181 nəfər turist Azərbaycandan narazı qayıdıb - niyə?..
Elçin Rüstəm: “Turistlər ictimai nəqliyyat, qiymət siyasəti və restoranlardan daha çox narazılıq edir”
Turizm və səyahət sənayesi bu gün dünyanın ən böyük biznes sahələrindən biridir. Bu baxımdan bir çox ölkələrdə turizm əsas gəlir mənbəyi olub, məşğulluq, özəl sektorun və infrastrukturun inkişafına xidmət edir. Hər hansı bir ölkədə turizmin inkişafında həm də turistlərin təyinat yerindən məmnunluğu rol oynayır.
Turizm sahəsində gəlirin 80 faizə qədərinin daimi müştərilərdən əldə edildiyini nəzərə alsaq, bu məsələdə aktiv mövqe tutmaq çox vacibdir. Bu günlərdə ölkəmizə gələn turistlərin nə qədər razı qalıb-qalmaması ilə bağlı statistika açıqlanıb. ABB-nin "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabatında bildirilir ki, 2023-cü ildə Azərbaycana səfər etmiş xarici vətəndaşlardan bütün xidmətləri qənaətbəxş hesab edənlər 1,2 milyon nəfər, narazı qalanlar isə 181 min nəfər təşkil edib. Əcnəbi turistlərin 87%-i Azərbaycanda onlara göstərilən bütün xidmətlərdən razı, 13%-i narazı qalıb.
Maraqlıdır, əcnəbi turistlər niyə Azərbaycanın turizm xidmətlərindən narazı qalıb?
“Turistin məmnunluğu üçün onun qidasını, yaşayış yerini, ekskursiyalarını yüksək səviyyədə təşkil etmək lazımdır”
Turizm sahəsi üzrə ekspert Elçin Rüstəm "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, turistin məmnunluğu üçün onun qidasını, yaşayış yerini, ekskursiyalarını yüksək səviyyədə təşkil etmək lazımdır: "Əsl qonaqpərvərlik göstərməklə turisti razı salmaq olar. Turistə evə gələn yaxın adam kimi isti münasibət göstərmək lazımdır. Turist onun gəldiyinə sevindiyinizi hiss etsə, məmnun qalacaq. Keyfiyyətdən başqa, xidmətlərin çeşidi də olmalıdır. Turist sayının artımı ilə yanaşı, keyfiyyət məsələsi də diqqətdə saxlanmalıdır. Çünki müştəri məmnuniyyətini məhz keyfiyyət yaradır. Bu məmnunluğun nəticəsində biz müştərilərin geri dönüşünü saxlaya bilərik. Gələn müştəri o zaman məmnun olur ki, biz onların gözləntilərini aşa bilirik"
Həmsöhbətimiz hesab edir ki, turistlər ictimai nəqliyyat, qiymət siyasəti və restoranlardan daha çox narazılıq edir: "Restoranlarda keyfiyyət məsələsi çox önəmlidir. Turistlər üçün keyfiyyət çox önəmlidir və bu baxımdan keyfiyyətin artırılması ilə bağlı işlər artırılmalıdır. Bununla yanaşı, turistlərə münasibət dəyişilməlidir. Bəzən zənci və ya başqa millətin nümayəndəsini yolda görəndə ona gülürlər. Bu kimi hallar turistlərin ölkəmiz haqqında düşüncəsinə təsir edir”.
Günel CƏLİLOVA