Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...
Mətanət Əliyeva: “Yeni doğulan körpələrdə sarılıq tez-tez rast gəlinən vəziyyətdir”
Son dövrlər Azərbaycanda da uşaq ölümlərinin sayı ictimaiyyətdə narahatlığa səbəb olub. Rəsmi məlumatlara görə, ötən il ölkədə 2 min 39 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.
Həmçinin 531 körpə ölü doğulub. Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dır. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qurumun ilin yekunlarına dair keçirdiyi brifinqdə çıxışı zamanı da deyib ki, son illər nəinki Azərbaycanda, eləcə də bütün dünyada körpə ölümlərinin sayı artır. O bildirib ki, bu məsələdə TƏBİB də müəyyən səbəbləri araşdırır, çünki burada bir çox nüanslar var: "Ölümə səbəb olan halların aradan qaldırılması üçün aidiyyəti üzrə danışıqlar aparılır".
Maraqlıdır, körpə ölümlərinin sayının artmasına səbəb nədir?
“Patoloji keçən hamiləliyin sayı çox olduğuna görə, təbii ki, 1 yaşına qədər olan körpələrin ölüm sayı artmaqdadır”
Pediatr Məranət Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yeni doğulan körpələrdə müxtəlif problemlər müşahidə oluna bilər: “Yeni doğulan körpələrdə sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq müxtəlif xəstəliklərin, o cümlədən ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qara ciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir. Onu da deyim ki, ötən il ölkədə qızılca epidemiyası yayılmışdı və bu xəstəlik uşaqlar arasında xeyli ölüm hallarına səbəb oldu. Həmçinin, irsi-genetik xəstəliklər də son vaxtlar həddindən artıq çoxalıb. Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdir gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər. Biz sağlam uşaq əldə etmək istəyiriksə, bunlardan uzaq durmalıyıq. Sonra yeni doğulanların 3-7-ci günündə edilən daban testi müayinəsi var ki, bu testdən keçmək vacibdir. Bu müayinə icbari tibbi sığorta hesabına aparılır. Bu müayinə ilə bir çox xəstəlik vaxtında aşkar olunur və həmin xəstəliklərin proqressiv inkişafının qarşısı alınır. Yaxşı olar ki, analar hamiləlikdən öncə müvafiq infeksiyalara qarşı vaksinasiyalardan keçsin. Müayinə olunmalı, orqanizmin hamiləliyə uyğun olması müəyyən edilməli, hamiləlik nəzarət altında keçməlidir. Pandemiyanın özü də bu məsələyə neqativ təsir göstərdi. Patoloji keçən hamiləliyin sayı çox olduğuna görə, təbii ki, 1 yaşına qədər olan körpələrin ölüm sayı artmaqdadır. Bundan başqa, hər bir ölüm halı ayrıca tədqiq edilməli, səbəblər araşdırılmalı, ümumiləşdirilməli, aradan qaldırmaq üçün tədbirlər görülməlidir”.
Günel CƏLİLOVA