Azərbaycan-Ermənistan döyüşləri bərpa oluna bilər - Rusiya hökumətindən qorxunc iddia...
Məlum olduğu kimi, bu günlərdə Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) sammitinə ev sahibliyi etməyəcəyini təsdiqləyib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanın fəaliyyətini də bərpa etməyəcəyini bildirib.
Keçmiş beş postsovet dövlətinin daxil olduğu ticarət blokunun zirvə görüşü dekabrın 25-də, Ermənistanın AİB-dəki sədrlik müddətinin sonunda İrəvanda keçirilməli idi.
Ermənistan bildirib ki, AİB-ə üzv dövlətlər məkanın dəyişdirilməsinə qərar verib və sözügedən sammit Sankt-Peterburqda keçiriləcək. Paşinyan tədbirin Ermənistanda keçirilməməsinə bir səbəb kimi heç də bütün AİB liderlərinin Ermənistana gəlişinin arzulanan olmadığını göstərib: “Sizin də bildiyiniz məsələlərə görə görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun saymadım, axı AİB Ali İqtisadi Şurasının heç də bütün üzvlərini ölkəmizdə görmək xoş deyil”. Baş nazir arzuolunmaz şəxslərin Rusiya prezidenti Vladimir Putin və ya Belarus lideri Aleksandr Lukaşenko olduğuyla bağlı yozumlara aydınlıq gətirməyib. Lukaşenkonun bu ilin əvvəlində Bakıya səfəri zamanı səsləndirdiyi bəyanatları Minsklə irəvan arasındakı münasibətləri soyudub. Yerli təhlilçilərin və müxalif siyasətçilərin fikrincə, bir il öncə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulan Ermənistan hakimiyyəti Putinin ölkəyə gəlişini istəmir. Ötən il Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərə görə Rusiya prezidentinin həbsinə qərar verib. Ermənistana səfəri zamanı Putinin olası həbsiylə bağlı şərh verməyən Paşinyan rəsmi Moskvaya təklif etdiyi ikitərəfli müqaviləyə rədd cavabı verilməsindən gileylənib. Həmin müqavilə səfər zamanı Putinə toxunulmazlıq təmin edə bilərdi. Rusiya XİN Yerevanın Roma Statutuna qoşulmasını həm rəmzi, həm də praktik baxımdan Ermənistan-Rusiya münasibətlərinə birbaşa zərbə adlandırıb. Roma Statutunun ratifikasiyası Ermənistan-Rusiya münasibətlərindəki çatı dərinləşdirib. İrəvan KTMT-nin digər üzvləriylə birgə Rusiyanı Ermənistanın güvənliyinə dair öhdəlikləri yerinə yetirməməkdə ittiham edib. Ötən həftə Paşinyan KTMT-nin daha bir toplantısını boykot edib. Bu, Ermənistanın ilin əvvəlində Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa üzvlüyünü, əslində, dayandırması fonunda baş verib. Putin sammitdə çıxışı zamanı Ermənistanın təşkilat çərçivəsində tamhəcmli fəaliyyətini bərpa edəcəyinə ümid bəsləyib. O, İrəvanın tənqidlərini ölkədaxili siyasi proseslərə və Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə bağlayıb. Paşinyanın fikrincə, Ermənistanın KTMT-yə reinteqrasıyası artıq aktual deyil. Ermənistanın KTMT-dən, rəsmi olaraq, nə vaxt çıxacağı barədə heç nə söyləməyən baş nazir ölkəsinin qurum çərçivəsində yenidən fəaliyyətə başlamasını çox çətin və az qala mümkünsüz sayıb. Rusiya hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorg Mirzayan deyib ki, Moskvada erməni baş nazirin başlatdığı oyunu yaxşı başa düşürlər: "Oyunun mənası sadədir: Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının bərpası istisna edilə bilməz. Hazırda Paşinyan xarici kuratorlarının tapşırıqlarını yerinə yetirərək Bakı ilə sülh bağlamaqdan imtina edir. Beləliklə, Paşinyan erməni ictimai rəyi fonunda necəsə vəziyyətdən çıxmağa çalışır".
Ekspertin fikrincə, erməni lider KTMT-dən çıxmaq və Azərbaycanı müharibəyə təhrik etməklə müharibədəki məğlubiyyətin günahını Rusiyanın üzərinə atmağı və Ermənistanı “Amerika hərbi bazasına” çevirməyi hədəfləyir. Ekspert qeyd edr ki, Ermənistan KTMT üzrə hərbi-siyasi müttəfiqləri nəzərə almır, lakin eyni zamanda Moskva ilə ticarəti inkişaf etdirir. Nikol Paşinyan belə ikili mövqeni çoxdan tutub: “İrəvanda hesab edirlər ki, KTMT Ermənistanın müdafiəsi üzrə öz funksiyalarını yerinə yetirmir, ona görə də təşkilatın tədbirlərində iştirak etmir. Lakin eyni zamanda təşkilatı tərk etməkdən də imtina edirlər. Nəticədə Paşinyan KTMT-də iştirakı “dondurmaq” formulunu icad edib. KTMT-nin nizamnamə sənədlərində belə bir ifadə yoxdur. Lakin Moskva Paşinyanın oyunlarında iştirak etmir, fasilə götürür və şərti olaraq Paşinyanın nə dərəcədə irəli gedə biləcəyinə baxır. Rusiya rəhbərliyi hələlik özünü çox ehtiyatla aparır”. Rus hərbi ekspert Aleksandr Xramçixin deyir ki, İrəvan siyasi cəhətdən Rusiyadan uzaqlaşmağa çalışır və bu, hər şeydə özünü göstərir: “Paşinyan hətta bizim silahlarımızı özümüzdən deyil, Hindistan və ya Yunanıstan vasitəsilə almaq istəyir”. Rusiya Dövlət Dumasının deputatı Pyotr Tolstoy isə daha qəti mövqe sərgiləyib: “Ermənistanın gələcəyi, müstəqilliyi, ölkə gənclərinin taleyi bu gün respublikanın indiki hökumətinin bəzi fiqurlarının öz ciblərinə doldurduqları milyonlarla dollardan qat-qat qiymətlidir. Ermənistanda gənclər Ermənistan-Rusiya münasibətlərində hadisələrin necə inkişaf etdiyini izləyir və əslində seçim qarşısındadırlar. Bu geosiyasi situasiyada, təbii ki, bir şirnikləşdirmə var - Qərb düşərgəsinə qoşulmaq. Lakin bu, qlobal miqyasda yanlış seçimdir. Tarixdə elə məqamlar olub ki, Rusiya köməyə gəlib, faktiki olaraq Ermənistanı xilas edib. Mənə elə gəlir ki, ümumi tariximiz də bu gün gənc nəslin etdiyi seçimlərə, Ermənistanın prinsipial olaraq edəcəyi seçimlərə təsir etməlidir. Avropa arzusunun təzyiqi altında Avropada olmaq istəyirsiz, yoxsa həqiqətən Monte Karlo olmaq istəyirsiz? Dostlar, təəssüf ki, bunların heç biri olmayacaq”. Tolstoy qeyd edib ki, Ermənistanın indiki rəhbərliyi Qərbin onlara diqtə etdiyi qaydalarla oynamağa çalışır: “Amma Rusiya Qərblə qlobal qarşıdurmada qalib gələcək və hər halda ümid edirəm ki, onların etdiyi seçim bizim çoxəsrlik dostluğumuzun xeyrinə olacaq. Demək istəyirəm ki, Rusiya olmadan Ermənistan bir dövlət kimi sağ qala bilməz”.
Tahir TAĞIYEV