Jurnalist - tələbə ikən əsgərliyə getdi, kəşfiyyatçı kimi şəhid oldu - Sədərəkli şəhid Niyaməddin Ələkbərovun anası danışır...
Dörd il necə gəlib keçdi, ananın xəbəri olmadı. Günlər, aylar bir-birinə bənzədiyindən, günü oğul yolu gözləməklə keçdiyindən, Xavər ana zamanın necə keçdiyini bilmir də. Elə qulağı səsdədir, “birdən Niyaməddin gələr” ümidilə yaşayır.
44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun baş giziri Ələkbərov Niyaməddin İsrafil oğlunun anası Xavər Ələkbərovanın oğul yarası hər gün qanayır…
Xavər ana deyir ki, Niyaməddin 12 iyul 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub.
3 yaşında olarkən ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçən qəhrəmanımızın uşaqlığı bu şəhərdə keçib. Niyaməddinin sağlam, yaraşıqlı, ağıllı, cüssəli uşaq olduğunu deyən Xavər ana qeyd edir ki, oğlunun əlindən gəlməyən iş olmayıb. “Uşaqlıqdan çox qaynar, aktiv, cəld, cəsur, cəsarətli olub. Yaxşı futbol oynayırdı, əla futbolçu idi. Orta məktəbdə də, məhəllədə də, universitetdə də hamı onu yaxşı futbolçu kimi tanıyırdı. Niyaməddin futbolçu olmaq istəyirdi, amma biz istəmirdik, ona görə də onu futboldan ayırdıq, oxumağa yönəldirdik. O qədər gözəl futbol oynayırdı ki, onun zərbəsinin qarşısında heç kim dura bilmirdi. Top Niyaməddində idisə hər kəs geri çəkilirdi ki, top ona dəyməsin. Çox qoçaq uşaq idi”.
İbtidai təhsilini Sumqayıt şəhər 32 saylı Texniki və humanitar liseydə alıb, 5-ci sinifdən 35 saylı tam orta məktəbdə təhsilini davam etdirib və bu məktəbin məzunu olub. Naxçıvan Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub: “Ora qəbul oldu, amma diplomunu ala bilmədi. Bunlar iki il yarımdan sonra imtahan verib ixtisas seçimi edibdilər, oğlum ixtisas seçimində diktorluğu qazanıb, amma diktor olmaq ona nəsib olmadı. Diktorluq Niyaməddinə çox yaraşardı, səsi də, diksiyası da çox gözəl idi”.
Oğlunun həqiqi hərbi xidmətə getdiyini deyən ana bildirdi ki, o, Ağdamın Qərvənd kəndində xidmət edib, xidmətdən qayıdandan bir neçə ay sonra yenidən hərbiyə qayıdıb, hərbidə işləyə-işləyə kurslara gedib və baş gizir rütbəsinə qədər yüksəlib. Oğlunun kəşfiyyatçılıq kurslarını bitirdiyini qeyd edən ana vurğuladı ki, o, əvvəlcə MAXE (Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu) olub, sonra gizir, ondan sonra isə baş gizir olaraq Beyləqan rayonunda yerləşən N saylı hərbi hissənin kəşfiyyat alayının komandiri vəzifəsini daşıyıb. Niyaməddinin 11 il hərbidə işlədiyini deyən ana bildirdi ki, oğlu Ağdam, Naftalan, Tərtər rayonlarında, son iki il yarımda isə Beyləqanda xidmət edib.
Niyaməddin Azərbaycan Ordusunun “Ən yaxşı kəşfiyyat birliyi” adı uğrunda keçirilən yarış zamanı I yerin əldə edilməsində göstərdiyi səy və bacarığına görə fəxri fərmana layiq görülüb.
Ana deyir ki, müharibə başlayanda, döyüşlər gedəndə, oğlu qızğın döyüşlərin ortasında olanda belə, ondan müharibədə olduğunu gizlədib. “Nə vaxt zəng vursam, ya yoldayam, ya işdəyəm, ya da evdəyəm deyirdi. Müharibə bir həftə idi başlamışdı. Amma Niyaməddin mənimlə danışanda deyirdi ki, təlimdəyik. Səsi zəif gəlirdi, yorğun gəlirdi, “niyə belə danışırsan” deyirdim, deyirdi ki, təlimdəyik. Halbuki, kənardan səs-küy gəlirdi, amma təlimdə olduğunu deyirdi. Amma demə ki, müharibədə imiş, gizlədirdi. Deyirdim ki, ay Niyaməddin, deyirlər sentyabrın 27-də müharibə başlayıb. Deyirdi ki, ana, müharibə Qarabağda gedir, burada getmir. Belə sözlərlə məni ovudurdu. Demə ki, müharibənin ən qaynar nöqtəsində imiş balam. Füzulidə idi, ən çətin döyüşlərdən biri orda oldu, “Ohanyan səddin”i alanda. Bunlar Füzulidə olublar, sonra Füzuli ilə Hadrutun arasında döyüşüblər, orda “İlandağ” deyilən yerdə şəhid olub. Axşamdan hücum edib postu alıblar və işıqlaşana qədər orda qalıblar. Birinci Niyaməddin çölə çıxıb ki, kəşfiyyat aparsın, nə olub-olmadığını yoldaşlarına desin. Postdan çıxıb irəliyə iki addım atan kimi oğlumu snayper vurub. Sonra da həmin yeri minamyot atəşinə tutublar. Bir neçə əsgər, zabit şəhid olub. Briqada komandiri Orxan Əkbərov da orda şəhidliyə ucalıb. Ona Vətən Qəhrəmanı adı verildi. Niyaməddin Orxan Əkbərovla bir yerdə şəhid olub”.
Oğlunun eyni zamanda Aprel müharibəsinin iştirakçısı olduğunu da deyən ana bildirdi ki, o döyüşlərdə də oğlu böyük şücaətlər, igidliklər göstərib. “Aprel döyüşlərində yaralanmışdı, amma bizə bu barədə heç nə deməmişdi. Qoluna, qıçına, üzünə, qulağına qəlpələr dəyib. Yaralandığı üçün üç ay evə gəlmədi, deyirdi ki, təlimdəyəm, üç aydan sonra gəldi. Gələndə gördüm ki, qolunda, müəyyən yerlərində dərin cızıqlar, yara yerləri var. Soruşdum ki, nə olub, elə bil bıçaq izidir, dedi ki, kolun üstünə yıxılmışam tikanlar cızıb. Aprel döyüşündə onun komandiri Raqub Orucov olub, onunla birgə döyüşüblər. Raqub Orucov Niyaməddinin yanında şəhid olub”.
Aprel döyüşlərində fəal iştirakına görə komandiri tərəfindən mükafatlandırılıb, fəxri fərmanla təltif edilib.
Şəhid olanda oğlunun 32 yaşın içində olduğunu deyən ana bildirdi ki, Niyaməddin subay idi və onu evləndirməyə hazırlaşırmışlar, amma əcəldən macal olmayıb, ananın bu arzusu da ürəyində qalıb.
“Mən oğlunu nəinki gözləyirəm, hətta hər gün ona zəng vururam, telefonuna zəng çatmır. Üstündə üç telefonu vardı və heç biri bizə gəlib çatmadı. Bilmirəm, döyüşdə itdi, yoxsa harasa düşüb qaldı. Ona görə də, Niyaməddinin döyüş yolu barədə ancaq başqalarından eşidirik.
Sonuncu dəfə zəng edəndə səsini tanımadım. Səs tanış gəlirdi, amma səsi aydınlaşdıra bilmədim. Yəni səsi tamam dəyişmişdi. Evdə vəziyyəti, atasını, qardaşını, bacılarını soruşanda bildim ki, odur. Dedim ay Niyaməddin, sənsən? Dedi hə, ana, mənəm. Dedim niyə elə danışırsan? Çünki səsi çox uzaqdan gəlirdi. Dedim niyə elə danışırsan? Dedi ki, soyuqlamışam. Evdən kəklikotu, yarpız filan aparmışdı. Dedim ki, dəmlə özün də iç, uşaqlara da ver, özünüzdən muğayat olun, yaş yerdə oturmayın. Mən nə bilim ki, döyüşünün ortasından, odun-alovun içindən danışır. Sonda dedi ki, ana, özünüzdən muğayat olun. Dedim, bizə evdə nə olasıdır ki, siz özünüzdən muğayat olun. Heç elə şərait yaratmadı ki, onun müharibədə olduğunu anlayım.
Niyaməddin Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub, məzarı başdan beşincidir”.
Oğlunun oktyabrın 2-də şəhid olduğunu və oktyabrın 3-də dəfn olunduğunu deyən ana bildirdi ki, Niyaməddin şəhid olandan sonra atası da dünyasını dəyişib: “Yoldaşım oğlumun şəhid olmasına dözə bilməyib infarkt keçirdi və həyatını itirdi.
Şəhid anası olmağın çox ağır dərddir. Övlad itkisi heç bir itki ilə bərabər deyil. Dörd övladım vardı, iki qızım, iki oğlum. Üçüncü övladım idi Niyaməddin”.
Niyaməddinin xatirəsinin əbədiləşdirilməsi məsələsinə gəlincə, ana dedi ki, Sumqayıtda bir küçə ayrılıb, amma orda tikinti getdiyi üçün hələ xatirə lövhəsi vurulmayıb, hələ abidəsi, bulağı inşa olunmayıb. Ana deyir ki, hələ gözləyirlər, inişallah oğlunun xatirəsi əbədiləşdiriləcək…
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən Niyaməddin Ələkbərov vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Niyaməddin Ələkbərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ana hər gün gözləyir, oğul, hardasan deyir
Balası gəlmək bilmir, yollarımı bağlıdır?
Yəqin balası bilir, ananın gözü yaşlı,
Ürəyi qəm evidir, sinəsi də dağlıdır.
Bir şəhidimizin də qəhrəmanlıq öygüsünü sizə çatdırdıq. Hər bir şəhid qəhrəmandır! Hər bir şəhid bu torpağın bir parçasıdır. Onların anaları, ataları isə bizə şəhid əmanətidir!
Bəy gərdəyi qurulmayan
Bir igiddir Niyaməddin
Anası heç inanmır ki
Bir şəhiddir Niyaməddin!
Deyir, gözlərəm yolunu,
Gəlməz gedənim, ağlaram!
Balası ölən anayam
Başıma qara bağlaram…
Azərbaycan Ordusunun baş giziri, peşəkar kəşfiyyatçı, snayper gülləsinə tuş gələrək şəhid olan Niyaməddin Ələkbərovun yeri, məkanı ürəklərdir. Ruhun şad olsun, şəhid Niyaməddin!
İradə SARIYEVA