Avropaya Cənub Qaz Dəhlizindən əlavə yeni kəmər çəkilir - təzə fakt...
Fuad İbrahimov: “Ola bilsin ki, Türkmənistan qazı Azərbaycan vasitəsi ilə ixrac olunsun”
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dedi ki, yeni qaz infrastrukturunun yaradılması məsələsini nəzərdən keçiririk. Ölkə başçısı bunu belə əsaslandırıb:
“Cənub Qaz Dəhlizi indi tam gücü ilə işləyir və əgər bu dəhlizlə biz əlavə qaz həcmini göndərmək istəsək, onda o, gərək genişləndirilsin. Oraya, əlbəttə, əlavə vəsait qoyulmalıdır. Amma bu nasos stansiyaları vasitəsilə genişləndirilə bilər və tələbat da var. Prinsip etibarilə Azərbaycanda gələcəkdə yeni qaz infrastrukturunun yaradılması məsələsinə də baxıla bilər, bunu da biz nəzərdən keçiririk”.
Maraqlıdır, ölkə başçısı yeni qaz infrastrukturunun yaradılması deyərkən söhbət hansı layihədən gedir? Hər halda bu infrastruktur Avropa üçün nəzərdə tutulub.
“Bu yöndə Qərbin investisiya layihələrində iştirakı istisna deyil”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bunu belə əsaslandırdı: “Sözügedən məsələ ilə bağlı zaman-zaman Prezident İlham Əliyev bir sıra fikirlər səsləndirib. Qaz layihəsi ilə bağlı ilk önəmli siyasət ondan ibarətdir ki, qaz ixracının şaxələndirilməsində öz yerimizi tutaq. Yəni, imkanlarımızı sübut edək. Biz bunu edə bildik. Özü də tək qaz dəhlizi ilə yox. Azərbaycan ardıcıl olaraq 3 meqa layihə həyata keçirib. Bu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu layihələrin hər birinin gələcək perspektivdə uzadılması imkanları var idi. Cənab Prezidentin birbaşa siyasəti ondan ibarət idi ki, gələcəkdə bu layihələr şaxələndirilsin. Məsələn, bu gün Qazaxıstan, Rusiya, Türkmənistan BTC kəmərindən istifadə edir. Müxtəlif vaxtlarda neftini bu kəmərlə ötürür. Bununla yanaşı, BTQ dəmir yolu Çinin “Bir kəmər, bir yol” layihəsi ilə uzlaşır. Çin Azərbaycan üzərindən Avropaya tranzit daşımalara xüsusi dəstək verir. Məsələn, Azərbaycandan keçməklə Çexiyadan Çinə yükün iki həftəyə daşınması mümkündür. BTƏ qaz kəməri də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. İlkin mərhələdə burada Gürcüstan və Türkiyənin qaz təchizatından söhbət gedirdisə, sonra TANAP və TAP layihələri vasitəsi ilə daha da genişləndirildi. Azərbaycan qazı 2020-ci ilin sonundan Avropaya ixrac olunur. Bu gün TAP kəməri vasitəsi ilə interkonnektorlar şəbəkəsi qurulub və Balkan ölkələri Azərbaycan qazını idxal edir. Texniki baxımdan da bu gücü iki dəfə artırmaq mümkündür. Hazırda proses davam edir və bu, ondan ibarətdir ki, qaz ixracı artarsa, kəmərin ötürücülük qabiliyyəti genişləndirilməlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində dayanıqlı yerə sahibdir. Ola bilsin ki, Türkmənistan qazı Azərbaycan vasitəsi ilə ixrac olunsun. Bu zaman yeni kəmərin çəkilməsi zərurəti yaranacaq. Mütləq deyil ki, Türkmənistan Xəzərin altından kəmər çəkməklə bunu etsin. Bu, İran vasitəsi ilə də ola bilər. Bu yöndə Qərbin investisiya layihələrində iştirakı istisna deyil”.
Vidadi ORDAHALLI