Kadırovun Çeçenistanda "matəmi" gecikmiş addımdır...
Sədrəddin Soltan: “28 dekabr tarixində Çeçenistanda matəm elan etməsi birmənalı qarşılanmayıb”
25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.
Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Məlum hadisə ilə bağlı dekabrın 28-də Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Çeçenistan Respublikasında matəm elan edilib. Bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov sərəncam imzalayıb.
Qeyd edək ki, matəm günü Rusiya Federasiyasının və Çeçenistan Respublikasının Dövlət bayraqları bütün Çeçenistan Respublikasının ərazisində endirilib. Həmçinin matəm günü mədəniyyət təşkilatlarına, teleradio şirkətlərinə əyləncə tədbirlərinin və verilişlərin ləğvi tövsiyə olundu. Ancaq Kadırovun bu addımı gecikmiş hərəkət kimi qəbul olunur. Hesab edilir ki, qəza zamanı həlak olanlar dəfn ediləndən sonra matəm elan etməsi yersiz addım idi.
“Çeçenistan mərkəzi hakimiyyətin icazəsi olmadan müstəqil şəkildə hər hansı qanun, qərar qəbul edə bilməz”
Siyasi şərhçi Sədrəddin Soltan "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Çeçenistan müstəqil dövlət deyil: "O, Moskvanın tabeliyində olan federal subyektlərdəndir. Əslində Çeçenistan bir əyalətdir. Bu əyalətin başçısı mərkəzi hakimiyyətin icazəsi olmadan müstəqil şəkildə hər hansı qanun, qərar qəbul edə bilməz. Məlumdur ki, bu bölgənin bütün hərbi qulluqçuları Moskvaya tabedir. Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasına görə Çeçenistanda 28 dekabr tarixində matəm elan edilməsi Moskvadan asılı olan məsələ idi. Rusiya etiraf edir ki, bu hadisə Çeçenistan ərazisində, səmasında baş verib. Hər hansı bir məsələ ilə bağlı Kadırov sərbəst qərar verə bilməz. Onu da deyim ki, Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması və çoxsaylı insan tələfatı ilə bağlı dünən (28 dekabr) Çeçenistanda matəm elan edilməsi birmənalı qarşılanmayıb”.
Leyla QARAXANLI