COP29 gündəliyi təsdiq edildi
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının gündəliyi təsdiq edilib.
Trend xəbər verir ki, bu barədə qərarı COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın açılışından sonra keçirilən plenar iclasda açıqlayıb.
Gündəliyin hər bir məsələsi üzrə ayrıca səsvermə keçirilib.
Əvvəlcə M.Babayev gündəliyi təqdim etdi.
"Burada gedən bütün müzakirələr barədə ictimaiyyətə ətraflı məlumat verəcəyik. Əldə olunan bütün razılaşmalar gündəlik mətbuatda işıqlandırılacaq. Gündəliyə 15-ci məsələnin müzakirəsi daxildir", - deyə o bildirib.
Daha sonra UNFCCC İcraiyyə Komitəsinə və Kioto Protokoluna üzv olmaq üçün namizədlər irəli sürülüb. M.Babayev Kioto Protokolu və Paris İqlim Sazişinin İcraiyyə Komitəsinə seçkilərlə bağlı məsləhətləşmələrin noyabrın 16-dək başa çatdırılmasını təklif edib.
Birinci gün, həmçinin Tərəflərin Konfransındakı nümayəndələr, UNFCCC üzvü olmayan, lakin Konvensiyanın işində iştirak etməyə dəvət olunmuş qeyri-hökumət təşkilatları haqqında qərarlar qəbul edilib.