3 “exit-poll”un nəticələri üst-üstə düşdü - müəmmalı bir şey yoxdur...
Rauf Zeyni: “Ona görə ki, hər üç “exit-poll”un nəticələri real vəziyyəti obyektiv şəkildə əks etdirir”
Sentyabrın 1-də Azərbaycanda 125 seçki dairəsi üzrə 6478 seçki məntəqəsində parlament seçkiləri keçirildi.
Məlumatlara görə, növbədənkənar parlament seçkilərində də 2500-dən çox seçki məntəqəsində "exit-poll" keçirilib. "Exit-poll"ları Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "Oracle Advisory Group" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə keçirib. "Oracle Advisory Group" şirkəti parlament seçkilərində eyni anda 872 məntəqədə "exit-poll" keçirib. Qeydə alınan nəticələr Nyu Yorkdakı Data Mərkəzində emal olunduqdan sonra axşam saatlarında açıqlanıb.
Üç beynəlxalq təşkilatın həyata keçirdiyi "exit-poll"un nəticələri ilə MSK-nın rəsmi nəticəsi, demək olar ki, üst-üstə düşdü.
Göründüyü kimi, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində azı 3 təşkilat “exit-poll” keçirib və nəticələr üst - üstə düşür.
Bu nə deməkdir və nəyi göstərir?
“Bu o deməkdir ki, seçkilər şəffaf və demokratik şəraitdə keçib”
Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu, seçkilərin yüksək rəqabət şəraitində keçirildiyini, onun şəffaflığının beynəlxalq və yerli müşahidəçilər tərəfindən də təsdiq edildiyini göstərir.
“Azərbaycanda növbədənkənar parlament seçkiləri nəhayət ki, uğurla başa çatdı. Parlament seçkiləri əsasən çox fəal bir şəraitdə keçib. Demək olar ki, seçkilər günü heç bir kobud qanun pozuntusu müşahidə olunmayıb, seçki sakit şəraitdə baş tutub, parlamentə yeni deputatlar seçilib. Artıq onlara deputat demək olar, çünki onlar seçilmişlərdi. Bunu Mərkəzi Seçki Komissiyası təsdiq edəcək, sonra isə Konstitutsiya Məhkəməsi. Yekunda vətəndaş cəmiyyətinin nümayəndələri, namizədləri deputat seçiliblər.
“Exit-poll”un nəticələrinə gəldikdə isə, üç “exit-poll” təşkilatının nəticələrinin üst-üstə düşməsi hər dairədə olan nəticələrlə əlaqəlidir. Çünki namizədlər əhali ilə, seçicilərlə işləyiblər və seçicilər də kimə səs verdiklərini dilə gətiriblər. Bu ictimai rəyin nəticəsi olaraq “exit-poll” nəticələri elan edilib və onların da nəticələri bir-birinə uyğun gəlir. Ona görə ki, hər üç “exit-poll”un nəticələri real vəziyyəti obyektiv şəkildə əks etdirir. Orda başqa hansısa real olmayan rəqəmi elan etmək də düz gəlıməz, nəticə nədirsə, seçicilər nəyi deyibsə, hər üç “exit-poll” təşilatı da onu elan edib. Çünki “exit-poll”lar da müstəqildir. Bu səbəbdən rəylərin bir-birinə uyğun gəlməsində təəccüblü bir şey görmürəm”.
R.Zeyni əlavə etdi ki, seçkilərin şəffaflığını "exit-poll" da təsdiqləyib. R.Zeyni qeyd etdi ki, onların rəylərinin üst-üstə düşməsinin səbəbi nəticələrin eyni olması ilə əlaqədardır. “Nəticələr barədə “exit –poll” təşkilatları baqşa rəqəm verə bilməzlər. On təşkilat da “exit-poll” keçirsəydi yenə də həmin rəqəmlər olacaqdı. Ona görə də, mən seçkilərin nəticələrini müsbət qiymətləndirirəm, Azərbaycanda keçirilən növbədənkənar paralament seçkiləri yeni mərhələni təmin etdi”-deyə bildirən R.Zeyninin fikrincə, “exit-poll”ların nəticələri onu deməyə əsas verir ki, burada qeyri-şəffaf yanaşma yoxdur və seçkilər şəffaf və obyektiv keçib. “Bu o deməkdir ki, seçkilər şəffaf və demokratik şəraitdə keçib”.
R.Zeyni sonra parlamentə seçilən bütün deputatları, o cümlədən də vətəndaş institutunun Milli Məclisdə təmsil olunacaq nümayəndələrini təbrik etdi, onlara uğurlar arzuladı.
İradə SARIYEVA