ABŞ və İsrail İranın nüvə obyektlərinə zərbə endirə bilər... Trampdan mesaj - Hər an hər şey ola bilər...
ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Tramp vəzifəyə başlamazdan əvvəl müəyyən məsələlərlə bağlı mühüm açıqlamalar verməyə davam edir.
Suriyadakı hadisələrlə bağlı verdiyi son açıqlamada Tramp, ABŞ-ın buna qarışmayacağını deyib: "Suriya bərbad vəziyyətdədir və bizim dostumuz deyil. ABŞ buna qətiyyən qarışmamalıdır. Suriya bizim problemimiz deyil. Qarışmayın".
Tramp İranla bağlı da danışıb və bildirib ki, bu ölkə ilə müharibə ehtimalı yüksəkdir: “Hər şey ola bilər, hər şey mümkündür, vəziyyət qeyri-müəyyəndir”.
İran tərəfindən məsələ ilə bağlı heç bir açıqlama verilməsə də, İranın xarici işlər naziri Abbas Arakçi Qərbin İrana münasibətini dəyişmədiyi təqdirdə, nüvə istehsalına davam edəcəklərini bildirib.
Trampın yaxın komandasında təmsil olunacaq amerikalı milyarder İlon Maskın onun adından iranlılarla görüşüb-görüşməməsi ilə bağlı suala, Tramp belə bir görüşdən xəbəri olmadığını və Maskın ona belə bir məlumat vermədiyini bildirib.
Bu arada, "The Wall Street Journal" Tramp komandasındakı mənbələrə istinadən ABŞ-da yeni komandanın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ona zərbə endirmək variantını nəzərdən keçirdiyini yazıb.
Trampın müşavirləri və tərəfdaşları qeyd ediblər ki, söhbət əsasən İsrailin Natanz, Fordo və İsfahandakı nüvə obyektlərinə zərbələrini dəstəkləməkdən, hətta ABŞ-ın əməliyyatda mümkün iştirakı ilə bağlı olub. İsrail rəsmiləri bidirir ki, İranın bir çox müəssisələri yerin altında olduğundan müstəqil səylərin uğurlu olacağı çübhəlidir.
Eyni zamanda, qeyd edilir ki, gələcək administrasiya Tehrana maksimum təzyiq üçün yeni strategiya hazırlayır və bununla bağlı 2 yanaşma təqdim olunur.
Birincisi, Yaxın Şərqə əlavə təyyarələrin, gəmilərin və hərbi personalın transferini, İsrailə bunker busterləri kimi daha təkmil silahların satışını və Tehranı danışıqlar masasına oturtmaq üçün sanksiyaları birləşdirəcək.
İkinci yanaşma, ABŞ-ın İrana qarşı güc tətbiq etmə hədəsini İran iqtisadiyyatına ciddi ziyan vuracaq sanksiyalarla birləşdirərək eyni nəticəyə nail olmaqdır.
TAHİR