"İraqın və Suriyanın şimalında yeni türk dövləti" - informasiyanı yayanların hədəfi…
Azər Həsrət: “Türkiyə dövləti dəfələrlə açıq şəkildə bəyan edib ki, nə İraqın, nə də Suriyanın torpağında gözü var”
“Türkiyənin müxtəlif siyasi dairələri Suriya və İraqın şimalında yeni türk dövlətinin yaradılması planını açıq şəkildə təbliğ edirlər”. Bunu türkoloq Varujan Qeqamyan yazıb.
O bildirib ki, Suriyada baş verən hadisələr fonunda Türkiyənin müxtəlif siyasi dairələri Suriya və İraqın şimalında yeni türk dövlətinin yaradılması üçün uzun müddətdir işlənib hazırlanmış planı açıq şəkildə təbliğ edirlər. O, “Türkman Respublikası” adlanır və Türkiyəyə birləşdirilən türkmən tayfaları əsasında daha bir ərazi yaratmağı planlaşdırır.
Təbii ki, türkoloqun bu fikirləri əsassızdır. Ancaq maraqlıdır, bu yalanı nə məqsədlə ictimailləşdirir?
“Ola bilər ki, Suriya və İraq türkmənləri özləri üçün ortaq bir dövlət qursun, qardaş Türkiyənin buna qarışmağa ixtiyarı da yoxdur”
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər"-ə şərhində bildirdi ki, hazırkı Suriya hakimiyyəti ilə ermənilər can bir qəlbdədir. Suriya müsəlman ölkəsi olsa da, onların ermənilərlə yaxın olması hər kəsə bəllidir: "Ermənilərlə Suriya hökuməti eyni mövqedən çıxış edir. Bu səbəbdən də belə bir yalanı ortaya atıb Turkiyəni hədəfə gətirirlər. Türkiyə dövləti dəfələrlə açıq şəkildə bəyan edib ki, nə İraqın, nə də Suriyanın torpağında gözü var. Yəni Türkiyə oraları işğal etmək niyyətində deyil. Sadəcə olaraq, hadisələr qardaş Türkiyənin sərhədində baş verdiyi üçün, eyni zamanda hadisələrin yaşandığı ərazilərdə eyni soydan gələn türklər yaşadığına görə qardaş Türkiyə olaylara biganə qala bilmir. Məqsəd Suriya torpaqlarını işğal edib yeni Türkiyə dövləti qurmaq deyil, oranın insanları öz talelərinin hakimidir, kənar qüvvə heç nə edən deyil. Ola bilər ki, Suriya və İraq türkmənləri özləri üçün ortaq bir dövlət qursun. Qardaş Türkiyənin buna qarışmağa ixtiyarı da yoxdur. Ancaq bunu Türkiyənin üzərinə atmaq düzgün deyil. Bu, növbəti erməni təbliğatıdır".
Günel CƏLİLOVA