"Tutulan Elmar Məmmədov da olsa, işin arxasında başqa adamlar da var" - Üzeyir Cəfərov
"Təəssüf ki, bəzi şəxslər orduya qazanc mənbəyi kimi baxır, onları Azərbaycan ordusu, hərbçilərimiz maraqlandırmır"
Məlum olduğu kimi, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov həbs edilib. Bu barədə KİV-in sorğusuna cavab olaraq hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib. Qeyd edək ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi, polkovnik Məmmədov Elmar Heybətqulu oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
"Orduda mənzil tikintisi, cari təmir, qida və digər məsələlərlə bağlı qanun pozuntusu edən şəxslərin "əli kəsilməlidir"
Mövzu ilə bağlı fikir bildirən hərbçi ekspert Üzeyir Cəfərov baki-xeber.com-a şərhində bildirdi ki, Müdafiə Nazirliyi və bəzi qurumlarda müəyyən işlərin görülməsinə ehtiyac var: "Konkret şəxslər var ki, zamanında əsgər payına göz dikib. Orduda mənzil tikintisi, cari təmir, qida və digər məsələlərlə bağlı qanun pozuntusu edən şəxslərin "əli kəsilməlidir". Ordu xeyriyyə müəssisəsi deyil ki, kim istəyir ordan nə gəldi götürsün. Bu kimi faktlar dəfələrlə qeydə alınıb, hətta ictimaiyyətə də açıqlanıb. Bu səbəbdən də hesab edirəm ki, qanun pozuntusu edən istənilən şəxs qanunvericiliyin tələbinə uyğun şəkildə cəzalandırılmalıdır". Həmsöhbətimiz hesab edir ki, təqsirləndirilən Elmar Məmmədov olsa da, bu işin arxasında başqa şəxslər də var. İşlərə cavabdehlik daşıyan, göstəriş verən aidiyyəti şəxslər də məsuliyyətə cəlb olunmalıdır: "Təəssüf ki, bəzi şəxslər orduya qazanc mənbəyi kimi baxır. Onları Azərbaycan ordusu, hərbçilərimiz maraqlandırmır. Bu tip şəxslərin ordudan uzaqlaşdırılması daha məqsədəuyğundur".
Günel CƏLİLOVA