Azərbaycan "Euro-5" standartla ilk benzin istehsalına başlayır...
Xalid Kərimli: “Biz nefti ixrac edirik, həmin ölkələr isə onu emal edərək bizə geri qaytarırlar”
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay "Euro-5" ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Son 70 ildə zavod 370 milyon ton neft emal edib.
Qeyd edək ki, 2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilib. 2023-cü ildə BNEZ-də neft emalı dərinliyi 98 % (2022-ci ildə - 96,3 %) təşkil edib. Zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.
Maraqlıdır, yanacaq təminatının daxili istehsal hesabına təmin olunması Azərbaycanda benzin qiymətlərinə necə təsir edəcək?
“Yerli istehsalın təşkili qiymətlərin endirilməsinə şərait yaradacaq, lakin son qərar yenə də SOCAR tərəfindən veriləcək”
Iqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, yerli istehsal zamanı SOCAR-ın benzinin hər tonuna düşən xərci azala bilər: “Daşınma xərclərinə qənaət ediləcək, xarici şirkət tərəfindən yüksək mənfəət marjası qoyulmayacaq. Bu zaman premium benzin qiymətlərinin daha yaxşı formalaşa bilər. Bu benzin markalarının baha olması idxal ilə əlaqələndirilir. Yerli istehsalın təşkili qiymətlərin endirilməsinə şərait yaradacaq, lakin son qərar yenə də SOCAR tərəfindən veriləcək”.
Ekspert hesab edir ki, premium benzinin yerli istehsalı qiymətə təsir edə bilər: “Məlumdir ki, Aİ-95 və Aİ-98 markalı benzinləri idxal edirik. Bu da Azərbaycanın idxal rəqəmlərini artırır. Hələ də 95 və 98, yəni premium markalı benzinlərin idxal edilməsi Azərbaycan üçün utancverici haldır. Halbuki, Azərbaycan şirkəti bundan qazanc əldə edə bilər. Bu baxımdan Aİ-95 markalı benzinin ölkə daxilində istehsalı mütləq şəkildə onun xərclərinə təsir edəcək. Biz nefti ixrac edirik, həmin ölkələr isə onu emal edərək bizə geri qaytarırlar. Burada xarici şirkətin mənfəət elementi, benzinin daşınma xərcləri və s. qiymət əlavələri var”.
Günel CƏLİLOVA