Sucanı ələ keçirən Ukrayna ordusu Kursk AES-a yaxınlaşır - Rusiya “Vaqner”i də bölgəyə göndərdi...
Ukraynanın Rusiyanın cənubundakı Kursk sərhədlərinə doğru avqustun 6-da irəliləməsi ilə müharibədə daha bir cəbhə açıldı. Bölgədə şiddətli toqquşmalar gedir, çoxlu sayda ölən və yaralanan var. Rusiya Kursk vilayətində “federal fövqəladə vəziyyət” elan edib. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov “Telegram” kanalında verdiyi açıqlamada regionda vəziyyətin “çətin” olduğunu bildirib.
Bölgədə mülki sakinlərin təxliyə prosesi də davam edir. Təxliyə edilənlər üçün yaradılmış 20-dən çox müvəqqəti məskunlaşma mərkəzinə ölkənin müxtəlif bölgələrindən humanitar yardımlar daşınır.
Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə irəliləyişlərini dayandırdığını açıqlayan Rusiya Müdafiə Nazirliyi, qarşıdurmaların davam etdiyi Kurskun Sujdanski bölgəsinə əlavə qoşunlar və ağır silahlar göndərib. Nazirlik sərhədə doğru yola salınan zirehli texnikanın görüntülərini də yayıb. Göndərilən texnikalar arasında BM-21 Qrad reaktiv yaylım atəşi sistemləri, artilleriya, tanklar, ağır tırtıllı maşınlar, "Ural" və KAMAZ maşınları da var.
Bundan başqa, Rusiya sosial media və mətbuatında yayılan xəbərlərdə “Vaqner” muzdlularının da bölgəyə getdiyi iddia edilir. “Vaqner”ə yaxınlığı ilə tanınan “Razgruzka Vaqnera” Telegram kanalında verilən açıqlamada “Qüvvələrimiz ilk çağırışda Vətənin köməyinə getməyə və həmişə olduğu kimi döyüşməyə hazırdır" deyə bildirilib.
Bu arad, Ukrayna ordusu 35 kilometr irəliləyə bilib və hazırda Kursk Atom Elektrik Stansiyasından cəmi 15 kilometr uzaqda olduqları bildirilir.
Məlumata görə, sərhəd bölgəsində kritik Suca qəsəbəsini ələ keçirdikdən sonra ukraynalı əsgərlər kiçik qruplar halında Kursk Atom Elektrik Stansiyası istiqamətində irəliləməyə başlayıblar.
Qarşıdurmaların yaşandığı bölgədə yerləşən Kursk Atom Elektrik Stansiyasının işində də fasilələr yaranıb.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Ukrayna ordusunun avqustun 6-da Kursk bölgəsində başlayan qarşıdurmalarda 945 əsgər və 102 zirehli texnika itirdiyini qeyd edib.
TAHİR