Seçkidən sonra partiya sədrlərinin istefası partiyaları böhrandan qurtara biləcəkmi?..
Məhərrəm Zülfüqarlı: “Son istefalar həmin siyasi təşkilatların fəaliyyətində dönüş yaratmayacaq”
Məlum olduğu kimi, son parlament seçkilərindən sonra bir neçə partiya sədri istefa verib. Səbəb odur ki, uzun illərdir siyasi təşkilatlara rəhbərlik etsələr də, seçkidə uğur qazana bilmirlər.
Ümumiyyətlə, onların sədrlikdən getməsinin həmin partiyaların fəaliyyətində hansısa dönüş yaradacağı nə dərəcədə realdır? Məsələ ondadır ki, 2003 seçkilərindən sonra 2004-cü ildə Etibar Məmmədov AMİP sədriyindən getdi. 2014-cü ildə İsa Qəmbər Müsavat Partiyası başqanlığından getdi. Ancaq bunların heç biri sözügedən partiyaların güclənməsinə, sıralarının genişlənməsinə gətirib çıxarmadı. Məsələn, 2014-cü ildən sonra Müsavat parçalanıb daha da zəflədi. O baxımdan İlqar Məmmədovun, Mirmahmud Mirəlioğlunun, Pənah Hüseynin istefası bu partiyaların fəaliyyətində nəyi dəyişəcək ki?
“90-cı illərdə Azərbaycanda yaranan partiyalar indiki mövcud partiyalardan qat-qat artıq nüfuza və sosial dayaqlara malik idilər”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bütün bunlara birmənalı yanaşmadı: “Məlum olduğu kimi, Azərbaycan çoxpartiyalı sistemə müstəqilliyini əldə etdikdən sonra keçib. 1992-ci ildə “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq partiyaların qeydiyyata alınması başlandı. İlk partiyalar qeydiyyatdan keçdi. Bu da normal bir haldır. Çünki hər bir demokratik cəmiyyət quran dövlətdə bu baş verir. Dünyada 5 əsas ideologiya var ki, partiyalar əsasən bunların əsasında formalaşır. Ancaq bunlardan 3-ü demokratik cəmiyyət quruculuğu üçün daha yararlıdır. Yoxsa sağ radikal faşist ideologiyası, sol radikal kommunist ideologiyası ilə normal cəmiyyət qurmaq olmaz. Bu siyasi təmayüllər insanları cəlb etmir. Əsasən sağ mərkəz, sol mərkəz və mərkəzçilik ideologiyası ilə siyasi partiyalar formalaşır. Tam məsuliyyətimlə deyə bilərəm ki, 90-cı illərdə Azərbaycanda yaranan partiyalar indiki mövcud partiyalardan qat-qat artıq nüfuza və sosial dayaqlara malik idilər. O cümlədən, proseslərə də təsir imkanları çox idi. Bunu o dövrdə müşahidə edən insanlar özləri də təsdiq edə bilərlər. Ancaq müasir dövrdə partiyalaşma prosesində müəyyən problemlər yarandı. Çünki Azərbaycanda yaranan partiyaların əksəriyyəti ideologiyaya deyil, şəxsiyyətə söykənirdi. Daha çox şəxsiyyət ətrafında birləşməyə üstünlük verirdilər. Bu da çoxpartiyalı sistemə uyğun olmayan haldır. Yəni insanlar ideoloji prinsiplərə görə partiya ətrafında birləşməlidir, nəinki şəxsiyyətin ətrafında. O cümlədən, sosial baza da xalq olmalıdır. Bizdə isə 90-cı illərin sonlarından başlayaraq partiyalar zaman-zaman öz sosial bazalarını itirməyə başladılar. Son istefalar həmin siyasi təşkilatların fəaliyyətində dönüş yaratmayacaq. Çünki Azərbaycanda çoxpartiyalı sistem üçün mühit hələ tam formalaşmayıb. Yəni sovet təfəkkürü və prinsipləri ilə idarəçilik imkan vermir ki, partiyalar arasında normal rəqabət olsun. Bu da ona gətirir ki, bir çoxları hakimiyyətə yaxın olan partiyalara meyl edir. Başqa mövqedən olan partiyalara isə maraq get-gedə zəifləyir. Bu da son seçkilərdə bir daha özünü göstərdi. Ümumən, milli azadlıq hərəkatının ortaya qoyduğu xadimlərin siyasi səhnədən getməsi heç də yaxşı hal deyil”.
Vidadi ORDAHALLI