Bakı məktəblərində 12-ci sinfi bitirənlər də var?
Kamran Əsədov: “Fiziki məhdudiyyətli və görmə əngəli olanlar 1 il artıq təhsil alır”
Dünyanın bir çox qabaqcıl ölkələrində təhsil müddətinin artırılması istiqamətində artıq müəyyən addımlar atılıb və bu proses davam etməkdədir. Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir.
Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik məlumatlara görə, belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir.
Bakı Şəhər Təhsil İdarələrinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 12-ci sinifini 125 nəfər bitirib. Ümumilikdə bu il I sinifləri 42 070, IX sinifləri 43 664, XI siniflərini 28 993, XII sinifləri isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, bu dövrdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, səriştəəsaslı məzmunun tətbiq olunması, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi, rəqəmsal səriştələrin artırılması və digər müvafiq istiqamətlərin hər biri əsas məqsədlər kimi diqqətdə saxlanılıb. Statistik məlumatlara görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 691 təhsil müəssisəsi fəaliyyət göstərir. BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 389 şagirdin təlim-tərbiyəsi ilə 29 767 müəllim məşğul olub.
Maraqlıdır, 12-ci sinifdə təhsil alanlar kimlərdir? Burada təhsil almaq üçün tələb edilən şərtlər hansılardır?
“Ölkə üzrə tək 11 illik deyil, eyni zamanda, 12-ci sinifdə oxuyanlar da var”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda ölkənin 4432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Bu şagirdlərin 600 minə qədəri paytaxt Bakının payına düşür: “2009-cu ildə qəbul edilmiş Təhsil haqqında qanuna görə Azərbaycanda 6 yaşdan etibarən şagirdlər 1-ci sinfə qəbul edilir. Deyim ki, ölkə üzrə tək 11 illik deyil, eyni zamanda, 12-ci sinifdə oxuyanlar da var. Təhsil haqqında qanuna görə 9 illik təhsil icbaridir. Bir qisim şəxslər var ki, onlar 12-ci sinif oxuyur. Bu şəxslər fiziki məhdudiyyətli və görmə əngəli olanlar 1 il artıq təhsil alır. Bundan başqa tədrisi fərqli dillərdə olan özəl liseylərdə də 12-ci sinif mövcuddur. Həmçinin, 11-ci sinif də qalanlar da 1 il artıq oxuyur. Bu şəxslər 12-ci sinfi bitirdiyinə görə təhsili başa vurduğuna dair attestat alır”.
Günel CƏLİLOVA