Ukrayna kəşfiyyatı Rusiya helikopterini qaçırması üçün pilota 600-750 min dollar təklif etdi...
Ukrayna hərbi kəşfiyyatı Rusiyaya məxsus helikopteri qaçırması üçün rus pilota 600-750 min dollar təklif edib. Media yazır ki, bu barədə “Rossiya 24” kanalı FSB-yə istinadən məlumat yayıb.
Qeyd edilir ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) Sergey adlı əməkdaşı 2023-cü ilin noyabrında Mi-8MTPR-1 helikopterinin pilotu olan rus hərbçi ilə əlaqə saxlayıb. İddiaya görə, GUR əməkdaşı rus pilota mükafat qarşılığında hərbi helikopteri qaçırmağı təklif edib.
Ukraynalıların planına görə, pilot onunla birlikdə təyyarədə olan digər ekipaj üzvlərini zəhərləməli imiş. Bunun üçün ona aptekdə müəyyən bir dərman almaq və onu həmkarlarının səhər yeməyinə qatmaq tövsiyə olunub.
Telekanalın məlumatına görə, Ukrayna kəşfiyyatı üçüncü ölkələr vasitəsilə pilotun arvadına köçməkdə köməklik edəcəyinə “söz verib”. Pilotun özünə isə Çexiyaya köçmək və yeni adla pasportla təmin ediləcəyinə dair zəmanət verilib. FSB-nin iddiasına görə, Ukrayna hərbçiləri cütlüyü bu yolla bir-birindən ayırmağı və pilotun arvadını girov götürməyi planlaşdırıb.
Rusiyalı hərbçinin sözlərinə görə, təyyarənin qaçırılması ilə bağlı təklifi alan kimi dərhal həmkarlarına və rəhbərliyə məlumat verib.
TAHİR