“Paşinyan Zəngəzur dəhlizini”, “Lavrov “sülh qovşağını" sabotaj edir” - Kreml və İrəvan rəsmi atışdılar...
Əli Orucov: “Badalyanın arqumentlərini əsaslı hesab etmirəm”
Ermənistan hökuməti avqustun 20-də Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçməli olan nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan və Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılaşmanı guya İrəvanın sabotaj etməsinə dair iddialarını rədd edib.
Lavrovun bəyanatında deyilir: “Ermənistanın Sünik (Zəngəzur) vilayətindən keçəcək nəqliyyat marşrutuna gəlincə, baş nazir Nikol Paşinyanın imzaladığı bu razılaşmanı Ermənistan sabotaj edir. Belə bir mövqeyi başa düşmək çətindir”.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bəyan edib ki, razılaşmanı sabotaj edən Rusiyadır və o, bununla bağlı fikrini belə əsaslandırıb: “Açıq sənədlərdən başqa, Ermənistan heç bir başqa sazişin bir hissəsi deyil, ona görə də onları sabotaj edə bilməz. Moskva bəyan edir ki, yolun açılması məsələsi 2020-2022-ci illər üçün üçtərəfli bəyannamələrə uyğun olaraq həll edilməlidir. Bunu Bakıda ilk olaraq Rusiya prezidenti Putin, daha sonra isə xarici işlər naziri Lavrov vurğulayıb. Biz bir daha təsdiq edirik ki, “Dünyanın kəsişməsi” layihəsi çərçivəsində regional kommunikasiyaların açılması sözün əsl mənasında hər an mümkündür. Məhz “Dünyanın kəsişməsi” layihəsi regional kommunikasiyaların açılmasına yönəlib, onların bloklanmasına yox. “Dünyanın kəsişməsi” layihəsi bir sıra beynəlxalq tərəfdaşlar tərəfindən müsbət cavab aldı və bir neçə dəfə Rusiya Federasiyasının rəsmilərinə də təqdim olunub. Biz Rusiya Xarici İşlər Nazirliyinin tərəfdaşlarını qərəzli bəyanatlarla onu və ya Cənubi Qafqazda sülhün əldə edilməsi səylərini sabotaj etməməyə çağırırıq”.
Göründüyü kimi, Lavrov erməni tərəfini Zəngəzurdan keçən yolla bağlı sabotajda ittiham etdiyi halda, Ermənistan tərəfi də Rusiyanı öz arqumentləri ilə sabotajda ittiham edir.
“Zəngəzur dəhlizi açılsa, bu, bütün yolların açılmasına gətirib çıxaracaq”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, Rusiyanın Zəngəzurla bağlı öz maraqları olsa da, faktiki həmin yolun açılmasına mane olan Ermənistandır: “Düzdür, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasında Zəngəzur dəhlizi ifadəsi işlədilməyib. Ancaq hamıya bəllidir ki, Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi deyəndə burada dəhlizdən söhbət gedir. Doqquzuncu bənddə həmin yolun Rusiya FTX tərəfindən mühafizə olunması öz əksini tapıb. Məhz buna görə Lavrov bu dərəcədə Ermənistanı ittiham edir. Çünki Paşinyan hakimiyyəti bu bəndin yerinə yetirilməsində maraqlı deyil. Həm bu yola dəhliz statusunun verilməsinə qarşıdır, həm də yolun təhlükəsizliyinə Rusiyanın cavabdeh olmasına. Bax, məsələnin kökündə dayanan məqam budur. Ermənistan XİN rəsmisi Ani Badalyanın arqumentlərinə gəldikdə isə, bunları əsaslı hesab etmirəm. Niyə? Əvvəla, Zəngəzur dəhlizi açılsa, bu, bütün yolların açılmasına gətirib çıxaracaq. Həm Qazax-İcevan dəmir yolu, həm də digər kmmunikasiyalar açılacaq. O cümlədən, Ermənistanla Türkiyə sərhədləri açılacaq. Bütün bunlar nəticə etibarı ilə Ermənistanın “Dünyanın kəsişməsi” layihəsinin reallaşması üçün də hansısa maneənin qalmayacağı anlamına gəlir. Çünki siyasi maneə qalmayacaq. Ona görə də Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Ən başlıcası isə, sülh sazişinin imzalanmasını tezləşdirməlidir”.
Vidadi ORDAHALLI