Erməni mediası COP29-u nüfuzdan salmaq üçün yeni "fakt" tapıb - 1,2 milyarddan 5,4 milyard dollaradək...
Erməni mediası mötəbər olub-olmadığı bəlli olmayan bu məlumatla COP29 proseslərinin nüfuzunu ləkələməyə çox cəhd edir.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Guya "Təmiz hava fondu" adlı beynəlxalq qeyri-kommersiya təşkilatının rəhbərinin yaydığı bir hesabatdan söz gedir. Həmin hesabatda belə bir faktın üstündə oyun qurulur ki, guya 2021-ci ildə Azərbaycan qazıntı yanacağının istehsalına xaricdən 1.2 milyard dollar kömək aldığı halda, 2022-ci ildə bu rəqəm 4 dəfə artaraq 5,4 milyard dollara çatıb və bu Bakıda guya böyük narahatlıq doğurub. Hər şey aydındır. Ermənilər dünyaya bu fikri təlqin etmək istəyirlər ki, Azərbaycan COP tədbiri ilə özünü dünyada ekoloji təmiz enerji növlərinin istehsalına keçmək istəyən ölkə kimi göstərmək istədiyi halda, əslində iqlimə böyük miqyasda mənfi təsir gücünə malik olan qazıntı yanacaqlarının - neftin və qazın istehsalına sərmayə qoyuluşunu ilbəil artırır.
Beləliklə, erməni mediası Azərbaycanın "yaşıl enerji" kursunun iradəvi və səmimi olduğuna dünyada şübhə toxumları səpməyə çalışır. Halbuki...
1. Azərbaycan rəsmən və açıq bəyan edib ki, dünyanın qazıntı yanacaqlarından belə tezliklə və tam imtinası mümkün deyil, proses on illərlə davam edəcək.
2. Azərbaycanın hələ uzun illər üçün daxili tələbatı və ixrac tələbatını ödəyə bilən neft-qaz ehtiyatları var.
3. Azərbaycan rəsmi bəyan edib ki, qazıntı yanacaqlarından istifadə etməklə yanaşı, neft və qazdan gələn gəlirin mühüm hissəsini alternativ enerji mənbələrinin yaradılmasına yatırım edir.
4. Azərbaycan rəsmən bəyan edib ki, alternativ enerjiyə keçid siyasəti bizim üçün dünyanı aldatmaq üçün oyun yox, bəşəriyyətin gələcəyi üçün narahatlıqdan doğan və konkret hədəfləri olan ciddi siyasətdir...”
Tahir TAĞIYEV