KÖHNƏ VERSİYA            

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

Image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

Müsahibəni təqdim edirik.

Azərbaycan Televiziyasından Vüsal Mətləb: Xoş gördük, cənab Prezident. Əvvəlcə, icazənizlə, artıq ənənəyə çevrilmiş bu müsahibə formatına görə Sizə təşəkkür etmək istəyirik. Çünki bu, bizə ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı Sizin fikirlərinizi ətraflı şəkildə öyrənmək imkanı yaradır. Növbəti belə fürsət üçün minnətdarıq.

İstərdim, 2024-cü ilin yekunları ilə başlayaq. 2024-cü ilin sosial-iqtisadi yekunlarının göstəriciləri barədə nə demək olar və bu göstəricilər 2025-ci il üçün hansı proqnozlara əsas yaradır?

Prezident İlham Əliyev: Keçən il iqtisadi inkişaf baxımından yenə də uğurlu il olmuşdur. Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Hesab edirəm ki, inkişaf templəri, bugünkü dünyanın mənzərəsinə nəzər salsaq, müsbət sayıla bilər. Yəni, ümumi daxili məhsul 4 faizdən çox artmışdır. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Çünki bildiyiniz kimi, biz son vaxtlar neft hasilatında tənəzzüllə üzləşmişdik və hesab edirəm ki, aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək. Ona görə biz ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, ilk növbədə, qeyri-neft sektorunun parametrlərini nəzərə alırdıq. Burada da inkişaf daha uğurludur, 6 faizdən çox artıbdır. Nəzərə alsaq ki, artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Yəni, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır.

Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Yəni, onlar da reallıqları inkar edə bilməzlər. Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.

O ki qaldı maliyyə vəziyyətimizə, biz keçən il maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bilmişik. Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır.

İkinci vacib göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir. Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir. Burada da bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni, əgər kimsə mənə ikinci belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Mən hələ beş il bundan əvvəl, bizim xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizini, ona yaxın faizi təşkil edəndə qarşıya hədəf qoymuşdum ki, biz bunu 10 faizə endirməliyik. İndi 7.2 faizdir, yəni, xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5.2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb. Mənim tərəfimdən müvafiq göstərişlər verilib.

Əlbəttə ki, büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir: həm parametrlər, həm dinamika. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək.

Bildiyiniz kimi, bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Əgər biz bu artımı inflyasiyanın dərəcəsi ilə müqayisə etsək, - hansı ki, keçən il 2 faizdən bir qədər çox idi, - yəni, bu artım məhz az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik.

AnewZ Televiziyasından Qay Şoun: Cənab Prezident, bu müsahibə imkanına görə AnewZ kanalı adından Sizə təşəkkür etmək istərdim. İngilis dilində fəaliyyət göstərən beynəlxalq kanal olaraq tamaşaçılarımız üçün suallarımızı ingilis dilində cavablandırdığınıza görə Sizə təşəkkürümü bildirirəm.

Sualım COP29 ilə bağlıdır. Demək olar ki, bütün dünyadan iştirakçılar Bakıya gəldilər və gərgin müzakirələr aparıldı. İştirak etməyənlər də diqqət çəkdi – Fransa prezidenti, Avropa Komissiyasının Prezidenti. Lakin buna baxmayaraq, razılıq əldə edildi. Tədbir çərçivəsində nailiyyətlər haqqında fikirlərinizi öyrənmək istərdik. Habelə cari və növbəti ildə irəliləyişi təmin etmək üçün hansı addımlar atılmalıdır?

Prezident İlham Əliyev: Bəli, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Əlbəttə, biz tam dərk edirdik ki, Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib deyil və bu işdə dünyanın bir araya gəlməsində mühüm rol oynaya bilməz. Lakin hesab etdik ki, beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət bizə körpülər qurmaqda yardımçı olacaq.

Beləliklə, biz 2023-cü ilin dekabrında, COP29-a ev sahibliyi etmək imkanını əldə edən kimi bu mövzunun mahiyyəti ilə daha dərindən məşğul olmağa başladıq. Səmimi desəm, buna qədər biz prosesdə o qədər də fəal iştirak etmirdik. Bu işdə uğura nail olmaqda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında olan etimadsızlıqdır - ətraf mühiti ən çox çirkləndirən ölkələr və bundan əziyyət çəkən ölkələr. Biz disbalansı görürük – iqlim dəyişikliyi nəticəsində bəzi ölkələrin mövcudluğu təhlükə altındadır. Emissiya baxımından onların payı 0.1 faizdir, lakin onların, xüsusilə də kiçik ada dövlətlərinin həyatı və gələcəyi təhlükə altındadır.

Yəni, biz hazırlıq işlərinə başladıq və Qlobal Cənub çərçivəsində olduqca fəal iş apardıq. Biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər.

Biz dərhal iki istiqamətdə işə başladıq - hazırlıq və məzmun. Hər iki istiqamətdə çoxsaylı çətinliklər var idi, lakin yekun nəticə bunun uğur hekayəsi olduğunu sübut etdi. Hazırlıq bizim üçün böyük çağırış idi, çünki əvvəlki COP-lardan fərqli olaraq hazırlıq üçün 2 il deyil, cəmi 11 ay vaxtımız var idi. Biz stadion və onun ətrafında nəhəng qurğular inşa etməli idik – bu, 200 min kvadratmetrə yaxın qapalı məkan idi. Tədbirin təşkilatçılığı hər kəsdə məmnunluq doğurdu. Bu, təkcə həmin məkanın qurulması demək deyil. Buraya logistika, nəqliyyat, yerləşmə, mehmanxanaların sertifikatlaşdırılması, qonaqların yerləşdirilməsi üçün əlavə yerlərin müəyyən edilməsi daxil idi. Nəzərə alsaq ki, bizdə 197 ölkədən 76 min iştirakçı qeydiyyatdan keçmişdi, bunun üçün kifayət qədər yerimiz yox idi.

Daha bir gözləmədiyimiz problem COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri idi. Bu, olduqca gözlənilməz idi. Hesab edirəm ki, bu tədbirə ev sahibliyi etmiş heç bir ölkə bu dərəcədə müqavimətə rast gəlməmişdir. Lakin biz bunun da öhdəsindən gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, siz də qeyd etdiyiniz kimi, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.

Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Hətta Avropa Komissiyasının təşəbbüsü əsasında Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya liderlərinin iştirakı ilə yaşıl kabel layihəsinə həsr edilmiş xüsusi sessiya da təşkil ediləcəkdi. Gərgin qrafikə baxmayaraq, biz bu sessiya üçün xüsusi vaxt tapa bildik. Buna baxmayaraq, səfər son anda təxirə salındı və bu, gözlənilməz oldu.

Bilirəm ki, COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə səfər etdi - tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur.

Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10 şikayətimiz var idi və onlar dərhal həll edildi.

Nəticələrə gəldikdə, çoxları bunu Bakı Nailiyyəti adlandırır və mən bununla razıyam. Çünki təqribən 10 il ərzində tərəflər karbon bazarı ilə bağlı razılığa gələ bilmirdi və COP-un ilk günlərində artıq uğur əldə edildi – karbon bazarına dair Paris Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edildi. Bu, əhəmiyyətli uğur idi və hər kəs bundan məmnun qaldı. Yəni, on il ərzində razılaşdırıla bilinməyən məsələ Bakıda öz həllini tapdı.

Əlbəttə, COP-un əsas mövzularından biri maliyyələşmə məsələsi idi. Bilirəm ki, 1 trilyon dollar civarında gözləntilər var idi, ancaq bu, tamamilə qeyri-real rəqəm idi. Nailiyyət isə ondan ibarət oldu ki, biz qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləği 3 dəfə artıra bildik. Çünki COP29-dan əvvəl razılaşdırılmış rəqəm 100 milyard dollar idi. Burada - Bakıda biz onu 300 milyard dollara çatdırdıq. Yəni, kimsə iddia edirsə ki, bu, uğursuzluq idi, bu, ədalətsizlikdir. Bu, nailiyyət idi və bu, gələcək üçün bir miras oldu.

Bundan başqa da mühüm təşəbbüslər oldu – Azərbaycanın irəli sürdüyü təşəbbüslərin sayı 14 idi. Onların hamısını sadalamaq istəmirəm. Lakin bu, bizim bu məsələyə nə qədər ciddi yanaşdığımızı göstərir. Əlbəttə ki, digər COP tədbirlərində istifadə olunacaq daha bir miras hazırkı, keçmiş və gələcək COP-a ev sahibliyi edən ölkələr arasında “Troyka” mexanizmidir. Bu, bir sinerji yaradır, çünki biz BƏƏ-də əldə edilmiş uğur üzərində uğur qazandıq – mən COP28 BƏƏ Konsensusunu nəzərdə tuturam. Biz onların təcrübəsindən istifadə etdik və bu il Braziliyada keçiriləcək COP zamanı orada BƏƏ və Azərbaycanın əldə etdiyi uğura uğur əlavə olunacaq.

Bizim yaşıl gündəliyimiz daha bir mövzudur. Bu, tamamilə qlobal yaşıl keçid və yaşıl gündəliyə uyğundur. Biz artıq bir çox işlər görmüşük və yaxın gələcəkdə nəzərdə tutulmuş çoxsaylı layihələrimiz var.

Beləliklə, mən bunu bir daha çox böyük uğur adlandırardım. Bizim üçün daha bir mühüm amil ölkənin təqdimatı idi. Bizim regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Mənim görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər. Çünki Azərbaycan haqqında məlumat qıtlığı, ölkəmiz haqqında məqsədyönlü dezinformasiya bir çoxlarının fikirlərinə təsir edir və onlar Azərbaycana gəlib fəal cəmiyyət, savadlı insanlar, peşəkar personal, şəhərin gözəlliyi və cəmiyyətdə ümumi rahatlığı gördükdə, bu, əlbəttə ki, fərqli təəssürat yaradır.

Beləliklə, biz müxtəlif hədəflərə çatmışıq və bu, Azərbaycanın növbəti uğurudur.

İctimai Televiziyadan Nigar Sabirqızı: Cənab Prezident, Siz COP29 barədə danışdınız. Təbii ki, COP29 Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun bir göstəricisi idi. Elə mənim də sualım Azərbaycanın beynəlxalq aləmdəki yeri ilə bağlı olacaq. Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Bu yaxınlarda - ötən ilin sonu, yəni dekabrın 19-da Azərbaycan daha bir nüfuzlu təşkilat olan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. D-8-ə üzvlük, - Azərbaycanın dünya siyasi sistemində yeri barədə, yəni mən istərdim soruşum, bu, Azərbaycan üçün nə deməkdir, bizim ölkəmiz üçün hansı perspektivlər açır?

Prezident İlham Əliyev: Bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Siz də yaxşı bilirsiniz ki, bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin.

Bizim namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə olmuşdur. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mən hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də qonaq qismində iştirak etmişdim, təqribən 7-8 il bundan əvvəl. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi.

Biz əlbəttə ki, üzv ölkələrlə daha sıx təmasda olacağıq. Halbuki bu günə qədər də bütün üzv ölkələrlə bizim çox fəal münasibətlərimiz var. Biz bu qərarı yenə də uğurlarımızın qəbul olunması hesab edirik və yenə də deyirəm, bu, sadəcə olaraq, birinci addımdır. Əsas məsələ D-8-in gələcək fəaliyyəti ilə bağlı olacaq. Əlbəttə ki, bizim öz fikirlərimiz, öz gündəliyimiz var. Biz üzv ölkələrlə daim təmasda olaraq öz təkliflərimizi verəcəyik. Düşünürəm ki, D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Hesab edirəm ki, bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq və ola bilsin ki, digər ölkələr dəvət ediləcək. Əlbəttə ki, bu məsələlərə konsensus əsasında baxılacaq.

Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. Əgər siz İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsəniz görərsiniz ki, bütün dövrlərdə bu təşkilat, - hansı ki, bütün müsəlman ölkələrini birləşdirir, - Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Bizim İslam həmrəyliyi ilə bağlı addımlarımız, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi. Biz bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edirik. Biz bütün təşkilatlarda, əgər hansısa təşkilatda rəhbər vəzifəyə seçim keçirilirsə və orada müsəlman ölkəsinin nümayəndəsi varsa, mütləq avtomatik olaraq, o nümayəndəyə səsimizi veririk. Yəni, bu, mənim göstərişimdir və bir dəfə verilmiş göstəriş, yenə də deyirəm, avtomatik həll olunur. Biz bir çox müsəlman ölkələrinə yardımlar etmişik. Düzdür, biz bununla öyünmürük və edəndə də bunu çox da işıqlandırmırıq. Amma hətta mətbuata gedən məlumat kifayətdir deməyə ki, bu sahədə də çox fəalıq, həm COVID dövründə, həm digər məsələlərdə, Fələstin xalqının üzləşdiyi bu fəlakətlə bağlı yenə də biz ön sıralarda olmuşuq. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi və biz istənilən digər yardımları göstərməyə hazırıq. Bu məqsədlə Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti bu yaxınlarda Suriyaya səfər etmişdir.

Yəni, bütün müsəlman ölkələrinin maraqlarını biz öz maraqlarımız kimi qəbul edirik, bəlkə də o cümlədən buna görə D-8-in genişlənməsi siyasətindən sonra birinci seçim Azərbaycan olmuşdur. Əlbəttə, burada ölkəmizin həm iqtisadi potensialı, siyasi çəkisi, hərbi gücü nəzərə alınıbdır. Bax, dediyim İslam həmrəyliyi ilə bağlı siyasətimiz nəzərə alınıbdır və eyni zamanda, bu təşkilat öz coğrafiyasını da genişləndirir. Artıq D-8 həm Qafqaz, həm də Xəzər regionuna genişlənib və coğrafiyamız nə qədər geniş olsa, imkanlarımız da o qədər geniş olacaq.

İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. İkinci Dünya müharibəsindən sonra yaranmış sistem artıq öz potensialını itirib. Bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir. Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib. Bunu mən demirəm. Bunu Amerikanın bir neçə gündən sonra Prezidenti olacaq cənab Tramp deyir. Təbii olaraq, bu boşluqlar daha da genişlənəcək və burada yeni aktorun, yeni, ciddi oyunçunun ciddi gündəliklə daxil olması zərurətdir. Məsələn, biz hesab edirik ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır.

Nigar Sabirqızı: Çox sağ olun.

CBC Televiziyasından Sənan Rzayev: Cənab Prezident, bizim telekanalın yayım dili rus dilidir. İcazənizlə, mən Sizə sualı rusca verərdim.

Prezident İlham Əliyev: Buyurun, əlbəttə.

Sənan Rzayev: Cənab Prezident, ötən ildən söhbət düşmüşkən, əlamətdar hadisələrdən biri də Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi oldu. Diqqəti cəlb edən odur ki, bu, belə demək mümkündürsə, İrəvan ilə Bakı arasında hansısa dialoq nəticəsində baş verdi. Bununla yanaşı, hətta gözlənilməz olsa da, həmin sahədə qısa müddət ərzində dövlət sərhədinin müəyyən hissəsinin delimitasiyası və demarkasiyasına nail olundu. Sizin fikrinizi öyrənmək istərdim: necə hesab edirsiniz, buna nail olmağa imkan verən hansı amillər uğurun təminatı oldu? Çünki Ermənistanla, yumşaq desək, bizim qarşılıqlı münasibətlərimiz çox da sadə deyil, burada isə belə bir hadisə baş verdi.

-Deyərdim ki, bu, dialoq deyil, monoloq nəticəsində baş verdi. Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır. Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini.

Düşünürəm ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və hətta deyərdim ki, üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Amma həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmadı, lakin bilirdik ki, bütün hallarda biz ona nail olacağıq. Bütün ərazilərimiz üzərində tam nəzarəti qaytaracağımızı bildiyimiz kimi. Çünki 2020-ci il 10 noyabr Bəyanatı işğal məsələsini tam həll etmirdi, bizim hamımız bunu yaxşı bilirik. Ona görə də sərt strateji məntiqlə hərəkət edərək, biz ardıcıl, məqsədyönlü şəkildə və təkidlə addımlar atırdıq. Vətən müharibəsi, Azərbaycan ilə Ermənistan arasında şərti sərhədin müəyyən dərəcədə dəqiqləşdirilməsi, antiterror əməliyyatı və Qazax rayonunun dörd kəndi. Onlardan biri hələ Sovet İttifaqı dövründə, 1990-cı ildə işğal olunmuşdu, digər üçü 1992-ci ilin yazında işğal edilmişdi. Beləliklə, ötən ilin fevralında Münxendə Ermənistanın baş naziri ilə görüşdə bu məsələ monoloq şəklində qoyuldu. Şadam ki, biz bu kəndləri qaytarmaq üçün başqa metodlara əl atmalı olmadıq. Zənnimcə, son dörd ilin dərsləri, - hərçənd erməni tərəfindən onlar hələ tam dərk olunmayıb, - nəzərə alınır. Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir.

Beləliklə, biz bu məsələdə ədalətə nail olduq, ərazilərimizi bərpa etdik. İndi mənim tərəfimdən artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub. Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var. Ona görə də mən tapşırıq verdim ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün biz, ilk növbədə əhalimizin təhlükəsizliyi haqqında düşünməliyik.

Beləliklə, düşünürəm ki, proses maksimum şəffaf oldu, həmçinin ermənilərin yeni himayədarları tərəfindən müsbət qarşılandı, çünki demarkasiya prosesi də aparıldı. Əlbəttə, bu, sərhədin bütün perimetri üzrə dəqiqləşdirmə üçün təkan verməlidir. Delimitasiya və demarkasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının razılaşdırdığı protokol elə ondan xəbər verir ki, sərhədin dəqiqləşdirilməsi zamanı bir çox amillər – təhlükəsizlik, kommunikasiyalar, yaşayış məntəqələri, tarixi, ekoloji amillər və sair nəzərə alınmalıdır. Yəni, Ermənistan ilə Azərbaycan arasında mövcud olan şərti sərhəd, birincisi, ehkam deyil. Bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, bunun üçün mənim dediyim bir çox bu və ya digər amillərin dəqiqləşdirilməsi tələb olunur. Amma bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur. Beləliklə, yaşayıb görərik.

“REAL” Televiziyasından Vəfa Ağabalayeva: Cənab Prezident, Azərbaycanın müstəqil ölkə kimi güclənməsi onun düşmənlərinin, rəqiblərinin kinini, qəzəbini artırır. Sizin də şərhinizdə biz buna əmin olduq. Qərb dairələrinin həyata keçirdiyi prosesləri, yəqin ki, artıq bu mərhələdə bir növ soyuq müharibə də adlandırmaq olar. Sualım Azərbaycanın yeni dövlət büdcəsi ilə bağlı olacaq. Konkret desəm, söhbət təhlükəsizlik və hərbi məsələlər üçün ayrılan vəsaitlərdən gedir. Elə dünən yenə Ermənistan hərbi birləşmələri Azərbaycan ərazilərini növbəti dəfə atəşə tutdular. Bu, yenə təxribatdır. Bu yeni xərclər və təhlükəsizlik məsələlərinə ayrılan həmin o vəsaitlər necə xidmət edəcək ki, bizim Qərb qonşularımızda yenidən revanşizm meyilləri baş qaldırmasın, ələlxüsus konstitusiyaları dəyişdirilsin və qonşularının ərazilərinə iddia etməsinlər?

Prezident İlham Əliyev: Bəli, tamamilə haqlısınız. Mən artıq bildirdim ki, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Mən bunu artıq bir dəfə demişəm: biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləyirik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Mən onu da bildirmişdim ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil.

Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bizdə olan məlumata görə, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Biz onlara bu barədə artıq bildirmişik. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. O cümlədən, bildiyiniz kimi, Avropa İttifaqı Şurasının Prezidentinin təşəbbüsü ilə Brüsseldə bir çox görüşlər keçirilmişdir. Artıq buna da son qoyuldu. Yəni, biz ikitərəfli danışıqlar formatının tərəfdarıyıq və əlbəttə ki, Azərbaycan bu məsələnin tərəfi kimi öz mövqeyini müdafiə edəcək.

Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər. Ermənistanın müttəfiqləri, havadarları təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! Çünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq.

Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verir? Hər kəs özü görür. Dünən Fransa Prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb. Yəni, Ermənistan bunu çox ciddi ölçüb-biçməlidir. Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu. Təsadüfi deyil ki, Baydenin son qərarlarından biri Sorosu Amerikanın ən yüksək mükafatı ilə təltif etməsi idi. Yəni, bu sorosçular faktiki olaraq mövqelərini itirirlər. Ermənistan rəhbərliyi bunu da nəzərə alsın. Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın.

Vüsal Mətləb: Cənab Prezident, indi söylədiyiniz fikirlərin davamı olaraq soruşmaq istəyirəm. Ermənistanın silahlanma yarışı və bəzi ölkələr tərəfindən, bəzi qüvvələr tərəfindən Ermənistanın cidd-cəhdlə silahlandırılması təbii ki, regionun təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ancaq bizi maraqlandıran, qayğılandıran başqa bir məsələ də var. Bizim Böyük Qayıdış və bərpa-quruculuq məsələsi. Bu proses bizim böyük qayıdışımıza mane olmayacaq ki, ləngiməyəcəyik ki?

Prezident İlham Əliyev: Əlbəttə, müəyyən dərəcədə mane olur. Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara. Amma buna baxmayaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə.

Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Yəni, biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni, resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni, biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.

Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. Ümumi rəqəmləri gətirməklə kifayətlənirəm. Amma hesab edirəm ki, Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq.

Sənan Rzayev: Cənab Prezident, Fransa ilə bağlı dediklərinizin və həmkarlarımın qaldırdıqları mövzunun qismən davamı olaraq soruşmaq istəyirəm. Orada həqiqətən bir az qəribə, təəccüblü şərait yaranır. Yenə də Sizin qeyd etdiyiniz Fransa prezidentinin həmin çıxışı ilə bağlı, əgər qısa desək, belə çıxır ki, Fransanın bütün problemləri həqiqətən də Azərbaycanla bağlıdır. Bu, təəccüb doğurur. Ona görə də mən bir neçə sual vermək istərdim. Birincisi, dövlət başçısı kimi, Siz cari ildə Azərbaycan-Fransa münasibətlərində baş verənləri nəzərə alaraq vəziyyəti necə qiymətləndirirsiniz, biz bu münasibətlərin pisləşməsində müəyyən bir həddə çatmışıq və ya hələ hər şey irəlidədir? Bu, bir məqamdır. İkinci məqam. Sadəcə istəyirəm ki, Siz bunu bir qədər geniş izah edərdiniz. Siz Fransa prezidentinin reaksiyalarından danışdınız. Qəribə səslənsə də, bəlkə Siz bu məsələdə şəxsi amil, Fransa prezidentinin Azərbaycana münasibətdə şəxsi reflekslərini görürsünüz? Çünki bəzən Fransanın bu vəziyyətdən xeyrinin nədən ibarət olduğu o qədər də aydın deyil. Sonuncu sual. Azərbaycan-Fransa münasibətlərinin tarixi qədimdir, yüksəliş və enişlərlə müşayiət olunub. Siz Azərbaycanın müəyyən mənada Fransanın daxili siyasi gündəliyi olduğunu, yəni, fransız siyasətçisinin məhz Azərbaycan haqqında danışdığı fikri ilə razısınız?

-Təəssüf ki, bu, belədir. Sonuncu sualdan başlayım. Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur. Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir. Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi, Paris meri də, yeri gəlmişkən, o, seçkilərdə namizədliyini irəli sürmüşdü. Parisin daxil olduğu regionun qubernatoru da seçkilərdə prezident Makronun rəqibi idi və bu yaxınlarda qısa müddətdə Baş nazir vəzifəsini tutmuş cənab Barnye də bu məsələdə fərqlənir. Yəni, onlar özlərini göstərməli idilər. Burada məsələnin kökünün, necə deyərlər, nədən ibarət olduğunu demək mənim üçün çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Amma təkcə bunlar deyil, yeri gəlmişkən, antisemitizm də. Bu, hamıya yaxşı məlumdur. Üstəlik, erməni təsiri, erməni lobbisi və hər kəs erməni icmaları qarşısında fərqlənməyə və həm indi, həm də gələcəkdə hansısa dividendlər əldə etməyə çalışır, onlar başa düşürlər ki, hakimiyyətdə qısa müddətdə qalacaqlar, bəzilərində isə bu, ani xarakter daşıyır. Yəni, gələcək üçün dəstək almaq və “mən sizdənəm” demək yəqin ki, həmin amillərdən biridir.

Bir çoxları və zənnimcə, hakim zümrənin rəhbərləri 2020-ci ildə bizim Qələbəmizi özlərinin məğlubiyyəti kimi qəbul etdilər. Hərçənd belə düşünmək üçün heç bir əsas yox idi. Amma nədənsə, siz də dediyiniz kimi, bunu məhz belə şəxsi planda qəbul edirdilər. Mən bunu həm də fransız nümayəndələri ilə öz ünsiyyət təcrübəm əsasında deyirəm. Halbuki mən həmişə onlara izah etməyə çalışırdım ki, bunun sizinlə heç bir əlaqəsi yoxdur. Biz prinsip etibarilə sizə qarşı deyilik və heç bir şey etməmişik. Siz bizim üzərimizə gəldiniz. 44 günlük müharibə zamanı xatırlamıram ki, neçə dəfə - altı və ya yeddi dəfə azadlıq mübarizəmizi dayandırmaq cəhdləri ilə bağlı Fransa prezidentindən mənə zənglər daxil olurdu. Sonra təhdid cəhdləri, “Dağlıq Qarabağ”ı tanımaqla bağlı təhdidlər. Münasibətlərimizin artıq ən aşağı səviyyəyə düşdüyü indiki məqamda bu barədə deyə bilərəm, amma mən cavab verdim ki, 2020-ci ilin noyabrından sonra qondarma “Dağlıq Qarabağ”ı tanıyan istənilən ölkə bizdən diplomatik münasibətlərin kəsilməsinə dair nota alacaq. Mənim cavabım məhz bundan ibarət idi. Qondarma “Dağlıq Qarabağ”ın tanınması mövzusu dərhal gündəlikdən çıxdı. Onlar, necə deyərlər, başqa yolla getdilər, senat, parlament üzərindən tanıdılar, sonra uzun müddət özlərinə bəraət qazandırdılar ki, hakimiyyətin bununla heç bir əlaqəsi yoxdur. Ümumilikdə, necə deyərlər, köhnə tarixçədir. Ona görə də ikinci - şəxsi amil ola bilər, hərçənd mənim siyasətdə heç vaxt rəğbət və ya qeyri-rəğbətim olmayıb. Mən düşündüklərimi həmişə özümdə saxlamışam və heç vaxt mənfi münasibətimi ona layiq olanlara göstərmək istəməmişəm. Zənnimcə, burada daha bir amil fransız rəhbərliyinin siyasi cəhətdən səriştəsiz olmasıdır. Mənə cənab Makrona qədər Fransanın üç prezidenti ilə işləmək və ünsiyyətdə olmaq nəsib olub və ölkələrimiz arasında münasibətlər həmişə çox uğurla inkişaf edib. Əgər Avropa İttifaqına üzv ölkələri götürsək, yəqin ki, həmin dövrdə - indiki hakimiyyətə qədər onlar ən fəal münasibətlər olub, həm siyasi, həm qarşılıqlı səfərlər, həm iqtisadi, həm də mədəni sahələrdə. Bizim Fransanın 13 şəhəri ilə qardaşlaşmış münasibətlərimiz olub. Çoxlu sayda mədəni tədbir keçirmişik.

Amma siyasi səriştəsizlikdən danışdığım zaman, tərcümeyi-hallara baxmaq lazımdır. Prezident Şirakın tərcümeyi-halına, onun dövlət işində, hökumətdə, partiyada təcrübəsinə, Paris kimi şəhərə başçılıq etdiyi illərə nəzər salmaq lazımdır. Dövlət strukturlarında böyük yol qət edən, əsas nazirlərdən biri – bizim meyarlarla müqayisədə Fransada daha geniş funksiyası olan daxili işlər naziri vəzifəsinə yüksəlmiş Prezident Sarkozinin iş təcrübəsi. Yaxud partiyaya rəhbərlik edərək, bütün yolu keçən, prezidentliyə namizəd və prezident olmağı bacaran Prezident Olland. Eyni zamanda, indiki prezidentin tərcümeyi-halına da baxmaq olar, daha da dərinə getmək istəmirəm. Ona görə də zənnimcə, öz rolunu həddindən artıq qiymətləndirmək və ölkəni tamamilə özü ilə eyniləşdirmək baş verməməlidir. Ölkə başqa şeydir, prezidentsə başqadır. Əgər hər hansı ölkə həqiqətən böyükdürsə, prezident də ona bənzəməlidir. Əgər ölkə geridə qalıbsa, prezident isə sanki mütərəqqidirsə, o, ölkəni də həmin səviyyəyə çatdırmalıdır. Ona görə də zənnimcə, bütün bu amillər mövcuddur. Amma bir daha deyirəm, əgər şəxsiyyət amili varsa, onda bu, qətiyyən Azərbaycan tərəfindən başlanmayıb.

Ən aşağı səviyyədən də eniş mümkündürmü? Bunu söyləmək çətindir. Mən prinsipcə heç vaxt danışmadığımız bir məsələni də çatdırmaq istəyirəm, zənnimcə, bu, hər hansı şəkildə böhrandan çıxmağa kömək edəcək. Son bir neçə ay ərzində biz Fransa hökumətinin nümayəndələrindən təmaslar qurulması üçün siqnallar alırdıq, mənim yaddaşımda onların sayı üç və ya dörddür. Müxtəlif şəxslərdən bizim müxtəlif nümayəndələrə müraciətlər daxil olub və həmişə cavab verilib: “Biz hazırıq”. Bəli, biz elə bu gün hazırıq, amma heç yerə getməyəcəyik, nə Parisə, nə də Brüsselə. Bizimlə görüşmək lazımdırsa, burada, Bakıda mümkündür. Hər dəfə hansısa bir mərhələ olur, sonra yenidən boşluq, sükunət yaranır.

Bu yaxınlarda belə bir növbəti, verbal diplomatik depeşa daxil oldu: yenə danışmaq və müzakirə aparmaqla bağlı. Yenə də biz hazırıq, bizim onlarla bölüşə bilməyəcəyimiz heç nə yoxdur, onlara qarşı, necə deyərlər, bu ölkəyə münasibətdə heç bir iddiamız yoxdur. Əsas odur ki, bizə toxunmasınlar, bizim işlərimizə qarışmasınlar, Cənubi Qafqazla bağlı məsələlərə müdaxilə etməsinlər. Bu, artıq bizim dəqiq səsləndirdiyimiz tələbdir. Çünki hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər. Yalnız intriqa. Afrikadan danışmağın mənası yoxdur, necə deyərlər, hər şey göz qabağındadır. Cənubi Qafqazda da vəziyyət eynidir. Azərbaycanda uzunmüddətli kontraktları olan bəzi şirkətlər istisna olmaqla, onların iştirakı praktik olaraq sıfra endirilib. Biz həmişə öz öhdəliklərimizə hörmətlə yanaşırıq, ona görə də siyasi problemləri şirkətlərin fəaliyyətinə heç vaxt aid etməmişik. Burada işləyən fransız şirkətləri günahkar deyillər ki, onların belə bir hakimiyyəti var. Gürcüstanda da sabitliyi pozmaq üçün həmin cəhdlər edildi, hər kəsə aydındır və sirr deyil ki, bu hərəkətlər o qədər qeyri-diplomatik və aşkar edilmişdi ki, bunlar belə diplomatik ənənələri olan ölkə üçün təəccüb doğurur. Ermənistan üzərində tam nəzarət də reallıqdır. Amma bu, alınmayacaq. Hər halda, yenə də mən adətən etdiyimdən bir az çox mətləbləri açdım, amma sizin sualınıza cavab vermək baxımından və münasibətlərin daha aşağı səviyyəyə düşməsi ilə bağlı düşünürəm ki, bu yeni informasiya hamı üçün faydalı olacaq.

Sənan Rzayev: Sağ olun.

Nigar Sabirqızı: Cənab Prezident, mənim növbəti sualım İranla münasibətlərlə bağlı olacaq. Mən düşünürəm ki, bu məsələ ilə bağlı Sizin fikirləriniz hər kəsə maraqlıdır. Son zamanlar - son bir neçə ildə İran-Azərbaycan münasibətləri enişli-yoxuşlu dövrünü yaşayır. Bəzən bu ölkədə Azərbaycana qarşı başa düşülməyən davranışlar sərgilənir və bu da iki ölkə arasında müəyyən gərginliklərə səbəb olur. Elə bir neçə gün əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi növbəti belə davranışla bağlı İran tərəfinə etirazını bildirdi. Mən bilmək istəyirəm, hazırkı Azərbaycan-İran münasibətlərini Siz necə qiymətləndirirsiniz və İranın indiki rəhbərliyindən bundan sonra hansı siyasət gözləyirsiniz?

Prezident İlham Əliyev: Bu barədə danışmaq bir qədər tezdir. Çünki hazırkı İran rəhbərliyi ilə bizim elə ciddi təmaslarımız olmayıb. Hökumət üzvləri arasında müəyyən təmaslar olub. Onlar daha çox iqtisadi və nəqliyyat məsələlərinə aid idi. O məsələlər, hansı ki, prinsipcə bizdə siyasi gündəlikdən ayrıdır və biz heç vaxt bunları qarışdırmamışıq.

Əvvəlki hakimiyyətlə bizim münasibətlərimizin pisləşməsi yenə də bizim günahımız ucbatından olmayıb. Sadəcə olaraq, bəzi məqamları xatırlatmaq istəyirəm. İkinci Qarabağ müharibəsi başa çatandan, artıq biz Laçın yoluna vizual müşahidə əldə edəndən sonra görməyə başladıq ki, İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər edirlər. Mən köməkçimə göstəriş verdim və o, İranın Azərbaycandakı ovaxtkı səfiri ilə telefonla danışıb və deyib ki, bunu dayandırın. Biz bunu ictimailəşdirmək istəmirik, biz xahiş edirik, bunu dayandırın. Bu, yaxşı deyil, biz bunu görürük, bu, bizim ərazidir. Siz burada qanunsuz işlərlə məşğulsunuz. Əfsuslar olsun ki, bundan sonra bu, dayanmadı və daha da artdı. Ondan sonra ikinci addım olaraq biz İran səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və ona etiraz notası verildi və bunu ictimailəşdirdik.

Ondan sonra da həm gülməli, həm də ağlamalı hadisələr baş verdi. Saxta erməni maşın nömrələrini İran yanacaqdaşıyan yük maşınlarının üzərinə yapışdırmaqla sanki bu, Ermənistan maşınlarıdır. Amma onların üzərində farsca yazılar da var idi. Bu, bizi çox təəccübləndirdi. Özü də biz araşdırmağa başladıq. Gördük ki, eyni nömrə bir neçə maşına yapışdırılır, yəni, nömrə eyni, maşınlar fərqli idi. Yəni, bu saxtakarlığı da o qədər səliqəsiz etmişdilər ki, adam, vallah, söz tapa bilmir. Ondan sonra biz artıq bir maşını saxladıq, sürücülər saxlanıldı və biz gördük ki, onların yol sənədlərində yazılıb ki, Stepanakert, Ermənistan. Yəni, bu, açıq bizim ərazi bütövlüyümüzə, suverenliyimizə hörmətsizlik idi.

Ondan sonra bizə qarşı o məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlamışdı. Biz də adekvat addımlar atdıq. Bizim sərhədimizdə əgər hər hansı bir təlim, hərbi təlim keçirilirsə, biz də Azərbaycan-İran sərhədinin bu tərəfində eynisini etdik. Yəni, göstərdik ki, biz heç kimdən qorxmuruq və haqlı olan tərəf bizik. Bu, eyni zamanda, mətbuatda həmin o təhqir kampaniyası ilə müşayiət olunurdu. Çünki bu, görünür, bəzi hakim dairələrin belə iş üslubudur. Əslində, təhqir gücsüzlüyün rəmzidir. Sən əgər nəyəsə çata bilmirsənsə, - yəni, mən ədəbsiz olan insanları nəzərdə tuturam, - təhqirə keçirlər. Yəni, təhqir edən, əslində, özünü təhqir edir.

Ondan sonra İran tərəfindən məsələnin tənzimlənməsi və sair xəbərlər gəldi. Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi. Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu. Bu, bir zəiflik nümayişi idi və Azərbaycan tərəfi də adekvat addımlar atdı. Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq. Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.

Bax, bu, məsələnin bir tərəfidir. İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm.

O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?

İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır.

Nigar Sabirqızı: Çox sağ olun.

Qay Şoun: Cənab Prezident, Azərbaycan İtaliya, Yunanıstan, Macarıstan və Türkiyə kimi bir çox Avropa ölkələrinə öz qaz təchizatını artırıb. Gələcəkdə Avropa üçün enerji daşıyıcılarının təmin edilməsində Azərbaycanın yardımı ilə bağlı mülahizələrinizi bizimlə bölüşə bilərsinizmi?

Prezident İlham Əliyev: Bəli, qaz ixracımız artır və hazırda, biz, müxtəlif infrastruktur layihələrindən, əsasən, Cənub Qaz Dəhlizi və onun artırılmasından istifadə edərək, qaz təchizatının coğrafiyasını genişləndiririk. Son zamanlar Avropada istismara verilmiş yeni interkonnektorlar vasitəsilə müxtəlif bazarlara çıxışımız mümkündür.

Bildiyiniz kimi, 2022-ci ildə başlamış Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropaya Rusiyanın qaz təchizatının pozulması zamanı, Avropa Komissiyası yardım üçün Azərbaycana müraciət etdi. Həmin vaxt Avropa Komissiyasının sədri (Prezidenti) buraya, Bakıya gəldi. Elə bu zaldan çöldə biz Bəyannamə imzaladıq. Biz razılaşdıq və dedik, sizə kömək etməyə və Avropaya qaz təchizatımızı iki dəfə artırmağa hazırıq. Həmin vaxt, Avropa istiqamətində qaz təchizatımız yeddi milyard kubmetr idi.

Beləliklə, bunun üzərində işləməyə başladıq. Sərmayə yatırmağa və müxtəlif interkonnektorlar vasitəsilə qazımızı nəql etmək imkanlarını araşdırmağa başladıq. Həmin vaxtdan etibarən qazımızı alan Avropa ölkələrinin sayı artdı. Hazırda onların sayı 10-a bərabərdir. Beləliklə, ümumilikdə 12 ölkə var. Onlardan 10-u Avropa ölkəsidir və həmin on ölkədən səkkizi Avropa İttifaqının üzvüdür. Bir sözlə, biz coğrafiyanı genişləndirdik, qaz həcmini artırdıq. Avropa İttifaqının üzvü olan bir çox ölkə hazırda öz daxili qaz istehlakının təxminən yarısını Azərbaycan qazı ilə təmin edir. Bu, həqiqətən də Avropada tərəfdaşlarımıza göstərdiyimiz ciddi dəstəkdir. Beləliklə, gələcək planlarımız coğrafiyanı genişləndirməkdir. Hazırda qazımızı alan ölkələrə yaxın olan bəzi digər Avropa ölkələri ilə artıq danışıqlar aparırıq. Düşünürəm ki, gələn illərdə bu, mümkündür.

Bununla belə, 2022-ci ildən bu günə qədər çox köklü dəyişiklik baş verdi, çünki həmin vaxt qaz ixracımız yalnız Gürcüstanı, Türkiyəni, Yunanıstanı və İtaliyanı əhatə edirdi. Yalnız bunları. Sonra biz Bolqarıstan, Macarıstan, Rumıniya, Serbiya, Şimali Makedoniya, Slovakiya və Xorvatiyanı əlavə etdik. Bütün bunlar kifayət qədər qısa müddət ərzində baş verdi. Bir sözlə, ehtiyatlarımız var, çünki onların təsdiqlənmiş həcmi artmaqdadır. Bir neçə il öncə onların həcmi 2.6 trilyon kubmetr təşkil edirdi. Lakin indi, yenicə kəşf edilmiş, o cümlədən gələcəkdə nəzərdə tutulan ehtiyatlarla bu səviyyə daha da artacaq. Ümid edirik ki, bu il biz AÇQ-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq. Bununla belə, “Şahdəniz”in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz “Abşeron”da qaz hasilatının 1.5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq.

Bununla yanaşı, “Qarabağ”, “Babək”, “Asiman” və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq. Hazırda əsas məsələ yeni istiqamətlərə çıxmaqdır. Bu məqsədlə mövcud interkonnektorları genişləndirmək və ola bilsin, yenilərini tikmək üçün Avropada əlavə sərmayələr qoyulmalıdır. Hətta indi, 12 ölkəni boru ilə nəql olunan qazla əhatə etməklə, düşünürəm ki, Azərbaycan hazırda dünyada bu cür böyük coğrafiyaya malik olan aparıcı ölkələrdən biridir. Fikrimcə, təchizat coğrafiyası baxımından ölkəmiz Avropada, həmçinin aparıcı ölkələrdən biridir, çünki bu göstərici qazın həcmi qədər vacibdir və bəzi ölkələr üçün hətta 1 milyard kubmetr belə böyük fərq yaradır. Beləliklə, biz öz öhdəliklərimizə böyük məsuliyyət hissi ilə yanaşırıq. Lakin, əlbəttə ki, həmin suala cavab verərkən bir məsələni də qeyd etməyə bilmərəm. Biz böyük sərmayələr yatırırıq və qaz çatışmazlığı məsələsində Avropaya kömək etməyə çalışırıq. Eyni zamanda, biz elə bir vəziyyətlə üzləşirik ki, Avropa bankları ənənəvi yanacaq layihələrinin daha maliyyələşdirilmədiyini bəyan edirlər. Demək, bir tərəfdən, Avropa bizdən əlavə təchizatı xahiş edir, digər tərəfdən, bizi həmin vəsaitlərdən məhrum edir. Məsələn, Avropa Sərmayə Bankı qazıntı yanacaq layihələrinin maliyyələşdirilməsini tamamilə dayandırıb. Bildiyimə görə, AYİB-in hələ çox kiçik payı var. Beləliklə, əgər belə davam edərsə, onda sərmayə yatırmağa vəsait olmayacaq, çünki bu biznesdə sərmayə üçün korporativ maliyyələşmənin təxminən 30 faizi istifadə olunur. Pulun qalan hissəsi kredit götürülür. Pul vəsaitlərinin tərəfimizdən kredit kimi götürülməsi, yaxud avropalılar arasında interkonnektorların tikilməsi kimi məsələlər öz həllini tapmalıdır. İkinci məsələ isə, hətta deyərdim, digər məsələ təchizatın cədvəlidir, çünki yaşıl keçidlə Avropa İttifaqında qazıntı yanacağının payı azalacaq. Onda necə olacaq? Bir sözlə, bir çox məsələ açıq qalır və biz Avropa rəsmiləri ilə dövri məsləhətləşərək, onlarla məşğul oluruq. Lakin əgər Avropa İttifaqı bizdən daha çox qaz istəyirsə, onda onlar da öz ev tapşırığını yerinə yetirməlidirlər. Biz öz tapşırığımızı, onlar isə öz çalışmasını icra etməlidirlər.

Nigar Sabirqızı: Cənab Prezident, Yaxın Şərqdə baş verənlərlə bağlı Sizin münasibətiniz maraqlıdır. 2024-cü il Qəzzada, Livanda müharibələrlə yadda qaldı, İran-İsrail gərginliyi oldu, Suriyada Bəşər Əsəd rejimi devrildi və hazırda da Yaxın Şərqdə bir Türkiyə amili var. Bu baxımdan istərdim, həmin bölgədə baş verənlərə Sizin münasibətinizi öyrənək.

Prezident İlham Əliyev: Bəli, biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir. O cümlədən terrordan, PKK terrorundan əziyyət çəkən Türkiyə haqlı olaraq öz sərhədlərinin hüdudlarından o biri tərəfdə terrorun ləğv edilməsini tələb edir və nəinki tələb edir və buna nail olur. Artıq mən bu məsələyə öz münasibətimi bildirdim. Türkiyənin Suriyanın inkişafındakı rolu, əlbəttə ki, çox əhəmiyyətlidir və mən Əsəd rejiminin çökməsindən sonra Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, həm bu münasibətlə bir-birimizi təbrik etmişik, həm də bildirdim ki, biz də Türkiyənin yanında olmağa hazırıq və bunu etməyə də başlamışıq. Türkiyənin dəstəyi ilə birinci yardım karvanı da yola düşdü. Çünki Türkiyənin dəstəyi və logistik dəstəyi olmasaydı, bu, mümkün ola bilməzdi. Eyni zamanda, bizim Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin oraya göndərilməsi də Türkiyənin dəstəyi ilə olub. Yəni, biz istəyirik, burada öz töhfəmizi verək ki, Türkiyənin heç olmasa bu sərhədində terrora son qoyulsun və hesab edirəm ki, bu, çox ciddi geosiyasi dəyişiklik olacaq, böyük coğrafiyada sülhün, sabitliyin, əməkdaşlığın bərqərar olmasına gətirib çıxaracaq. Təbii ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq. Bizim Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir və D-8-lə bağlı bax, bayaq verdiyiniz suala qayıtdıqda, bizi ən çox dəstəkləyən də yenə Türkiyə olmuşdur və birinci bizi təbrik edən də Türkiyə olmuşdur. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur. Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir. Hərbi güc, siyasi güc, iqtisadi potensial, birlik və bu gün dünyanın heç bir yerində bu qədər bir-birinə bağlı olan ölkələri görmək mümkün deyil, necə ki, Türkiyə və Azərbaycan. Ona görə biz çox ümidliyik və Suriyadakı dəyişikliklər bizi həddindən çox sevindirir. Birinci Türkiyəyə görə, ikinci özümüzə görə. Çünki 12 il ərzində bizim Suriya ilə heç bir əlaqəmiz olmayıb. Bizim səfirliyimiz oradan çıxarılıb və Əsəd dönəmində Suriya hər zaman Ermənistanın yanında idi. Bizə qarşı Ermənistanla faktiki olaraq birləşmişdi, sadəcə olaraq, Paşinyanın Əsədə göndərdiyi məktublara, göndərdiyi rəsmi heyətlərə baxmaq kifayətdir - xarici işlər naziri, parlament spikeri və müavini. Onlar Suriyanı yaxın müttəfiq sayırdılar və artıq buna da son qoyuldu.

İsrail-Fələstin məsələsində də bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz iki dövlətin yaranmasının, yəni mövcudluğunun həmişə tərəfdarı olmuşuq. Müstəqil Fələstin dövlətinin yaranması bu münaqişəyə son qoyacaq. Hesab edirəm ki, bunu hər kəs başa düşməlidir. Bildiyiniz kimi, biz uzun illər Fələstin dövlətinə öz dəstəyimizi göstəririk. Həm siyasi, həm mənəvi, həm maddi dəstək və bu, davam edir. Uzun illər Azərbaycanda Fələstinin səfirliyi fəaliyyət göstərir. Bizim də Fələstində nümayəndəliyimiz açılmışdır və əlbəttə ki, bu münaqişə nə qədər tez başa çatsa, Qəzzada atəşkəs elan edilsə, o qədər də hamı üçün yaxşı olacaq. Biz bunu arzulayırıq və həm də burada İslam liqasının fəaliyyətini əsas götürürük. Çünki bu, daha çox Ərəb dünyasının məsələsidir və burada Ərəb dünyasının təşkilatı - Ərəb Liqasıdır, onun mövqeyi nədirsə, biz də o mövqeyə şərikik. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində biz fəal iştirak etmişik və fəal iştirak edəcəyik. Yəni, bizim mövqeyimiz tam açıqdır.

Vəfa Ağabalayeva: Cənab Prezident, dünyamız dəyişir, şəhərlərimiz dəyişir, təbii ki, idarəetmə sistemi də dəyişir. Azərbaycan da dünyanın bir parçasıdır və təbii ki, bu proseslərdən kənarda qalmır. Misal üçün, icra hakimiyyəti başçılarını Prezidentin xüsusi nümayəndələri əvəz edir və yaxud da böyük təşkilatları, fərdi təşkilatları vahid platformadan idarə edən holdinqlər yaradılır və sair. Sualım Sizin Sərəncamınızla bağlıdır. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) yaradılması nəyə xidmət edir və ümumiyyətlə, bu təsisatdan bizim gözləntilərimiz nədən ibarətdir?

Prezident İlham Əliyev: Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modeli tətbiq olunmağa başlanmışdır. İdarə heyətləri yaradıldı, idarə heyətlərinin rəhbərləri vəzifəsinə dövlət məmurları təyin edildi və beləliklə, dövlət şirkətlərindəki problemlər tam açılmışdır. Uzun illər dövlət şirkətləri, əfsuslar olsun ki, təkcə təbii inhisarçı deyil, eyni zamanda, zərərlə işləyən şirkətlər idi. Bunun bir çox səbəbləri var. Əsas səbəb idarəetmədə olan qüsurlar və pozuntular idi. Buna son qoymaq üçün artıq mənim tərəfimdən belə qərar qəbul edildi və bütün şirkətlərdə, - onlar çox deyil, haradasa 10-a yaxın dövlət şirkəti var, - yeni idarəetmə modeli yaradıldı və biz bunun müsbət tərəflərini dərhal görməyə başlamışıq. Yəni, uzun illər ərzində zərərlə işləyən, hər dəfə dövlət büdcəsinə, necə deyərlər, müraciət edən SOCAR, məsəl üçün, indi gəlirlə işləyir. Uzun illər ərzində zərərlə işləyən və hər dəfə dövlətdən dotasiya alan “Azərbaycan Hava Yolları” gəlirlə işləyir və səhv etmirəmsə, keçən ilin gəlirləri bir neçə 100 milyon manat səviyyəsindədir. İndi öz ehtiyaclarını özü qarşılayacaq. Dəmir yolu idarəsi də, həmçinin. Uzun illər dövlətdən yardım alan, indi təqribən 100-150 milyon manat gəlirlə işləyir və digər şirkətlər. Yəni, bu, birinci mərhələ idi. O sağlamlaşdırma və kadr islahatı mərhələsi artıq başa çatdı. O ki qaldı, ASKON qurumuna, bunun da məqsədi nəqliyyat sektorunu vahid çətir altında bir platforma kimi yaratmaqdır. Çünki baxmayaraq ki, idarəetmədə dediyim müsbət dəyişikliklər baş verdi, ancaq nəqliyyat qurumları arasındakı koordinasiya zəif idi və nəzərə alsaq ki, bundan sonrakı illərdə bizim həm əsas gəlir mənbəyimiz, həm siyasi çəkimizi gücləndirən amillərdən biri nəqliyyat və bağlantılar olacaq, əlbəttə ki, burada biz tam şəffaf və koordinasiya şəklində işlək mexanizm yaratmalı idik. Bir çox misallar var, məsələn, yükdaşımaları ilə bağlı - Xəzər Gəmiçiliyi üçün bir yükün daşınması daha sərfəlidir, dəmir yolu üçün başqa yükün daşınması. Liman burada nə dərəcədə vasitəçi mexanizm rolunu oynayır? Ona görə məqsəd dövlətin marağına əsasən, hansı yükün daşınması, necə daşınması sərf edirsə, ona da üstünlük verilməlidir. Paralel olaraq nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesi də gedir. Bu istiqamətdə də lazımi tədbirlər görülüb, göstərişlər verilib, o cümlədən gömrük rəsmiləşdirilməsində də yük göndərən tərəf öz yükünü daim izləmək imkanına malik olacaq və burada süni əngəllər, pozuntular, eyni zamanda, təbii ləngimələr də aradan qaldırılacaq. Çünki biz Şərq-Qərb nəqliyyat dəhlizini tariflərin düzgün tənzimlənməsi hesabına həm iqtisadi cəhətdən daha sərfəli etməliyik, həm də süni əngəlləri aradan götürməliyik ki, yüklər daha da tez vaxtda getsin.

Tariflərə gəldikdə, bir tarif var dəmir yolu, bir tarif var beynəlxalq liman, bir tarif də var gəmiçilik tətbiq edir və bu tariflər arasında uyğunsuzluq var. Yəni, bir çox digər detallar var ki, bu, vahid sistemin yaranmasına ehtiyac yaradıb və biz bunu yaratmışıq və mən əminəm ki, formalaşmaqda olan bu qurum tezliklə, necə deyərlər, öz səmərəliliyini göstərəcək. Bununla paralel olaraq, şəhər nəqliyyatı problemləri də göz önündədir. Biz vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra etdik. İndi bir çoxlarının yadından bəlkə də çıxıb, xüsusilə gənc nəsil bəlkə də bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi. Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq.

Bir də ki, şəhər avtobus parkını elektrobuslarla əvəzləmək prosesi də başlamışdır. Biz artıq 150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda yerli elektrobus istehsalı da başlanacaq. Yəni, işlər gedir. Mənə verilən məlumata görə, oktyabr-noyabr aylarında Azərbaycanda istehsal olunan birinci elektrik avtobuslar istifadə ediləcək və bu da şəhərimizin havasına çox müsbət təsir göstərəcək. Çünki biz bilirik ki, havanı çirkləndirən ən böyük mənbə nəqliyyat vasitələridir, xüsusilə böyük maşınlar.

Digər layihələr də icra edilir. Sadəcə olaraq, məlumat üçün deyim, məsələn, indi bizim avtomagistrallarda elektron tərəzilər quraşdırırıq. Keçən il buna başlamışıq, bu il də davam edəcək və bütün magistrallarda quraşdırılacaq. Çünki nə baş verir, yeni yol çəkilir, amma sonra bəzi iş adamları yük maşınlarını elə yükləyirlər ki, o, yolu dağıdır. Ona görə birinci elektron tərəzilər quraşdırılandan sonra artıq buna son qoyuldu. Çünki böyük cərimələr tətbiq olunur. Artıq yük daşıyan şirkətlər özləri yüklərin çəkisini ölçürlər ki, cəriməyə məruz qalmasınlar.

Bir çox müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək. Yəqin ki, Azərbaycan mətbuatı da bu sahəni daha çox işıqlandırmalıdır. Çünki bu, insanları haqlı olaraq narazı salan və narahat edən məsələlərdir. Ona görə biz bu işləri yoluna qoyacağıq. Yəqin ki, 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Amma yolların çəkilişi daha az. Azərbaycan ictimaiyyəti təbii olaraq bu məsələlərlə bağlı daim məlumatlandırılacaq.

Vüsal Mətləb: Təxminən müsahibənin əvvəllərində qeyd etdiniz ki, yeni dünya nizamının formalaşmasının başlanğıcındayıq. Bilmək istərdik, bu nizamın Cənubi Qafqaza mümkün təsirləri nə ola bilər və Azərbaycan hansı ssenarilərə hazırlaşır?

Prezident İlham Əliyev: Əslində, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni, biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır. Amma mən bilirəm ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb, hər halda, yaxın və orta keçmişə nəzər salsaq. Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil. Baxın, indi yenə də Kanadaya qayıdırıq. Trampın bir sözü ilə Kanadanın Baş naziri istefaya getdi. Axı, Kanada Azərbaycandan 10 dəfə çox neft hasil edir - 300 milyon ton və əhalisi də cəmi 40 milyondur. Yəni 300 milyon ton, əgər başqa iqtisadiyyat olmasa belə, 40 milyonu 300 milyon tonla yola vermək olmaz? Görün, bunların iqtisadiyyatı nə qədər bərbad vəziyyətdədir ki, Amerika əgər onlara əlavə rüsum tətbiq etsə, bunun iqtisadiyyatı çökəcək və cənab Tramp deyəndə ki, Kanada 51-ci ştat olmalıdır və cənab Trüdo qubernator olmalıdır, bu, əlbəttə trollinq kimi sayıla bilər. Amma, əslində, bu sözlərdə bəlkə də məntiq var. Yəni, mən nəyi deyirəm, baxın Avropa ölkələrinə, onlar güc mərkəzlərindən nə qədər asılıdır və bəzən başqa faktorlardan. Ona görə müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Ona görə bizim bu sahədəki siyasətimiz haqlı olaraq bizə rəğbəti daha da artırır və mən əminəm ki, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə, o cümlədən Azərbaycanın mövqeyi də nəzərə alınacaq, ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində və biz buna hazır olmalıyıq.

Əlbəttə ki, dünya miqyasında bu proses necə gedəcək, bunu mən deyə bilmərəm. Bunu bəlkə də hələ də, necə deyərlər, tam təsbit etməyiblər. Amma bu, danılmazdır və hesab edirəm ki, çox vaxt keçmədən biz bunu görəcəyik və mən bunu bir neçə dəfə demişəm. Əgər hər bir ölkə öz daxili işləri ilə məşğul olsa, onda nə müharibə olacaq, nə münaqişə olacaq, nə qarşıdurma olacaq. Hərə öz sərhədləri çərçivəsində öz işi ilə məşğul olsun və başqa ölkələrin daxili işlərinə qarışmasın. Bəlkə də belə bir dünya fantastik görünür. Çünki tarixən imperialist qüvvələr “böl və hökm sür” prinsipi ilə yanaşmışlar, müstəmləkələri tamamilə idarə edərək onların bütün sərvətlərini oğurlayıb özləri üçün dövlətlər qurmuşlar. Amma buna son qoyulmalıdır və müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır və hesab edirəm ki, yeni dünya nizamında bu məsələ də nəzərə alınacaq. Ancaq mən daha çox hesab edirəm ki, ölkələrin suverenliyi toxunulmaz olmalıdır və qorunmalıdır, heç kim heç kimin işinə qarışmamalıdır. Biz buna nail ola bilmişik. Bizim işimizə heç kim qarışa bilməz. Cəhdlər olub? Bəli, olub. Olacaq? Yəqin ki, olacaq. Nəticə olub? Yox və olmayacaq. Amma gözümüzün önündə olan bir çox ölkələr xarici müdaxiləyə məruz qalırlar və bu, o ölkələrin mənəvi və genetik kodunu da faktiki olaraq sarsıdır. Zəif ölkələrə yad dəyərlər, mənfi dəyərlər aşılanır. Zəif deyəndə, ölkə zəif ola bilməz. Liderlər əgər zəifdirlərsə, onda ölkə zəif sayılır. Ona görə biz bu işə öz gündəliyimizlə hazırıq, gündəliyimiz də var. Yəni ki, bizim siyasətimiz artıq bunu göstərir və yenə də deyirəm, bu işə bizim töhfəmiz əhəmiyyətli olacaq.

Vəfa Ağabalayeva: Cənab Prezident, mövzu ilə bağlı bu sual yəqin ki, yerinə düşəcək deyə, ünvanlamaq istəyirəm. Qəribə bir tendensiya yaranıb, hamı 20 yanvarı gözləyir, Trampın inaqurasiya mərasimini. Düşünürlər ki, ondan sonra hansısa proseslər reallaşdırılacaq və Siz də “Rossiya Seqodnya” agentliyinə verdiyiniz müsahibədə qeyd etmişdiniz ki, Trampı bizimlə eyni qayıqda görürsünüz və eyni zamanda, Şuşa Media Forumunda da Sizə ünvanlanan suallardan birinə cavabınızda hələ o vaxt namizəd olan Trampla bağlı müsbət mesajlar eşitmişdik. Necə düşünürsünüz, yaxud da sualı belə ünvanlayım, Sizə elə gəlirmi ki, Co Bayden dünyanı elə dəyişib ki, Trampın işi çətin olacaq?

Prezident İlham Əliyev: Ola bilər. Amma, eyni zamanda, cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hər hansı bir problem yaşanmadı. Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər? Bayaq dediyim kimi, Sorosun bu yüksək mükafatla təltif edilməsi bütün maskaları yırtdı. Yəni, bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmamışdır. Biz Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaratdıq və Tramp dönəmində bu davam etdi. Ona görə ümidlər var. Mən Şuşa Forumunda, hələ iyul ayında, - heç kim bilmirdi, kim qalib gələcək, kim uduzacaq, hələ o məşhur Tramp-Bayden debatları da keçirilməmişdi, - mən, sadəcə olaraq, Azərbaycanın maraqları nöqteyi-nəzərindən və bir insan kimi öz mövqeyimi bildirdim ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir. Elə bunun ailəsinə baxmaq kifayətdir. İndi mən başqalarının ailəsi haqqında bir şey demək istəmirəm, amma indi bu, o qədər ictimailəşdirilib ki. Bir də, Bayden administrasiyasının yalan danışması, söz vermək, sonra o sözdən çəkinmək və özünü sanki heç nə olmamış kimi aparmaq, buna nə ad vermək olar? Ona görə Azərbaycan cəmiyyətinin, bütün ölkələrin ümidləri ondadır ki, bu əxlaqsızlığa, mənəviyyatsızlığa son qoyulacaq və cəmiyyətlər, hansılar ki, Azərbaycan kimi ənənəvi dəyərlər üzərində qurulub, onlar bu kənar təsirdən yaxalarını qurtaracaqlar, bu birincisi. İkincisi, yenə də deyirəm, öz açıqlamaları ilə cənab Tramp çox aydın, açıq mesajlar göndərir. İndi bunların bəlkə də hamısını təhlil etmək mümkün deyil. Amma deyə bilərəm ki, onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Yəni, ona görə ümidlər böyükdür. Ona görə mən dedim ki, ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.

Sənan Rzayev: Cənab Prezident, mənim sualım Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərlə bağlıdır. Tarix göstərir ki, bu münasibətlər birmənalı deyil, burada müxtəlif məqamlar var. Ötən il, sadəcə, Azərbaycanla bağlı qətnamələri nəşr edən Avropa Parlamentinin tərkibi dəyişdi. Avropa Komissiyasının bu yaxınlarda artıq qismən formalaşmış yeni tərkibi müəyyənləşdirildi. Burada bəziləri qaldılar, digərləri artıq gediblər. Siz bir neçə məqamdan danışdınız. Ziddiyyətli məqamlar var. Avropa İttifaqı bir tərəfdən ümumilikdə bizim ən böyük ticarət tərəfdaşımızdır. Burada Avropa İttifaqının üzvləri nəzərdə tutulur, digər tərəfdən Ermənistana silah üçün pul və ya bilavasitə silah ötürməyi planlaşdıran qondarma Sülh fondu. Başqa prizmadan, Siz həmkarlarımın suallarını cavablandırarkən energetika sektoru ilə bağlı, bizim onlara qaz tədarükü haqqında danışdınız. Onlara qaz lazımdır. Amma digər tərəfdən, Avropa İttifaqının nümayəndələri - sözdə mülki missiya ölkəmizə binoklla baxır. Bütün bunlar kifayət qədər ziddiyyətlidir. Bilmək istərdim, cari ildə Azərbaycan və Avropa İttifaqı münasibətləri ilə bağlı gözləntiləriniz nədir? Belə mənfi cəhətlər və ya müsbət hadisələr üstünlük təşkil edəcək? Sizcə, belə bir şəraitdə hansı əks addımlar atılmalıdır? Çünki belə bir təəssürat yarana bilər ki, həmin fond, bu qondarma müşahidəçilər Brüssel tərəfindən oraya münasibətlərimizi pozmaq üçün göndərilir.

Prezident İlham Əliyev: Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir. Amma deməliyəm ki, ötən il məyusluqla dolu bir il oldu. Belə ki, məhz keçən il Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutdu. Sizin də yaxşı bildiyiniz çoxlu fakt var. Əlbəttə, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı möhkəmləndirmədi, əksinə, sarsıtdı. Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər. Hərçənd bu yaxınlarda Avropanın bir ölkəsinin prezidenti Azərbaycanı binoklla izləmək kimi ədəbsiz davranış sərgiləyib. Məgər o, bundan bir həftə əvvəl burada, Bakıda olarkən və mənimlə görüşməyi xahiş edərkən bunları görmürdü? Əgər baxmaq istəyirdisə, mən onu Qarabağa göndərərdim, dağları seyr edərdi. Başa düşürsünüzmü, bu, artıq nümayiş deməkdir. Bu, sadə məsələ deyil. Bu, münasibət deməkdir. Binoklla sanki düşmənə baxırsan. Əgər siz Azərbaycana belə münasibət bəsləyirsinizsə, onda biz necə münasibət göstərə bilərik? Mən hələ xarici işlər üzrə sabiq ali nümayəndənin destruktiv rolundan danışmıram. Başqa məsələlər də var. Çoxlu məyusluq oldu.

İndi nə olacağını bilmirəm. Komissiya yenidir. Hərçənd bəzi personajlar köhnədir. Bütün hallarda bu, yeni komissiyadır. Azərbaycana və onun milli maraqlarına münasibət necə olacaq, bizim münasibət də elə belə də qalacaq. Əgər normal, konstruktiv olacaqsa, zənnimcə, biz səmərəli məcraya qayıda bilərik. Ötən il Avropa İttifaqının əldə etdiyi nəticə ondan ibarət oldu ki, o, Azərbaycan-Ermənistan trekinin normallaşması prosesindən tamamilə kənarlaşdırıldı. Əgər Ermənistanın silahlandırılmasının və qondarma Sülh fondunun bundan sonra da davamı olacaqsa, bizim tərəfimizdən adekvat hərəkətlər ediləcək. Mən hələ Avropa Parlamentinin rüsvayçı davranışını demirəm. Yeri gəlmişkən, yeni tərkib də köhnəsindən xüsusilə fərqlənmir. Həmin azərbaycanofobiya və tamamilə heç bir motivi olmayan eyni hücumlar. Biz, ümumiyyətlə, onları yada salmırıq, nə bu Avropa Parlamentini, nə də deputatları, hətta bu insanların kim olduğunu da bilmirik. Amma onlar Azərbaycanla mübarizəni özlərinin həyat amalına çeviriblər. Mən hələ suverenliyimizi bərpa etdikdən sonra, məhz bu səbəbdən elə üç ay sonra bizimlə bağlı ayrı-seçkilik edən Avropa Şurası Parlament Assambleyasını demirəm. Əgər onlar, özləri dedikləri kimi, guya insan hüquqlarının pozulmasından danışırlarsa, bunu 20 il ərzində edə bilərdilər. Niyə etmədilər? Demək, bu, səbəbdir. Mən bir dəfə demişdim ki, biz yetərincə böyük sal daşı tərpətmişik, hətta bizə görünə biləcəyindən də daha çox böyük həcmli olanını. İndiki vəziyyətdə bu, bir çox avropalının, - həm də təkcə onların deyil, - iradəsinə zidd həll olunan sırf lokal münaqişə deyil. Onlar bizi asılı vəziyyətdə saxlamaq, buraya gəlmək, bizə mühazirə oxumaq, prosesdə iştirak etmək, gedib-gəlmək, monitorinq aparmaq istəyirdilər. Biz onları bütün bunlardan məhrum etdik. Amma biz normal münasibətlər təklif edirik: gəlin, normal, ikitərəfli əməkdaşlıq edək. Biz sizdən asılı deyilik, sizdən heç nə gözləmirik, sizin ailənizə üzv olmağa can atmırıq, açığını desək, siz heç vaxt müsəlman əhalisi olan ölkəni qəbul etməyəcəksiniz. Elə isə gəlin, yaxşı qonşular olaq, əməkdaşlıq edək, buyurun, ticarət edək, sataq, alaq, texnologiyalar əldə edək. Təəssüf ki, bunların bütün fəaliyyəti bizim Avropa İttifaqı ilə proqramların hamısını dayandırmağımıza gətirib çıxardı. Bütün tvininq proqramları dayandırılıb, Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub. Qismən qeyri-leqal olanlar da var, əsasən Gürcüstandan keçməklə sərhəddən buraya pullar gətirilir, yenə də sorosçu strukturların əlaltıları vasitəsilə, amma əvvəlki kimi deyil, həm də bizim hüquq-mühafizə orqanları bütün bunları izləyir. Amma bizim leqal qrantlardan imtina etməyimizin səbəbi odur ki, onlar ərazimizdə gələcəyə, əsasən gənclərə istiqamətlənmiş öz platformalarının yaradılmasına yönəldilmişdi. Təəssüf ki, biz Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Аmerikanın “National Endowment for Democracy”) və EED (“Europеan Endowment for Democracy”) tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir. Hətta burada siz necə klonlaşdırma olduğunu görürsünüz, adlar eynidir, sadəcə, birində “National”, digərində “European” sözləri var. Bax, onların nail olduqları bundan ibarətdir, gələcəkdə də davam edəcək, daha böyük divar ucaldılacaq. Onlar Mərkəzi Asiya ölkələri ilə yaxınlaşmaq üzrə öz siyasətini necə həyata keçirəcəklər? Rusiya üzərindən əlaqə saxlayacaqlar? Şübhə edirəm. Bəlkə İran üzərindən? Yenə də şübhə edirəm. Azərbaycanın altından tunel çəkəcəklər? Yəqin ki, bu da olmayacaq. Ona görə də bu məsələyə, sadəcə, ayıq başla yanaşmaq, Avropaya, hər hansı Avropa ölkəsinə qarşı heç vaxt pis bir şey etməmiş Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirmək lazımdır. Yalnız cavab verirdim və cavab verməyə davam edəcəyəm. Yaxşılığa yaxşılıqla, pisliyə isə adekvat cavab veriləcək.

Nigar Sabirqızı: Cənab Prezident, icazənizlə, mən bir qədər fərqli sual vermək istəyirəm. Siz bir qədər əvvəl bir cümlə işlətdiniz ki, bizim işimizə heç kim qarışa bilməz. Əlbəttə, bu, inkaredilməz bir faktdır ki, Sizin qətiyyətiniz sayəsində Azərbaycan bu gün yalnız regionumuzda yox, bütün dünyada bir gücə çevrilib. Elə Siz də bir qədər əvvəl qeyd etdiyiniz kimi, Makron Azərbaycansız yaşaya bilmir, Azərbaycanı bir güc kimi görür və Fransanın daxili işlərinə qarışmaqda bizi ittiham edir, yaxud bir neçə gün əvvəl məlum təyyarə hadisəsi ilə bağlı Rusiya Prezidentinin Azərbaycandan üzr istəməsi. Bu, ilk dəfə idi ki, Rusiya dövləti digər dövlətdən üzr istəyirdi. Çoxları buna inanmırdı, amma bu, baş verdi və bütün bunlar onun göstəricisidir ki, Azərbaycan güclü dövlətdir, onunla hesablaşmalı olduqlarını anlayırlar, başa düşürlər. Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir?

Prezident İlham Əliyev: Necə deyim sizə, birincisi, böyük məsuliyyətdir. İlk növbədə, mən öz vəzifəmə bax, belə yanaşıram, hər gün, hər saat, gecə-gündüz. İkincisi, böyük şərəfdir. Əlbəttə ki, mən xüsusilə son vaxtlar çox sevinirəm. Son dörd ildir ki, mənim həyatım tam fərqlidir. Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyə ilə yaşayırıq, oyanırıq, xaricə gedirik. Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir. Xüsusilə nəzərə alsaq ki, 17 il ərzində biz tam fərqli bir vəziyyətdə idik, haqlı olduğumuza baxmayaraq, bizi haqsız hesab edirdilər. Bütün bu 17 il ərzində ictimaiyyətin diqqətindən kənar bir çox məqamlar olub ki, insanı dərindən həm hiddətləndirirdi, həm üzürdü, həm də incidirdi. Ədalətsizlik – çünki, necə deyim, ən böyük ədalətsizlik elə ədalətsizlikdir.

Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir. Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik.

Nigar Sabirqızı: Çox sağ olun, təşəkkür edirəm.

Vəfa Ağabalayeva: Cənab Prezident, bu yaxınlarda təsadüfən qarşıma bir müsahibəniz çıxdı. Siz o müsahibəni hakimiyyətə təzə gəldiyiniz illərdə vermişdiniz. Orada belə bir cümlə var idi ki, mən hakimiyyətə gələndə elə bilirdim ki, həqiqətən də dünyada ədalət var, hüquq var və o, işləyir, amma zamanla mən gördüm ki, bu, işləmir. Bir məqama toxunmaq istəyirəm, biz Azərbaycan dövləti olaraq Sizin sayənizdə hər zaman kiçik dövlətlərin və ada dövlətlərinin yanında olmuşuq. Azərbaycan televiziyaları həmin ərazilərdə çəkilişlər edirlər. Baxmayaraq ki, böyük media subyektləri susur, danışmır, gizlədir. Amma Azərbaycan televiziyaları Afrikanın qərbində yerləşən, neokolonial siyasət nəticəsində məhv olan ölkələrdə, adalarda, Korsikada, Yeni Kaledoniyada çəkilişlər edirlər. Sadə xalqın nümayəndələri , - ən azından eşitdiyim cümlələri indi Sizə çatdırıram, - qeyd edirlər ki, biz Azərbaycan dövlətinə və Azərbaycanın liderinə təşəkkür edirik. İnanın ki, onların hər biri Sizi tanıyır. Elə bu məqamda sualım bundan ibarətdir ki, neokolonial siyasətlə bağlı növbəti mərhələdə hədəflərimiz nədən ibarət olacaq və biz bu missiyanın önündə gedəcəyikmi?

Prezident İlham Əliyev: Bəli, bu, davam edəcək. Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür. Yenə də deyirəm, əgər bu proses müəyyən səbəblər üzündən başlamışdırsa, bu gün bu, artıq həyatımızın bir parçasıdır və xüsusilə bu ərazilərin nümayəndələri ilə görüşmək, onların dilindən problemlərini eşitmək, onların gözündə bu həsrəti, bu tükənmiş ümidləri görmək həm ağırdır, həm də ki, çox tanışdır. Çünki biz də uzun illər təxminən eyni vəziyyətdə idik. Biz müstəqil olmayan dövrdə müstəqillik eşqi ilə yaşamışıq, hər halda cəmiyyətimizin böyük qismi. Biz müstəqillik əldə etdik və dərhal işğala məruz qaldıq, hətta ondan qabaq. Bu ədalətsizlik elə həyatımızın bir parçası idi və biz bu ədalətsizlikdən canımızı xalqımızın iradəsi ilə qurtardıq. Amma bu xalqlar faktiki olaraq heç bir kütləvi informasiya vasitələrinə çıxış əldə edə bilmirlər. Onlar hədələnir, onlara qarşı ədalətsizlik bir qayda olaraq artıq özünü təsdiqləyib. Onların müdafiəsinə qalxmaq istəyən tərəflərin, təşkilatların sayı da çox azdır. Çünki yenə də deyirəm, mən bunu demişəm, heç kim başağrısı istəmir, heç kim istəmir ki, böyük dövlətlərlə, - hər halda özlərini belə sayan, - üz-üzə gəlsin. Amma biz bunu edirik və edəcəyik. Bu müstəmləkəçilik praktikası davam edənə qədər biz o xalqların yanında olacağıq. Artıq bunu Azərbaycan cəmiyyəti öz mənəvi borcu kimi qiymətləndirir və siz də qeyd etdiniz, bizim televiziya kanalları o bölgələrdə olarkən, yerində o insanların vəziyyəti ilə tanış olarkən bir daha, o acı mənzərəni görür.

Sözün düzü, bəlkə on il bundan əvvəl heç mənim də bu bölgələrlə bağlı o qədər də çox xəbərim yox idi. Amma bu son qasırğa nəticəsində üzə çıxan məlumat məni bir daha, belə desək, dərindən sarsıtdı. Sən demə, Fransa sayılan bir ərazidə əhalinin 70-75 faizi yoxsulluq şəraitində yaşayır. Axı nə üçün bu, onda Fransada olmalıdır? Fransanın prezidenti oraya gəlib deyir ki, Fransa olmasa, siz 10 min dəfə daha pis yaşayarsınız. Hara daha pis yaşamaq olar? Yetmiş beş faiz yoxsulluq şəraitində, mənzil fondunun 30-40 faizi köhnəlmiş, qəzalı vəziyyətdə. Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş. Yəni, sadəcə olaraq, oranı strateji bir məntəqə kimi saxlamaq, oranın təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir.

Son illərə qədər bütün bunlar ört-basdır edilirdi. Heç kim bu barədə danışmırdı, heç kim o bölgələrin insanlarını heç yerə dəvət etmirdi. Orada haqlı etiraz başlayanda, görün, Fransa hansı qəddarlıqla bu etirazın qarşısını aldı, 13 nəfər həlak oldu, min nəfər həbs edildi. Onları oradan Fransanın əsas yerlərinə gətirdilər. Ona görə biz, əlbəttə, dövlət olaraq öz sözümüzü deyirik. Amma qeyri-hökumət təşkilatlarımız, əlbəttə ki, bu işləri davam etdirməlidirlər.

Qay Şoun: Cənab Prezident, icazə verin, ingilis dilində bir sual da verim. Təşəkkür edirəm. Siz işini öz nəzarəti altında saxlayan ölkələrin dəyəri haqqında danışdınız. Gələcəkdə, xarici siyasət baxımından, Tramp administrasiyasının görəcəyi işlər barədə bizdə də bəzi məlumatlar var. Necə düşünürsünüz, qloballaşma, başa düşdüyümüz kimi, artıq son günlərini yaşamırmı?

Prezident İlham Əliyev: Düşünürəm ki, hətta ondan əvvəl bu, baş verib. Əgər xatırlayırsınızsa, son illər qloballaşma haqqında o qədər də çox eşitmirik. Ola bilər ki, bu, 10, yaxud 15 il əvvəl bir tendensiya olub, lakin o, alınmadı. Çünki bir çox ölkə ona qarşı çıxdı. Onun nə məna daşıdığı da bir çox ölkə üçün aydın deyildi. Qloballaşma daha çox ticarətə, yoxsa bütün məsələlərə - əgər belə ifadə etmək olarsa - eyni gözlə baxmaq idi? Bir sözlə, biz buna hər zaman qarşı çıxmışıq və hətta qloballaşma Qərbin siyasətində əsas tendensiya sayıldığı vaxtlarda aydın şəkildə çıxış etmişik. Hətta Prezident Tramp seçilməzdən əvvəl həmin məsələ müəyyən dərəcədə gündəlikdə əsas yer tutmurdu. Bununla belə, əminəm ki, o, alınmadığı üçün tamamilə aradan qalxacaq. Bir çox insan heç onun nə məna daşıdığını belə bilmir. Yəni, o, müdaxilə aləti kimi istifadə olunmuş, hökmranlıq platformasının qurulması, gənc nəslin fikrinin dəyişdirilməsinə yönəlmişdir. Çünki qloballaşmanın əsas hədəfi gənc nəsil idi. Bu yanaşma onları dünya sakinlərinə çevirmək, onları mədəniyyəti, milli mənsubiyyəti, milli özünəməxsusluğu, ləyaqəti olmayan insana döndərmək, əlində pult olanların sanki robotuna çevirmək üçün hesablanmışdır. Bir sözlə, əminəm ki, onun vaxtı artıq keçib, bitib.

Qay Şoun: Təşəkkür edirəm.

Vüsal Mətləb: Cənab Prezident, biz artıq üç saata yaxındır işləyirik. Əgər həmkarlarımız da etiraz etmirsə, bunu sonuncu sual kimi qəbul edək. Əslində, bəlkə bu mövzunun sona qalmasının bir rəmzi mənası da var. Biz birinci missiyanı, yəni, torpaqlarımızın azad olunmasını uğurla tamamladıq və ikinci missiyanı həyata keçirməkdəyik - Böyük Qayıdış, bərpa-quruculuq. Siz dəfələrlə qeyd etmisiniz ki, biz bu Qələbəni, bu mövzunu çox istismar edə bilmərik. Bu Qələbə eyforiyası ilə yaşaya bilmərik. İndi görünən odur ki, biz üçüncü missiya ilə üz-üzəyik. Söhbət Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışından gedir. İndiki şərtlər altında bu perspektivlər nə qədər real görünür?

Prezident İlham Əliyev: Bilirsiniz, o, bizdən asılıdır. Biz nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq. Təbii ki, Qarabağın işğalı dövründə biz bu məsələ ilə fəal məşğul ola bilməzdik. Halbuki hələ 10 il bundan əvvəl mən bu mövzunu artıq siyasi gündəliyə gətirmiş oldum və mənim tövsiyəmlə o vaxt Azərbaycan alimləri elmi əsərlər yaratmağa başlamışlar. İrəvan xanlığı haqqında böyük elmi əsər yaradılmışdır və Qərbi azərbaycanlıların keçmişdəki yaşayışı, orada məskunlaşması, tarixi xəritələrin çap etdirilməsi. Bütün bunları biz o vaxt da elə görürdük, çünki bu, bizim haqlı istəyimiz idi. Amma yenə də deyirəm, hər şeyin ardıcıllığı var və sıra artıq gəlib çatıb ki, biz bu məsələ ilə bağlı daha ciddi məşğul olmağa başlamışıq. İlk növbədə, Azərbaycanda fəaliyyət göstərən, Qərbi Azərbaycandan olan bir neçə ictimai qurum vahid bir təşkilat çərçivəsində birləşdi. Qərbi Azərbaycan İcması, onun fəaliyyəti daha da təkmilləşdi, o cümlədən beynəlxalq fəaliyyəti, bir çox beynəlxalq təşkilatlarla təmaslar yaratdı və bu məsələ artıq beynəlxalq gündəliyə salınmışdır. Çünki bu, vacibdir. Həm beynəlxalq leksikona, həm beynəlxalq gündəliyə artıq bu məsələ salınmışdır. Bundan sonra əlbəttə ki, bizim həm qeyri-hökumət təşkilatlarının, həm dövlətin fəaliyyəti ondan ibarət olacaq ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına, orada yaşadıqları kəndlərə, şəhərlərə qayıda bilsinlər və orada yaşasınlar. Bu, bütün beynəlxalq norma və prinsiplərə uyğun olan bir tələbdir.

Xüsusilə nəzərə alsaq ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz “Sevan gölü” adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni, bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.

Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil. Bu, ciddi problemdir. Bu, yüz minlərlə insanın hüquqlarının bərpası məsələsidir. Bu, insan hüquqları məsələsidir. Bu, ədalət məsələsidir. Bu, eyni zamanda, göstərəcək ki, indiki Ermənistan rəhbərliyi faşist deyil. Çünki üç prezident faşist idi. Yəni, onların açıqlamaları, əməlləri, Xocalı soyqırımında üçünün də iştirakı və bir çox digər sübutlar var. Əgər indiki baş nazir demokratdırsa, özü də Avropa demokratiyasının, necə deyərlər, “banisi olan” Fransa prezidenti Makronun dostudursa, qoy, onu göstərsin, qoy, icazə versin. Yəni, bizim istəyimiz bundan ibarətdir və bunu tələb etmək hər hansı bir ərazi iddiasında olmaq demək deyil. Sadəcə olaraq, buna insan hüquqları nöqteyi-nəzərindən yanaşmaq lazımdır və biz bu məsələni gündəlikdən çıxartmayacağıq. Halbuki bizə belə təkliflər var. Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər.

Vüsal Mətləb: Təşəkkür edirik, cənab Prezident, müsahibəyə görə çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm sizə.


 







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

SON XƏBƏRLƏR

08.01.2025 | 17:00
Tramp Ukrayna müharibəsini 24 saata bitirəcəyini demişdi, indi də altı ay deyir...

08.01.2025 | 15:37
İsrail Türkiyə ilə müharibəyə hazırlaşır? - Netanyahunun qurduğu komitənin hesabatı ortaya çıxdı...

08.01.2025 | 15:14
Milli Məclis xarici ölkə parlamentlərini Ermənistana təzyiq göstərməyə çağırdı

08.01.2025 | 15:03
Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul etdi - FOTO

08.01.2025 | 14:44
Paytaxtda oğurluq və dələduzluq edən şəxslər saxlandı

08.01.2025 | 14:25
Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

08.01.2025 | 14:10
Qərbi Azərbaycan İcması Prezidentə təşəkkür etdi...

08.01.2025 | 13:44
Bakıda telefon oğurlayan 3 nəfər tutuldu

08.01.2025 | 13:30
Eritreyada saxlanan gəmilərdə heyət üzvlərindən 18-i Azərbaycan vətəndaşıdır

08.01.2025 | 13:19
Azərbaycan Respublikasının D-8-ə daxil edilməsi onun böyük dövlət olduğunun göstəricisidir

08.01.2025 | 13:12
Tuqay Rəhimli baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi təyin olundu

08.01.2025 | 13:03
Иранский мулла должен быть наказан! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.01.2025 | 12:50
Qətərin Baş naziri və xarici işlər naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:47
Qətər Əmiri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 12:34
Xaçmaz sakini “Kalaşnikov”la tutuldu

08.01.2025 | 12:10
Bərdədə avtomat satmaq istəyən keçmiş məhkum yaxalandı

08.01.2025 | 12:00
"Buna yalnız axmaq adam cavab verə bilər” - Trampdan İran AÇIQLAMASI

08.01.2025 | 11:30
Sabah Naxçıvanın bu şəhərində işıq olmayacaq - XƏBƏRDARLIQ

08.01.2025 | 11:23
Küveytin Baş naziri Prezident İlham Əliyevə başsağlığı verdi

08.01.2025 | 11:20
Qadın cüdoçumuz "Böyük Dəbilqə" turnirinə qatılacaq

08.01.2025 | 11:15
Xaçmazda kitabxana binası yanıb

08.01.2025 | 11:10
Kubada DƏHŞƏT - silah anbarı partladı, 13 əsgər itkin düşdü

08.01.2025 | 11:10
Təyyarə qəzasında vəfat etmiş vətəndaşların kredit borcları silinib

08.01.2025 | 11:05
Ukrayna mediası İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb

08.01.2025 | 11:00
Yenə Rusiya, yenə təyyarə problemi...

08.01.2025 | 11:00
Azərbaycanın üç gəmisi Afrikada girov götürüldü...

08.01.2025 | 10:30
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək üçün sənəd qəbulu sabah başa çatır

08.01.2025 | 10:20
76 yaşlı kişi beşinci mərtəbədən yıxılıb öldü

08.01.2025 | 10:15
Qrip virusu Britaniyanı cənginə alıb - xəstəxanalarda yer tapılmır...

08.01.2025 | 10:10
Hakan Fidan Türkiyənin Suriyadakı iki əsas hədəfini açıqladı

08.01.2025 | 10:05
Xalq artisti qızı ilə Mayamidə dincəlir

08.01.2025 | 10:00
"Kanada ABŞ-ın 51-ci ştatı olmayacaq!" - Trüdo Trampa meydan oxudu

08.01.2025 | 09:30
Polşa ilk AES tikmək üçün 15 milyard dollar ayıdı

08.01.2025 | 09:24
Əhalinin bank əmanətlərində gözlənilməz artım - nə baş verib?..

08.01.2025 | 09:15
Qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb

08.01.2025 | 09:05
Juninyo hansı kluba keçir- "Sevilya"ya, yoxsa “Flamenqo"ya?

08.01.2025 | 09:00
Şəmkirdə ev yanıb

08.01.2025 | 08:40
Kreditlərə faiz qadağası - 0,3 faizdən çox ola bilməz...

08.01.2025 | 01:25
Sakral dünyanın Arazboyu vadisinin qədim dövlətçilik tarixi - hay kilsəsinin hədəfində...

08.01.2025 | 00:04
"Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin" - Prezident

07.01.2025 | 23:58
Prezident İlham Əliyev İran hakimiyyətinə: "Azərbaycandan kim üzr istəyəcək?"

07.01.2025 | 23:52
Prezident: "Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

07.01.2025 | 23:47
"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident İlham Əliyev

07.01.2025 | 23:40
Prezident: "Avropa Komissiyası ilə münasibətlərimizin necə inkişaf edəcəyini söyləmək çətindir"

07.01.2025 | 23:36
"Ermənistanın yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər" - Prezident İlham Əliyev

07.01.2025 | 23:34
Prezident telekanallara müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

07.01.2025 | 23:26
"Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik" - Prezident İlham Əliyev

07.01.2025 | 23:24
Prezident İlham Əliyev: "Əgər bu Fransadırsa, onda sən demə Fransa yoxsul ölkə imiş"

07.01.2025 | 23:18
"Müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır" - Prezident

07.01.2025 | 23:15
Prezident: "Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir"

07.01.2025 | 23:06
"O əyalət mollası cəzalandırılmalıdır" - Prezident İlham Əliyev

07.01.2025 | 22:53
Prezident İlham Əliyev Yaxın Şərqdəki proseslərlə bağlı fikirlərini bölüşdü...

07.01.2025 | 22:41
Azərbaycan yerli elektrobusların istehsalına başlayır...

07.01.2025 | 22:40
"Ümid edirik ki, bu il biz AÇG-də “Dərin Qaz” layihəsindən ilk qazı alacağıq" - Prezident

07.01.2025 | 22:37
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək

07.01.2025 | 22:27
Prezident: "İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi"

07.01.2025 | 22:19
Prezident İranla gələcək münasibətlərə toxundu - "Bu barədə danışmaq bir qədər tezdir"

07.01.2025 | 22:15
Prezident İlham Əliyev: "Fransız siyasi səhnəsində konsensus yalnız azərbaycanofobiya zəminində olur"

07.01.2025 | 22:06
Prezident: "Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir"

07.01.2025 | 22:06
"Bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar" - Prezident

07.01.2025 | 21:55
"Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır" - Prezident İlham Əliyev

07.01.2025 | 21:52
Prezident İlham Əliyev: "Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir"

07.01.2025 | 21:43
Bu ay Azərbaycan-Ermənistan komissiyalarının növbəti görüşü keçiriləcək

07.01.2025 | 21:31
İlham Əliyev: "Aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran göz qabağındadır"

07.01.2025 | 21:27
"Fransa Prezidenti şəxsən onlara zəng edərək, Bakıya getməməyi tövsiyə edirmiş" - Prezident Əliyev Makronu ifşa etdi

07.01.2025 | 21:21
Prezident: "Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir"

07.01.2025 | 21:14
"COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur" - Prezident İlham Əliyev

07.01.2025 | 21:11
Ermənistan qədim Yunan və Roma dövlətləri ilə bir sıraya qoyuldu - absurdun ölçüsüzlüyü...

07.01.2025 | 20:55
Prezident İlham Əliyev: "İqtisadi imkanlar artdıqca biz sosial məsələlərin həllinə də daim diqqət göstərəcəyik"

07.01.2025 | 20:53
Barrozo: "Rusiya almazının sanksiyalar siyahısına salınmasına açıq mane oldular"...

07.01.2025 | 20:47
"İqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, gələn illərdə bu dinamika saxlanılacaq" - Prezident

07.01.2025 | 20:44
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - FOTO/VİDEO/YENİLƏNDİ

07.01.2025 | 20:37
Təyyarə cinayəti Rusiyanın hərbi və mülki qurumlarının rabitəsizliyini ifşa etdi...

07.01.2025 | 20:22
Afrika dövlətləri Makrona qarşı qalxdılar - "Afrika xalqları ilə danışmağı öyrən"...

07.01.2025 | 20:08
Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

07.01.2025 | 19:53
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası bu terror qrupunun əli ilə icra olundu...

07.01.2025 | 19:40
10 gün əvvəlki hadisə təyyarə qəzasına aid yeni suallar yaradır...

07.01.2025 | 19:26
Bakı aeroportunda yarım milyonluq qızıl külçə əməliyyatı - saxlanan şəxs vəzifəli gömrük əməkdaşını da ələ verdi...

07.01.2025 | 19:17
"Stratfor" kəşfiyyat qrupu - “ABŞ Ermənistana dəstək verməyəcək...”

07.01.2025 | 19:03
Rusiya rəsmilərinin ilkin reaksiyası təyyarə qəzası ilə bağlı vəziyyəti xeyli mürəkkəbləşdirdi...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031