Avropa dövlətləri Suriya qaçqınlarını sığınacaq hüququndan məhrum edir...
Qulamhüseyn Əlibəyli: “Suriya viran edildiyi halda, Avropa ölkələri bu ölkədən olan qaçqınları geri göndərir”
Bəşər Əsəd rejimi devrilən kimi, bir sıra Avropa ölkələri sığınacaq istəyən suriyalı qaçqınların müraciətlərinə baxmağı dayandırdıqlarını açıqlayıb. Artıq Avropanın 10 ölkəsi, o cümlədən Almaniya, Danimarka və Avstriya suriyalı qaçqınları vətənlərinə göndərəcəklərini bəyan ediblər. Almaniya 947 min suriyalını geri qaytarır.
Almaniya Daxili İşlər Nazirliyi Suriya vətəndaşı ilə bağlı qərar verməyə çağırıb. Fransa və digər ölkələr də himə bənd imiş kimi hərəkətə keçiblər.
Burada diqqəti çəkən məqam odur ki, 10 il əvvəl Avropa ölkələri islamofob mövqedən çıxış edərək Suriyadan olan qaçqınları qəbul etmək istəmirdilər, min cür bəhanə ilə çıxış edirdilər. 2022-ci ildə Ukrayna müharibəsi başlayanda oradan gələn qaçqınları Suriyadan olan qaçqınların yerinə yerləşdirib, müsəlman qaçqınları yerlərindən çıxarırdılar. İndi də sanki Bəşər Əsəddən dərhal sonra Suriya güllük gülüstana çevrilib, tezbazar qaçqınları geri göndərirlər. Halbuki, Suriya yaman gündədir. Söhbət ondan gedir ki, Suriyanın vəziyyətinin bundan sonra hələ bir neçə il ağır və təlatümlü olmasını Avropa dövlətləri yaxşı bilir. Məgər onlar görmürlər ki, İraqda, Liviyada, Misirdə, Əfqanıstanda, Yəməndə vəziyyət necə oldu? Bu ölkələrdə vəziyyət stabilləşib? Yox. Ona görə də Avropa ölkələri Suriyadan olan qaçqınlara sığınacaq verməməklə əslində antihumanist və ikili standart siyasəti aparırlar. Elə ölkələr var ki, oradan olan qaçqınlara hər zaman oturum icazəsi verilir, amma müsəlman ölkələrdən olan köçkünlərə münasibətdə isə belə ikili standartlarla yanaşırlar.
“Bu, islamofob və qeyri-humanist siyasətin ən bariz nümunəsidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, ümumiyyətlə, Avropa ölkələrinin miqrasiya siyasəti – miqrantların qəbul olunması, yerləşdirilməsi, onlara yardım göstərilməsi və digər məsələlər qeyri-ardıcıllığı ilə seçilir: “Avropa ölkələri hər vasitə ilə çalışırlar ki, müsəlman ölkələrindən gələn axını dayandırsınlar. Bununla əlaqədar kvota müəyyənləşdirilirdi. Əslində bu dövlətlərin miqrantların əməyinə ehtiyacı vardı. Yoxsa onlardan olsaydı, bir nəfər belə müsəlmanı Avropaya buraxmazdılar. Bir neçə il əvvəl başlayan Ərəb baharı və Yaxın Şərqdə baş verən hadisələr fonunda, artıq ikili standartlar açıq fazaya keçdi. Açıq görünürdü ki, Avropa ölkələri müsəlman ölkələrindən gələn miqrantları qəbul etmək istəmirlər. Xüsusən Suriyadan gələn miqratları uzun müddət qəbul etmədilər. Suriya miqrantlarının 4 milyon nəfərə yaxını Türkiyəyə sığındı. Hətta Avropa İttifaqı söz vermişdi ki, Türkiyəyə sığınan Suriya miqrantlarına maliyyə yardımı edəcək. Ancaq çox təəssüf ki, həmin yardımı göstərmədi. Bu, Avropa ölkələrinin bütövlükdə, digər sahələrdə olduğu kimi, miqrasiya siyasətində də ikili standartlardan çıxış etdiyini ortaya qoydu. Yəni xristian təəssübkeşliyini göstərən amildir. Suriya qaçqınları ilə bağlı belə tez-tələsik qərarların qəbul olunması da bundan irəli gəlir. Suriya viran edildiyi halda, Avropa ölkələri bu ölkədən olan qaçqınları geri göndərir. Bu, islamofob və qeyri-humanist siyasətin ən bariz nümunəsidir. Ən azından ona görə ki, Suriyada mülki idarəetmə sistemi hələ formalaşmayıb. Şəhərlər, kəndlər bərpa edilməyib. Suriyanın gələcəyi hələ bəlli deyil. Avropa isə bütün bunları nəzərə almayaraq, müsəlman qaçqınları geri göndərərək onları taleyin ümidinə buraxır”.
Vidadi ORDAHALLI