Lavrov Paşinyanı təhrik etdi - "Sənəd təqdim edin"...
Azər Həsrət: "Düşünürdülər ki, Ermənistan bu təşkilatın üzvüdürsə, KTMT Azərbaycana qarşı hərbi güc tətbiq etməlidir"
Artıq bir ildir ki, Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) cıxmaq istədiyini, fəaliyyətini dondurduğunu bəyan edir. Amma Rusiya rəsmilərinin bəyanatı bunun əksini deyir.
Ermənistan KTMT-dən çıxmaq üçün sənədlər təqdim etməyib.
Bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında Nikol Paşinyanın Ermənistanla KTMT arasında münasibətlərin geridönülməz nöqtəni keçdiyi barədə bəyanatını şərh edərkən bildirib.
“Xeyr, belə bir sənəd daxil olmayıb. Biz bu söhbətləri eşidirik, Ermənistanın baş naziri parlamentdə bu mövzuda çox danışıb, müzakirə edib. Biz heç kimi heç nəyə məcbur etmirik. Biz əminik ki, KTMT-yə üzvlükdən maksimum istifadə etmək Ermənistanın təhlükəsizlik maraqlarına uyğundur”, - deyə Lavrov bildirib.
Rusiyalı nazir qeyd edib ki, təşkilatdan çıxmaq “indiki Ermənistan rəhbərliyinin suveren hüququdur”.
“Rusiya və KTMT-nin digər üzvləri İrəvana qapıları bağlamaq kimi qəbul ediləcək heç bir addım atmayıb və atmaq niyyətində deyilik”, - deyə Lavrov əlavə edib.
Paşinyan deyir KTMT-dən çıxırıq, artıq geridönməz mərhələdəyik, Lavrov isə deyir ki, təşkilatın katibliyinə belə bir sənəd daxil olmayıb. Kim doğru deyir?
“Bakı-Xəbər” qəzetinin sualına cavabında siyasi şərhci Azər Həsrət bildirdi ki, müşahidələr göstərir ki, Ermənistan uzun müddətdir KTMT-dən məsafəli davranır: "Özəlliklə də Ermənistan ikinci Qarsbağ müharibəsində KTMT-nin müharibəyə cəlb olunacağını gözləyirdi. Düşünürdülər ki, Ermənistan bu təşkilatın üzvüdürsə, KTMT Azərbaycana qarşı hərbi güc tətbiq etməlidir. Amma o vaxt açıq şəkildə KTMT-dən bildirildi ki, müharibə Ermənistan ərazisində deyil, Azərbaycanın suveren ərazilərində getdiyindən bu təşkilat hər hansı bir formada buraya müdaxilə edə bilməz. Ermənistan da bundan incidi və o vaxtdan da KTMT ilə məsafəli davranmağa başlayıb. Hazırda isə Ermənistan bu təşkilatla üzülüşmək mərhələsinə gəlib çatıb. Sadəcə, Azərbaycandan fərqli olaraq, Ermənistan belə məsələlərdə qəti və cəsarətli addımlar atmaqda çətinlik çəkir. Yəni Ermənistan hakimiyyəti müstəqil addımlar ata bilmir. Özlərinə tam olaraq əmin deyillər. Ona görə də baş nazir Nikol Paşinyan və başqa rəsmi şəxslər bu barədə açıqlama verir, amma bu ifadə edilənləri rəsmiləşdirmək üçün, görünür, addımlar atmayıblar. Əlbəttə, bu barədə rəsmi müraciət olsaydı bunun xəbəri mütləq ortaya çıxardı. Yəni belə bir rəsmi müraciət olsaydı, KTMT onu guzlətməzdi, açıq şəkildə bəyan edərdi və bundan bütün dünya xəbər tutardı.
Yeri gəlmişkən qeyd edək ki, qardaş Özbəkistan da KTMT-yə üzv olmuşdu və üzvlükdən çıxdı. Bu da gizli saxlanılmadı, həm üzvlüyə daxil olması, həm də çıxması barədə açıq şəkildə məlumat verildi. Yəni Sergey Lavrov düz buyurur ki, Ermənistan bu barədə rəsmi müraciət etməyib.
Amma bir şey də var ki, Rusiya Ermənistanın KTMT-dən çıxmasını istəmir. Ermənistan da başının üzərində təhlükəni hiss etdiyindən, KTMT-dən qərarli bir şəkildə, tez bir zamanda ayrıla bilmir. Hələlik bəyanatlar verirlər, şifahi şəkildə nələrsə deyirlər, toplantılarda iştirak etmirlər, məsafəli davranırlar, amma KTMT-dən çıxmaq haqqında müraciəti qurumun katibliyinə göndərmirlər. Hesab edirəm ki, hər iki tərəf düz deyir. Yəni Lavrov düz deyir ki, belə bir sənəd daxil olmayıb, Ermənistan hakimiyyəti də düz deyir ki, onlar çıxmaq istəyirlər. Amma hələ rəsmi müraciət yoxdur".
Dəniz NƏSİRLİ