Peskov Əsədin harada olduğunu bilmir?...
Hazırda Bəşər Əsədin harada olması barədə məlumat yoxdur. Trend-in rus KİV-nə istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.
“Əsədin harada olması ilə bağlı sizə məlumat verə bilmərəm. Təbii ki, belə qərarlar dövlət başçısının iştirakı olmadan qəbul edilə bilməz və bu, onun qərarıdır”, - Peskov bildirib.
Rusiya Prezidenti Vladimir Putinlə Bəşər Əsəd arasında görüş ehtimalı barədə suala cavab olaraq Peskov qeyd edib ki, prezidentin rəsmi qrafikində belə bir görüş nəzərdə tutulmayıb.
Bu arada, Suriyanın Rusiyadakı səfirliyi Bəşər Əsədin Moskvada olduğunu təsdiqləyib.
"Bəli, o, hazırda Moskvadadır", - diplomatik nümayəndəlikdən bildirilib.
Xatırladaq ki, 27 noyabr tarixində İdlib vilayətinin qismən nəzarətində olan bölgəsindən “Hayat Təhrir əş-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar hücuma keçmişdi. Hücumda Suriya Milli Ordusunun ayrı-ayrı bölmələri də iştirak edirdi.
Üsyançılar bir neçə gün ərzində İdlib və ölkənin ikinci böyük şəhəri olan Hələb vilayətlərini tamamilə ələ keçirdilər.
5 dekabr tarixində Suriya ordusu Hama şəhərini tərk etdi. 6 dekabrda Suriya Demokratik Qüvvələri ölkənin şimal-şərqində yerləşən Deyr-əz-Zor şəhərini ələ keçirdi. Dekabrın 8-nə keçən gecə hökumət əleyhinə qüvvələr Dəməşqə daxil oldular. Suriya Prezidenti Bəşər Əsəd ölkə paytaxtını təyyarə ilə tərk etdi.