Son 20 ildə belə seçici fəallığı görünməmişdi - ilginc təfərrüat...
Yadigar Məmmədli: “Zəfər seçkiləri olduğundan belə yüksək fəallıq var idi və bunu hamı gördü”
Məlum olduğu kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim partiyanın namizədi Prezident İlham Əliyev 92%-dən çox səs toplayaraq qələbə qazanıb.
Azərbaycanın müstəqilliyini əldə etdiyi tarixdən bu yana keçirilən sayca 8-ci seçkidə seçici fəallığı 76.73% olub. Beləliklə, seçicilərin 4 milyon 971 min 32 nəfəri öz səsvermə hüququndan istifadə edib. Keçirilən seçkilərdə ən yuxarı seçici fəallığı 15 saylı Yasamal birinci seçki dairəsində (83.36%) ən aşağı isə 19 saylı Nərimanov birinci seçki dairəsində qeydə alınıb (59.8%). Məsələ ondadır ki, fevralın 7-də keçirilən və ilk dəfə bütün Azərbaycan ərazisində baş tutan səsvermə ən çox seçicinin iştirak etdiyi prezident seçkiləri olub. Belə ki, Azərbaycan tarixində rekord səviyyədə - ilk dəfə 5 milyona yaxın seçici səsvermə hüququndan istifadə edib. Son 20 ildə ölkədə belə seçici fəallığı ilə müşahidə olunan seçki olmayıb. 7 fevralda seçici fəallığı bütün müşahidəçilər tərəfindən xüsusi qeyd olunan təzahür oldu. Həm yerli, həm də xarici müşahidəçilər bəyan etdilər ki, ölkədə seçici fəallığı çox yüksək olub.
Maraqlıdır, seçici fəallığının belə yüksək olması nə ilə izah oluna bilər?
“Məhz bu faktor insanların axın-axın seçki məntəqələrinə getməsini təmin etdi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən media eksperti Yadigar Məmmədli seçici fəallığının belə yüksək olmasını bir neçə faktorla əlaqələndirdi: “7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri artıq tarixdə qaldı. Biz Zəfər seçkilərinin möhtəşəmliyini yaşadıq. Seçki günü bir sıra mühüm hadisələr baş verdi. Həmin mühüm hadisələrdən biri də məhz seçici fəallığının belə yüksək olması ilə bağlı idi. Azərbaycanın müstəqillik tarixində belə seçici fəallığı olmayıb. Bunu yerli müşahidəçilərlə yanaşı, seçki prosesini izləyən xarici müşahidəçilər də təsdiq etdilər. Niyə? Ona görə ki, hər şey göz qabağında idi. Çoxsaylı seçicinin seçki məntəqələrinə axın etdiyinin şahidi olduq. Bu, çox möhtəşəm bir mənzərə idi. Azərbaycan cəmiyyətini irəli aparan, bizim vətəndaşlığımızın məsuliyyətini dərk edən bir göstərici idi. Bu baxımdan seçkidə yaşananlar təqdirəlayiqdir. Başqa bir tərəfdən, bunun möhtəşəmliyini şərtləndirən faktor var idi. Bunu şərtləndirən o idi ki, 2023-cü ilin 20 sentyabrında Azərbaycan öz suverenliyini tam bərqərar etdi. Xankəndidə bayrağın ucaldılması bununla bağlı son nöqtəni qoydu. Xocalı, Ağdərə, Əskəran, Xocəvənd, Xankəndi ərazimiz olsa da, orada de-fakto suverenliyimiz yox idi. Ötən ilin sentyabrında həmin yaşayış məntəqələrində suverenliyimiz bərqərar edildi. Məhz bu faktor insanların axın-axın seçki məntəqələrinə getməsini təmin etdi. Zəfər seçkiləri olduğundan belə yüksək fəallıq var idi və bunu hamı gördü. İnsanlar xoş əhval-ruhiyə ilə seçki məntəqələrinə axın edirdilər. Ümumilikdə, bütün bu mənzərə öz sözünü dedi və hər bir müşahidəçi bunu yüksək qiymətləndirdi”.
Vidadi ORDAHALLI