Növbəti köç karvanı Cəbrayıl şəhərində...
Böyük Qayıdış proqramı üzrə Cəbrayıl şəhərinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
Trend xəbər verir ki, Cəbrayıl şəhəri bu gün 30 ailə olmaqla, 150 nəfərə qucaq açıb. Şəhərə qədəm qoyan ailələr sevinc göz yaşları ilə doğma yurdlarına qovuşublar. Onlar böyük coşqu ilə qarşılanıblar və Cəbrayıl şəhərində yaradılan gözəlliyi seyr ediblər.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Cəbrayıl şəhərində 163 ailənin, yəni 583 nəfərin daimi məskunlaşması təmin edilib.