COP29-un təyin etdiyi 300 milyard dolları bu 24 ölkə ödəyəcək...
Azərbaycanın noyabrın 12-22-də Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etməsi dünya miqyasında təqdir edilməklə yanaşı, iqlim böhranına qarşı mübarizənin yeni mərhələsi kimi də qəbul edilir.
Elə bu fonda ABŞ prezidenti Co Bayden COP29-da əldə edilən razılaşmanı tarixi nəticə kimi qiymətləndirib və COP29 Azərbaycan prezidentliyini və iştirakçı tərəfləri buna görə təbrik edib. O deyib ki, iqlimlə bağlı məqsədlərə nail olmaq üçün qarşıda onları hələ də böyük iş gözləyərkən, bugünkü nəticə onları məqsədə əhəmiyyətli bir addım daha da yaxınlaşdırır.
Bununla yanaşı, Bayden vurğulayıb ki, bu razılığın əldə olunmasında ABŞ nümayəndə heyətinin də yorulmaz səyləri var: “Bakıda Birləşmiş Ştatlar ölkələri təcili seçim etməyə çağırdı: ya həssas icmaları daha da fəlakətli iqlim fəlakətlərinə təslim edin, ya da bir addım atıb daha yaxşı gələcəyə doğru hamımızı təhlükəsizlik yoluna çıxarın”. ABŞ prezidenti qeyd edib ki, ölkələr birlikdə 2035-ci ilə qədər iddialı beynəlxalq iqlim maliyyə məqsədini qoyurlar: “Bu, bütün mənbələrdən maliyyə səviyyəsini səfərbər etməyə kömək edəcək, o da öz növbəsində inkişaf etməkdə olan ölkələrin ehtiyacları olan təmiz enerjiyə, Amerika istehsallı nəqliyyat, batareya və digər məhsullara yeni bazar açan dayanıqlı iqtisadiyyata keçidinin sürətlənməsinə təsir edəcək”. Böyük Britaniyanın enerji naziri Ed Miliband əldə olunmuş Bakı razılaşmasından sonra deyib ki, hamı üçün irəliyə doğru bir addım atılıb. Onun sözlərinə görə, yeni sövdələşmə Britaniyanın üzərinə daha çox iqlim maliyyəsi öhdəliyi qoymur, amma əslində Britaniya biznesinə başqa bazarlara sərmayə qoymaq üçün böyük fürsətdir. Danışıqlarda iştirak edən Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Hopke Hoekstra deyib ki, COP29 iqlim maliyyəsi üzrə yeni dövrün başlanğıcı kimi yadda qalacaq. O, razılaşmanı iddialı, real hədəfi olan və töhfə verməkdə genişlənən baza kimi qiymətləndirib. Bakıda əldə edilən razılaşmalar inkişaf etməkdə olan ölkələrə ilk növbədə iqlim böhranı ilə mübarizədə maliyyə sahəsində çoxsaylı yardımların ayrılmasına səbəb olacaq. İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə təxminən 10 il ərzində hər il 300 milyard dollar ödəyəcəklər. inkişaf etməkdə olan ölkələrin sayı isə heç də az deyil. Əslində, ölkələrin inkişaf etmiş və inkişaf etməkdə olan növlərə bölünməsində ümumi qəbul edilmiş qayda yoxdur. Hər təşkilat müxtəlif meyarlara görə ölkələri bu və ya digər şəkildə bir-birindən fərqləndirməyə çalışır. Məsələn, Dünya Bankı ölkələri yüksək gəlirli, nisbətən yüksək gəlirli, nisbətən aşağı gəlirli və aşağı gəlirli ölkələr olaraq 4 qrupa bölür. Beynəlxalq Valyuta Fondu dövlətləri yüksək inkişaf etmiş, inkişaf etməkdə olan və aşağı gəlirli ölkələr kimi 3 növə ayırır. Birləşmiş Millətlər Təşkilatı isə dövlətləri inkişaf etmiş, keçid iqtisadiyyatı və inkişaf etməkdə olan ölkələrə ayırır.
BMT-nin 2024-cü ildə açıqladığı statistikaya görə, hazırda 37 inkişaf etmiş ölkə var. Bu ölkələrin hər birində əhalinin illik gəliri, yaşayış standartı, təhsil səviyyəsi yüksək, ömrü isə uzundur. Son dövlərdə Kipr, Cənubi Koreya, Baltik ölkələri, Sloveniya, Slovakiya texnoloji inkişaf səviyyəsi də nəzərə alınmaqla inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacarıb. Hazırda 37 inkişaf etmiş ölkə olsa da, iqlim maliyyələşməsi ilə bağlı məsələlərdə onların sadəcə 23-nün adı çəkilir. Səbəb isə bu 23 ölkənin daha yüksək iqtisadiyyata malik olmasıdır. BMT-nin iqlim dəyişikliyi ilə bağlı çərçivə konvensiyasında da məhz həmin ölkələr digər dövlətlərə iqlim problemi ilə bağlı mübarizədə maddi dəstək vermə öhdəliyi götürüb. Həmin ölkələr bunlardır: ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Kanada, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Portuqaliya, İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya. İqtisadiyyatları inkişaf etməkdə olan və ya tam sənayeləşməmiş ölkələr inkişaf etməkdə olan ölkələr qrupuna aid edilir. Kasıb ölkələr də bura daxildir. Lakin Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq institutlar, inkişaf etməkdə olan ölkələri “keçid iqtisadiyyatı, inkişaf etməkdə olan və ən az inkişaf etmiş” formalara bölürlər. İnkişaf etmiş 37 ölkədən başqa bütün dövlətlər inkişaf etməkdə olan ölkə sayılır. Azərbaycan keçid iqtisadiyyatına malik inkişaf etməkdə olan ölkədir. Bu kateqoriya inkişaf etməkdə olan ölkələr arasında nisbətən yüksək pillə sayılır. Qonşuları Ermənistan və Gürcüstanla yanaşı, Türkiyə və Rusiya da keçid iqtisadiyyatına malik ölkələr kimi səciyyələndirilir. İran isə inkişaf etməkdə olan ölkə kimi öz qonşularından geri qalır. Buna səbəb yaşayış səviyyəsinin, uzunömürlülüyün və təhsilin digər ölkələrlə müqayisədə daha aşağı olmasıdır. BMT bir ölkənin inkişaf edib-etməməsini ilk olaraq, həmin ölkənin iqtisadi göstəricisinə görə müəyyən edir. Bu zaman ölkənin illik ümumdaxili məhsulu və ya adambaşına düşən milli gəliri əsas götürülür. Daha sonra həmin ölkədə əhalinin yaşayış standartlarına, təhsil səviyyəsinə və nə qədər uzunömürlü olmasına baxılır. Bu göstəricilər 1992-ci ildə qəbul edilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsaslanır. Son dövrlər ölkələrin nə qədər inkişaf etməsi həmin dövlətlərdə qadın iştirakçılığı, eləcə də ölkənin texnoloji infrastrukturu nəzərə alınmaqla hesablanır. 1992-ci ildən bəri fərqli iqtisadi amillərin, texnoloji yeniliklərin və yeni dəyərlərin ortaya çıxması BMT-ni öz qiymətləndirməsində dəyişiklər aparmağa məcbur edib. Bunu nəzərə alan təşkilat 2017-ci ildən etibarən ölkələrin inkişaf edib-etməməsini Dayanıqlı İnkişaf Məqsədlərinə əsasən müəyyən etməyə başladı. BMT-nin digər beynəlxalq təşkilat və maliyyə institutları ilə apardığı məsləhətləşmələrindən sonra, 2021-ci ildə “inkişaf etmiş” və “inkişaf etməkdə olan” ifadələrindən istifadə dayandırıldı. Hazırda “inkişaf etmiş” və ya “inkişaf etməkdə olan” ifadələri 1992-ci ildə qəbul edilmiş qayda çərçivəsində və yalnız statistik məlumatları dəqiqliklə təsvir etmək üçün istifadə edilir. Çin və Hindistan, eləcə də Körfəz ölkələrinin iqtisadiyyatları güclü olsa da, əhali arasında uzunömürlülük, yaşayış standartları və təhsil aşağı səviyyədə olduğu üçün onlar inkişaf etməkdə olan ölkələrdir. Bu dövlətlər sənayeləşmə və texnoloji infrastruktur baxımından da inkişaf etmiş ölkələrdən geri qalırlar.
Ramil QULİYEV