əhalisi suveren Azərbaycanın Prezidentini seçir...
Dərin keyfiyyət halını əks etdirən böyük tarixi dəyişiklik prosesidir...
Halal olsun...”
“Azərbaycan güclü ölkədir və daha da güclü olacaq”. Bunu isə Latviyanın LETA milli agentliyinin rəhbəri Yuris Mendzins deyib.
"Bu, Azərbaycanda suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra keçirilən ilk seçkilərdir. Bu, əlamətdar məqamdır. Azərbaycan güclü ölkədir və daha da güclü olacaq", - o vurğulayıb.
Yuris Mendzins Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş bərpa işləri aparıldığını da əlavə edib.
Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze də deyib ki, Azərbaycanda seçkilərin keçirilməsi tarixi hadisədir, çünki ölkə suverenliyini bərpa etdikdən sonra bütün ərazilərdə seçkilər keçirilir.
Tahir TAĞIYEV