Kanada Fransanın yolunu gedir - eyni ermənipərəstlik, eyni antiazərbaycançılıq...
Təbriz Musayev: “Kanadada heç 60 min erməni yaşamır, amma bu ölkə erməni lobbisinin əlində alətə çevrilib”
Azərbaycanın müstəqilliyini ilk tanıyanlar (1991-ci il, 25 dekabr) sırasında Kanada da olub. Orada səfirliyimiz 2004-cü ildə açılıb. Bütün bunlara baxmayaraq, Kanadanın adı xüsusilə 44 günlük müharibədən sonra Azərbaycanda mənfi mənada çox hallanır. Bu ölkə erməni və Ermənistanı özünə dost bilib, Azərbaycana münasibətdə isə qərəzli mövqe sərgiləyir.
Kanada ilk belə qərəzli bəyanatı 2020-ci ilin oktyabrında verib. İşğalçıya qarşı “Bayrakdar”lardan istifadə etdiyimiz üçün Kanada Türkiyəyə PUA-lar üçün optik cihazlar satmağı qadağan edib. Ondan sonra da Kanada Azərbaycanın əleyhinə bir sıra addımlar atıb.
Bu arada Kanada xarici işlər naziri Melani Colini İrəvanda bəyan edib ki, Azərbaycana qarşı sanksiya məsələsi artıq masa üzərindədir. Ancaq kanadalı nazir söhbətin hansı sanksiyalardan getdiyini açıqlamayıb: “Azərbaycana qarşı sanksiyalar məsələsi artıq masa üzərindədir. Biz Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşacağını düşünürük. Bu, diqqətdə saxlayacağımız məsələdir”.
Məgər, Azərbaycan Ermənistana hücum edib ki, Kanada belə narahatdır?
- “Uzun illərdir separatizm təhdidi ilə üz-üzə olan ölkənin belə mövqe sərgiləməsi təəccüb doğurur”
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Kanada rəsmilərinin belə məntiqsiz açıqlamalarla çıxış etməsi anlaşılan deyil: “44 günlük Vətən müharibəsinə qədər Kanada əsasən neytral mövqedən çıxış edirdi. Əfsuslar olsun ki, müharibə başlayandan sonra Kanada açıq-aşkar ermənipərəst mövqedən çıxış etməyə başladı. Qarabağ məsələsinin əsl mahiyyətini bilmədən ermənipərəst mövqe sərgiləyirlər. Məsələnin təəccüb doğuran tərəfi odur ki, Kanada uzun illərdir separatizm təhdidi ilə üz-üzədir. Kanadanın Kvebek vilayətində fransız azlıq müstəqil olmaq istəyir. Bu baxımdan Kanada separatizm məsələsində daha diqqətli mövqedən çıxış etməlidir. Ancaq əfsuslar olsun ki, biz bunun tam əksini görürük. Əhalisi 34 milyon olan Kanadada heç 60 min erməni yaşamır, amma bu ölkə erməni lobbisinin əlində alətə çevrilib. Qondarma “erməni soyqırımı”nı tanıyan ölkələrin içində Kanada ön sırada gəlir. İndi də Kanada xarici işlər naziri Melani Colini erməni ağzı ilə danışaraq Azərbaycanı təhdid edir. Nə haqla? Məgər Azərbaycan Qarabağdan etnik erməniləri zor gücü ilə çıxarıb? Kanada sanksiya tətbiq edib nə edəcək ki? Azərbaycanla Kanada arasında elə bir böyük ticarət döveyyəsi yoxdur. O üzdən, belə məsuliyyətsiz çıxışlara son qoymalıdılar. Məsələnin əsl mahiyyətini bilmədən erməni lobbisinin əlində alət olmamalıdılar. Kanada hakimiyyəti nəzərə almalıdır ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır”.
Vidadi ORDAHALLI